Bu ilin ilk ayı ərzində Azərbaycanın Naxçıvan Muxtar Respublikasına 126 min 314 nəfər turist gəlib ki, bunun da təxminən 64 min nəfəri xarici ölkə vətəndaşlarıdır. Bu barədə məlumat verən muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Gülbuta Babayevanın sözlərinə görə, Duzdağ Fizioterapiya Mərkəzi, “Şahbuz” Dövlət Təbiət Qoruğu və Zəngəzur Milli Parkı turistlərin ən çox sevdiyi məkandır.
   
   Naxçıvanda ekoloji turizmin inkişafı üçün tələb olunan şərait mövcuddur və bölgə tarix-mədəniyyət abidələri ilə tanınır. Burada 1165 tarixi abidə var. Müalicəvi mineral sular bronxial astma, sinir sistemi xəstəliklərinin müalicəsində geniş istifadə edilir. Bütün bunlar xarici turistlərin geniş marağına səbəb olur. Onlar əsasən İran və Türkiyədən gələn turistlərdir.
   G.Babayeva bildirdi ki, Naxçıvan MR-də yaxın 2-3 il ərzində turizmin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində iki yeni turizm istirahət mərkəzi tikiləcək. Bölgədə fəaliyyət göstərən istirahət mərkəzlərində və turizm şirkətlərində bir günlük istirahətin qiyməti 10-15 manatdan 300-400 manatadək dəyişir. Bu qiymətə turistin qaldığı yerin şəraiti, yeməyi, əlavə müalicə xidmətləri, idmanla məşğul olmaq imkanı və digər xidmətlər daxildir. Naxçıvanda bütün sosial təbəqələrə xidmət göstərən istirahət mərkəzlərində demək olar ki, boş yerlər olmur. Bütün hotellərin saytları var.
   G.Babayeva bildirdi ki, Naxçıvan MR-in turizm saytı da hazırlanıb. Saytın yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir.

   Fəxriyyə Abdullayeva