Şəhidlərimizin qanı bahasına, igid oğullarımızın qəhrəmanlıqları sayəsində, Ordu və xalqımızın birliyi, müzəffər Ali Baş Komandanımızın qətiyyəti və uzaqgörən hərbi, diplomatik siyasəti nəticəsində düşmən işğalından azad edilmiş Şuşada da bu gün həyat qaynayır. Prezidentin sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş Şuşada quruculuq, təmir-tikinti, bərpa işləri yeni vüsət alıb. “Xarıbülbül” musiqi festivalının hələ də xoş təəssüratlarını yaşayırıq.
Düşmən özünün utancverici məğlubiyyəti ilə heç cür barışmaq istəmir, hətta təxribatlara əl ataraq xam xəyallarından belə əl çəkmir. Lakin qalib Azərbaycan əsgəri bu gün sərhəddə mübariz keşikdədir, öz səngərində ayıq-sayıqdır və bütün təxribatların qarşısını mərdliklə alır.
Müdafiə Nazirliyinin Şuşadakı hərbi hissədə təşkil etdiyi “Sənə and içirik, Şuşa qalası!” adlı vətənpərvərlik tədbirində başı bəlalar çəkmiş qədim şəhərimizin qəhrəman müdafiəçiləri Vətən torpağının bir qarışını da belə düşmənə güzəştə getməyəcəklərini bir daha bəyan ediblər.
Şəhidlərin xatirəsi ehtiramla yad edildikdən sonra layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Şuşa şəhərinin zəngin tarixi ilə bağlı ətraflı məlumat verib. Bu şəhərdən pərvazlanan dünya şöhrətli elm, mədəniyyət xadimlərinin, görkəmli sərkərdələrin Vətənə həsr olunan mənalı ömür yollarından söhbət açıb. Ulu öndər Heydər Əliyevin həmişə Şuşa və şuşalılara yüksək qiymət verdiyini xatırladıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın yeni tarixinə ən parlaq, ən şərəfli səhifəni yazdığını iftixar hissi ilə tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi yaradıcı heyətinin təqdim etdiyi “Sənə and içirik, Şuşa qalası!” adlı ədəbi-bədii-xoreoqrafik kompozisiya igid döyüşçülərimizin böyük marağına səbəb olub.
Tədbir iştirakçıları Vətən Müharibəsi Qəhrəmanı kapitan Ramazan Hudulovu alqışlarla qarşılayıblar. O, Ali Baş Komandanla Bakıda, Hərbi qənimətlər parkında görüşünü yada salıb, həmin tədbirdə çıxış etdiyi anları ömür boyu unutmayacağını vurğulayıb.
Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, “Rəşadət” ordenli zabit Vilayət Quliyev iftixarla bildirib ki, Şuşaya doğru qalibiyyət yürüşümüzdə şəhidlər versək də, qarşımıza qoyulan vəzifələrin, döyüş tapşırıqlarının layiqincə yerinə yetirilməsinə nail olduq.
Birinci Qarabağ müharibəsinin qazisi, əslən şuşalı, illərlə Şuşa həsrəti ilə yaşasa da, Şuşanı görmədən dünyasını dəyişən Aqil Ağayevin oğlu, gizir Vüsal Ağayevin çıxışı tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
Düşmən əgər keçər isə səddimi,
Öldürülsəm, nə kədər, nə qəm olsun.
Şəhid deyib basdırmayın torpağa,
Qoy cəsədim qurda-quşa yem olsun!
Əməkdar artist Cahangir Qurbanov, Günay Qasımova, Mətləb Ağayev, Elçin Məmmədov, Nigar Rəhimova və Leyla Əliyevanın ifa etdikləri vətənpərvərlik mahnıları ilə Müzəffər Ali Baş Komandan, rəşadətli Ordumuz, qəhrəman Azərbaycan əsgəri, Vətənimizin gözəl guşələrindən olan Qarabağımız və mədəniyyət paytaxtımız Şuşanın gözəllikləri tərənnüm edilib.
Sənə and içirik, Şuşa qalası!
Analar qaralar geyməyəcəkdir!
Atalar qəddini əyməyəcəkdir!
Şuşa qalasına sancılan bayraq
Əsrlər ötsə də, enməyəcəkdir!
Tədbir başa çatanda Gövhər ağa məscidinin minarəsindən azan səsi ətrafa yayılıb.