Azərbaycanın Əməkdar artisti, Sankt-Peterburqdakı Mariinski Teatrının solisti Regina Rüstəmova Saratov şəhərində 34-cü Sobinov musiqi festivalı çərçivəsində təşkil olunan vokalçıların müsabiqəsində uğur qazanıb.
Münsiflər heyətinin rəyinə görə, Regina Rüstəmova (metso-soprano) 12 gənc opera müğənnisi arasında birinci olub.
Beynəlxalq müsabiqələrin laureatı olan Regina Rüstəmova 2008-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının opera ifaçılığı sinfini bitirib. Mikkelidə (Finlandiya) Mariinski Teatrının Beynəlxalq yay akademiyasında təhsil alarkən Yelena Obraztsova, Makvala Kasraşvili, Vladimir Atlantov, Larisa Gergiyevanın ustad dərslərində, konsertlərdə iştirak edib.
2008-ci ildən Mariinski Teatrının “Gənc opera müğənniləri akademiyası”nın solistidir.
Saratov şəhərində məşhur rus tenoru Leonid Sobinovun (1872 –1934) xatirəsinə həsr olunan Ümumrusiya musiqi festivalının əsası 1986-cı ildə qoyulub. Festivalın müsabiqə proqramı Rusiyada nüfuzlu vokal yarışlarından biridir.