Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının yetirmələri üçün növbəti ustad dərslərinə start verilir.
Teatrın mətbuat xidmətindən bildirilib ki, mütəmadi olaraq aktyorluq sənəti, xoreoqrafiya, vokal, pantomima və bu kimi səhnə vərdişləri ilə bağlı ixtisaslaşmış kadrların apardığı dərslər növbəti mərhələdə davam edəcək.
Studiya rəhbərliyi bu dəfə səhnə və nitq mədəniyyəti, Azərbaycan ədəbi dil qaydalarına riayət olunmasını əsas götürüb. Peşəkarlar uşaqlara dilimizin zənginliyini düzgün danışma və nitq vərdişlərini aşılamaqla göstərəcəklər.
Dərsləri televiziya və radio məkanında tanınan simalar aparacaqlar. Uşaqlar Emin Musəvi, Lalə Azərtaş, Azər Qismət və Azər Süleymanlıdan nitq vərdişləri ilə yanaşı, televiziya və radio aparıcılığını da öyrənməyə çalışacaqlar.
Ustad dərsləri iyun-iyul aylarını əhatə edəcək.