Dövlət Film Fondunda kinorejissor Eldar Quliyevin şəxsi arxiv fondu yaradılıb

Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Dövlət Film Fondunda mərhum Xalq artisti, Dövlət mükafatı laureatı, kinorejissor Eldar Quliyevin (1941-2021) şəxsi arxiv fondu yaradılıb. Görkəmli sənətkarın arxivi ilə biz də tanış olduq.

Fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev arxiv sənədləri ilə bizi tanış edərək ətraflı məlumat verdi. Bildirdi ki, fonda görkəmli sənətkarın nadir fotoşəkilləri, əlyazmaları, çəkdiyi filmlərin ssenari mətnləri, afişaları və s. arxiv sənədləri daxil olub. Şəxsi arxiv fondunun yaradılması mərhum sənətkarın anadan olmasının 80 illiyinə ithaf edilib.

Cəmil müəllim deyir ki, bir müddət əvvəl Azərbaycan Televiziyasından gəlib görkəmli rejissorun şəxsi arxiv fondu ilə bağlı çəkiliş ediblər. Bir anlıq düşünürəm ki, görəsən, məndən əvvəl bu sənədlərə baxan müxbir hansı duyğuları yaşayıb. Bu düşüncəm də səbəbsiz deyil. Bir insan həyatı, bir rejissor ömrü və bir sənətkar taleyi yaşayır bu sənədlərdə. O sənətkar ki, Azərbaycanın kino tarixinə öz adını qızıl hərflərlə yaza bildi. Amma çox əfsus ki, həyatımızı bir kino lenti kimi yaşayıb başa vururuq. Kimə haçan “stop kadr” deyiləcəyi bəlli deyil. Eldar müəllimin lentə aldığı filmləri izləmək, bəzi ekran əsərlərinin çəkiliş prosesindən reportaj hazırlamaq imkanı yaşadığım üçün özümü xoşbəxt hiss edə bilərəm. Onun iş üsulu, özünəməxsus jest və hərəkətləri, aristokrat duruşu sənədlərə baxa-baxa gözlərim önündə canlanır. İlk baxışdan bir qədər çətin, bir az sərt görünə bilərdi, amma Eldar müəllim səmimi insan idi...

Öncə filmlərlə bağlı sənədlərə baxırıq. Qarşımızda “Nizami” (1982) filminin rejissor ssenariləri var. Rejissor Nizami Gəncəvinin obrazını dolğun verməyə çalışıb, dahi şairi yaşadığı dövrdə Azərbaycan sosial-siyasi həyatının ab-havasını, insan münasibətlərinin mürəkkəb dünyasını təqdim etməyə nail olub.

Cəmil Quliyev deyir ki, sənədlər rejissorun kinostudiyadakı iş otağından əldə edilib: “Hər sənəd bir tarixdir. Görkəmli kino xadimlərinin şəxsi arxiv fondlarının yaradılması layihəsi çərçivəsində onların həyatı və yaradıcılığı ilə bağlı müxtəlif materiallar toplanır, çeşidlənir və sistemə daxil edilir. Dövlət Film Fondunda hazırda görkəmli sənətkarlara məxsus 50-yə yaxın şəxsi arxiv fondu qorunur. Burada hətta bəzi bəstəkar, yazıçı, müğənni və vaxtilə yolu kinodan keçən sənətkarların da arxivi qorunmaqdadır. Bu fondlar bizim əməkdaşların təşəbbüsü ilə yaradılıb və sənətkarların ailə üzvləri bizə dəstək olaraq bu fondların zənginləşməsinə yardımçı olublar”.

Direktor deyir ki, unudulmaz rejissorun şəxsi arxiv fondunda hazırda 80 foto və 30-a yaxın sənəd var. Bir müddətdən sonra bu arxiv daha da zənginləşəcək.

Rejissorun şəxsi fondu ilə tanış olduqca “sənətkar gedər, sənət yaşayar” deyimini xatırlayıram və bu fotolar və sənədlərin bir daha deyilən fikri sübut etdiyi qənaətinə gəlirəm. Ötən əsrin 70-ci illərindən bu günümüzə körpü salan kağız parçaları həm də kino tariximizin qiymətli səhifələridir...

1960-1966-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (Rusiya) Rejissorluq şöbəsində Sergey Gerasimovun kursunda təhsil alan Eldar Quliyev Azərbaycanın kino salnaməsini zənginləşdirən kino xadimlərimizdəndir. Sənətkar 1969-cu ildə ilk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü rejissor kimi təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

1979-cu ildə “Babək” filmini çəkib ki, həmin ekran əsəri də peşəkarlıq səviyyəsinə, kütləvi və döyüş səhnələrinin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli işlərdən geri qalmırdı. Həmin illərdə “Babək” filmi 52 ölkə tərəfindən satın alınmışdı. Bunlarla yanaşı, rejissor “Ən vacib müsahibə”, “Var olun, qızlar”, “Ürək… Ürək…”, “Nizami”, “Sevinc buxtası”, “Nə gözəldir bu dünya”, “Girov”, “İstanbul reysi”, “Dərvişin qeydləri” və s. filmlərə də quruluş verib.

LALƏ