Mingəçevir Dövlət Dram Teatrı “Nizami Gəncəvi İli”nə töhfə olaraq yeni layihə – “Xırda söhbətlər” adlı nəqli tamaşa hazırlayıb.
Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “İki rəqib alimin hekayəti”, “Firidunla ceyranın hekayəti”, “Harun Ər-Rəşidlə dəlləyin hekayəti” əhvalatlarının səhnə redaksiyası əsasında hazırlanan tamaşanın müəllifi teatrın rejissoru Cavid Təvəkküldür.
Meydan teatrı ənənəsində quruluş verilmiş “Xırda söhbətlər” müasir teatrın nəqli tamaşa janrında kiçik səhnə üçün nəzərdə tutulub. Pandemiya şəraitində hələlik tamaşa zalında nümayişin mümkün olmadığı nəzərə alınaraq, tamaşa sosial mediada yayımlamaq üçün hazırlanıb. Tamaşada teatrın gənc aktyorları Paşa Salmanov, Turqut Məsimli, Elvin Əkbərli yer alıblar.
Səhnə əsərinin sosial media və internet kontenti üçün lentə alınması paytaxtdan dəvət olunmuş peşəkar operator Elman Əliyev və səs rejissoru Mehman Məmmədov tərəfindən həyata keçirilib. Tamaşanın montajını bir sıra film və serialların montaj rejissoru Elçin Elxanlı Bakıdakı “Render Edit Studio”da öz öhdəsinə götürüb.
“Xırda söhbətlər” nəqli tamaşası Mingəçevir Dövlət Dram Teatrının bu mövsümdə müasir teatr standartlarına cavab verən ikinci layihəsidir. Birinci layihə ötən ilin sentyabrında Şamaxıda Orta əsrlərə aid Kələxana türbələri fonunda oynanılan “Sara” tamaşası idi. Azərbaycanda ilk dəfə olaraq təbii dekorasiya (tarixi abidə) ilə hazırlanan tamaşanın premyerası internet üzərindən yayımlanmışdı.
Layihənin rəhbəri teatrın direktoru Anar Quliyev, bədii rəhbəri isə Səxavət Məmmədovdur.
Tamaşanı bu linkdə izləmək olar: https://www.facebook.com/watch/live/?v=480827703007954&ref=watch_permalink