Dünya şöhrətli xoreoqraf BXA-ya təcrübə və təkliflərini gətirib
Xəbər verdiyimiz kimi, Rusiyanın Əməkdar incəsənət xadimi, Mariinski Teatrı Primorsk səhnəsinin (Vladivostok şəhəri) baş baletmeysteri Eldar Əliyev Bakıda səfərdədir. Məşhur xoreoqraf soydaşımız Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ustad dərsləri keçmək üçün dəvət olunub. İyunun 12-də Eldar Əliyevlə Bakı Xoreoqrafiya Akademiyasında (BXA) görüş keçirildi.
BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli sənətkarı pedaqoji heyətlə tanış etdi. Akademiyanın fəaliyyəti haqqında qonağa məlumat verən prorektor təhsil müəssisəsinin elmi və akademik kadr potensialı, son dövrdə həyata keçirilən islahatlar və cəlb edilən peşəkar heyət barədə söz açdı. O, təhsil ocağının gələcək planları və tədris prosesi barədə fikirlərini bölüşərək Eldar Əliyevin BXA ilə bağlı təkliflərini də diqqətə çatdırdı. Vurğuladı ki, Rusiya ali təhsil müəssisələri və BXA arasında tələbə-müəllim mübadilə proqramları, birgə konfranslar və layihələr həyata keçirmək olar.
Görüşdə BXA-nın rəhbər və pedaqoq heyəti Azərbaycanda xoreoqrafiya təhsili sahəsində yeniliklər və problemlərdən də danışdılar. Tələbələrin mübadiləsi, təhsilin keyfiyyəti mövzusunda müzakirələr aparıldı. Tanınmış xoreoqrafın təcrübəsinə və təkliflərinə hər zaman ehtiyac duyulduğu qeyd olundu. Bu kontekstdə pedaqoji seminarların zəruriliyi vurğulandı.
Eldar Əliyev səmimi görüşə görə akademiyanın rəhbərliyinə təşəkkür edərək BXA-nın Rusiyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərinin daha da inkişafı üçün dəstək göstərəcəyini dedi. O, dünyanın balet məktəbləri ilə əlaqələrin qurulması barədə də təkliflərini irəli sürdü. Diqqətə çatdırdı ki, əməkdaşlıq zamanı pedaqoqların seçiminə xüsusi yanaşılmalı, daha çox pedaqoqlar və tələbələrin iştirakı ilə birgə seminar və ustad dərslərinə üstünlük verilməlidir.
Görüşdə Azərbaycanda xoreoqrafiya təhsili sahəsində qanunvericilik, idarəetmə, balet sənətinin inkişafı ilə bağlı proqramların günün tələbinə cavab verməsi məsələləri də müzakirə edildi. Eldar Əliyev Moskva Dövlət Xoreoqrafiya Akademiyasının filiallarının fəaliyyəti ilə bağlı məlumat verdi. Yaxın gələcəkdə həyata keçirilə biləcək birgə tədbirlər haqqında da ətraflı fikir mübadiləsi aparıldı. Əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə edildi. Eldar Əliyev BXA-nın rəhbərliyinə xatirə hədiyyələri təqdim etdi.
Görüşdən sonra BXA-nın şagird və tələbələri qonağın şərəfinə konsert proqramı ilə çıxış etdilər. Klassik şöbənin tələbələri modern rəqs (pedaqoq və quruluş Yelena Çernousova), Milli rəqs kafedrasının tələbələri C.Cahangirovun “Zəriflik” rəqsi (pedaqoq, Əməkdar artist Səbinə Qasımova), tələbələrdən Aza Nurullayeva “Qu gölü” (P.Çaykovski) baletindən variasiya (pedaqoq, Xalq artisti Kamilla Hüseynova), Roza Zeynalova “Tənhalıq” (V. Mustafazadə) kompozisiyasını (pedaqoq və quruluş Y.Çernousova), Klassik rəqs kafedrası şagird və tələbələri isə L.Bethovenin “Müqavimət” (pedaqoq və quruluş Əməkdar müəllim Pullumb Aqalıyay) əsərini təqdim etdilər.
Sonda Əziz Qarayusifli qonağa təşəkkürnamə təqdim etdi.
Qeyd edək ki, Eldar Əliyev Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbini (indiki BXA), daha sonra Rusiya Balet Akademiyasını bitirib. 1979-1992-ci illərdə Leninqrad (Sankt-Peterburq) şəhərindəki Kirov adına (indiki Mariinski) Teatrın balet truppasının solisti olub. Bir çox klassik balet tamaşalarında əsas partiyaları uğurla ifa edib, dünyanın 40-dan çox ölkəsinə qastrola gedib. Bir müddət ABŞ-da çalışıb. 2016-cı ildən Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteridir. Bu il Rusiyanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Lalə AZƏRİ