Bir qrup uşaq bir-birinə bu xəbəri verə-verə Zabitlər bağının girişindən mərkəzdəki meydana tərəf yüyürürdü. Parkın ortasında qurulan səyyar manej və əsl bayram ovqatı yaradan orkestrin canlı ifası, əslində, böyükləri də ora dartırdı.

Mənzərə seyr etməyə dəyərdi. Çünki nə parkın içindəki gözəgəlimli məkanlardan yayılan dadlı təamların qoxusu, nə də rəngarəng attraksionların cəlbedici çağırışı çoxluğun diqqətini belə cəlb etmirdi.

Budur, qısa zamanda tamaşaçılar maneji dövrəyə aldılar. Sevinən və ən ön sıraya tələsən uşaqlar, az qala onlara aman verməyən böyüklər kənardan baxılmağa dəyər mənzərə idi. Deməli, insanlar ilyarımdır davam edən pandemiya şəraitində səhnə, manej, sənət nümayişi üçün çox qəribsəyiblər.

Bu tədbirin həyəcanlıları təkcə tamaşaçılar deyildi. Səbəbkarlar – 75 yaşını tamaşaçıları arasında qeyd edən Bakı Dövlət Sirkinin köhnə-yeni heyəti də eyni hissləri bölüşürdülər. Xüsusən də yenilənmiş, daha doğrusu, yenidən təşkil olunmuş milli sirk truppasının üzvləri. Odur ki, şırma arxasından gah manejə, gah da ətrafdakılara həyəcan qarışıq sevinclə göz gəzdirir, son qısa baxış-məşqlərini edirdilər.

Pandemiyanın kütləvi tamaşaçını teatr-konsert müəssisələrinə həsrət qoyduğu bu ağır məqamda meydan tədbiri, xüsusən də sirk nümayişi lap göydəndüşmə idi və tamaşaçılar yeni heyətdən çox şey gözləyirdi.

Aparıcı elan edir və görəcəklərini telefonlarının yaddaşına köçürüb başqalarına da göstərmək istəyənlərin müşayiətində yubiley tədbir-konsertinə start verilir. Bakı Dövlət Sirki yenidən təşkil olunan milli truppasını tamaşaçı qarşısına çıxarır.

12 iyun tarixinin seçilməsi də təsadüfi deyil. Çünki 75 il öncə bu gün ilk milli truppa sirk adlı qədim və əsrarəngiz səhnə sənəti ilə tamaşaçını peşəkar səviyyədə tanış edib. 1946-cı il iyunun 12-də dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycanın ilk peşəkar sirk kollektivinin premyerası – “Azərbaycan toyu” adlı bədii-etnoqrafik tamaşa nümayiş olunub. Proqramın rejissoru Soltan Dadaşov, bəstəkarı Səid Rüstəmov, baletmeysteri Əminə Dilbazi, mətnin müəllifi Süleyman Rüstəm olub. Tamaşada pəhləvan Sali Süleyman, akrobat Fuad Nəzirov, kəndirbaz Rza Əlixan, atlet Qasım Abdullayev və başqaları çıxış ediblər.

Bizi o tarixdən ayıran zaman kəsiyində bir neçə dəfə truppası formalaşan, maraqlı və yaddaqalan proqramları ilə bu unikal sənəti milyonlarla tamaşaçıya sevdirən yubilyar Bakı Dövlət Sirkinin yeni heyət və truppası iddialıdır.

Proqramda sirk sənətinin janrlarına aid olan biri-birindən maraqlı nömrələrə yer verilmişdi. Tamaşaçılar ənənəvi sirkin ən maraqlı, baxımlı elementlərindən ibarət nömrələr izlədilər.

Əslində, cüzi qüsurları nəzərə almasaq, ilk təqdimatı uğurlu hesab etmək olar. Bir az da universal. Bir növ bütün yaş qruplarında tamaşaçı üçün baxımlı və maraqlı.

Milli truppanın çıxışlarını Bakı Dövlət Sirkinin orkestr heyəti canlı olaraq müşayiət edirdi. Bu da nümayişi bir az da templi hiss etdirirdi. Tamaşaçılar Əməkdar incəsənət xadimi Azad Quliyevin rəhbərliyi ilə Azərbaycan və xarici musiqilərin sintezindən ibarət mini konsert proqramını da maraqla dinlədilər.

Yarım saata yaxın sürən proqramda Bakı Dövlət Sirkinin 47 nəfərlik  yaradıcı heyəti iştirak edirdi ki, onların arasında yaddaqalan nömrələri xüsusilə qeyd etməliyəm. Məsələn, uşaqlar alov şou və sehrbaz nömrələrinə yenə də heyranlıqla tamaşa etdilər. Jonqlyor və akrobatlar da səhnəni ələ almaq və bütün tamaşaçılara xitab etmək üçün əllərindən və ayaqlarından gələni etdilər. “Kauçuk qız” nömrəsi də baxımlı və estetik alınmışdı.

Ümumən, uzun fasilədən sonra tamaşaçı ilə canlı və sirk estetikası baxımından ənənəvi olmayan formada qarşılaşan aktyorların çıxışları gərgin məşqin nəticəsi kimi alqışlanmalıdır. Onlar üzərlərinə düşən işi texniki həll baxımdan da qüsursuz icra etməyə çalışdılar.

Truppaya yeni dəvət olunan və artıq özünəməxsus tamaşaçı auditoriyası toplayan keçmiş-indiki  pantomimçilərin çıxışları da baxımlı idi. Bu, yeni olmasa da, tamaşaçılar üçün peşəkar teatr elementləri ilə sirkin sintezi baxımından yaxşı düşünülmüşdü.

Proqramın sonunda orkestrin ifasında “Azərbaycan cəngisi”nin cazla sintezi və o musiqinin sədaları altında tamaşaçı alqışı səhnədə-manejdə baş verənlərdən məmnunluğun nümayişi idi.

Yəqin bundan sonra 12 iyun tarixi Bakı Dövlət Sirki üçün növbəti əlamətdar hadisə – mədəniyyət ocağının 4-cü dəfə formalaşdırılan milli truppasının ilk çıxışı kimi də yadda qalacaq və onu daha maraqlı proqramlara həvəsləndirəcək.

Həmidə NİZAMİQIZI