Ölkəmizdə koronavirus pandemiyası ilə bağlı qadağalarda müəyyən yumşalmalar olsa da, bu, hələlik teatr və kino nümayişi müəssisələrinə şamil edilməyib. Teatrsevərlər böyük səhnəyə, kinomanlar isə böyük ekran həsrətinin bitəcəyi günü səbirsizliklə gözləyirlər.

Məlumdur ki, açıq havada kiçik miqyasda mədəni-kütləvi tədbirlərin keçirilməsinə başlanılıb. Paytaxtın aparıcı kino məkanlarından olan Nizami Kino Mərkəzi ilə əlaqə saxlayıb açıq havada film nümayişləri ilə maraqlandıq. Mərkəzin direktor müavini Arzu Əhədova bildirdi ki, yaxın günlərdə “Səyyar kinoteatr” layihəsinə start veriləcək. Layihə Nizami Kino Mərkəzi və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə iyunun sonundan  etibarən həyata keçiriləcək. “Səyyar kinoteatr” layihəsi çərçivəsində karantin şərtlərinə uyğun olaraq Azərbaycanın bir neçə bölgəsində kino nümayişləri təşkil ediləcək.

Layihənin əsas məqsədi ölkəmizin regionlarını gəzərək gəncləri müasir Azərbaycan kinosu ilə tanış etmək və onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün şərait yaratmaqdır. Film nümayişləri ilə yanaşı, təqdim ediləcək ekran əsərlərinin yaradıcı heyəti və kino sənəti mütəxəssisləri ilə görüş və təlimlər nəzərdə tutulub. Yay mövsümü boyu kinosevərlərə hər həftə Azərbaycanın müxtəlif bölgələrində fərqli janrda olan filmlər təqdim olunacaq.

Tamaşaçılar filmləri ödənişsiz izləyə bilərlər. Filmlərin nümayiş tarixi və bölgələr haqqında qısa zamanda Nizami Kino Mərkəzinin və “Davam” Gənclər Hərəkatının sosial şəbəkə hesablarında məlumat veriləcək.

***

“CinemaPlus” kinoteatrlar şəbəkəsi isə kinomanlar üçün yeni layihə ərsəyə gətirib. Şamaxı şəhərində yerləşən “Abqora” restoranında “Meysəri” şərab brendi ilə “CinemaPlus”un birgə layihəsi olan “Open Air Cinema”da qonaqlar hər həftəsonu açıq havada, təbiətin qoynunda yeni filmləri izləyə biləcəklər. Layihə regionda həyata keçirilsə də, paytaxt sakinləri tərəfindən də böyük maraqla qarşılanıb.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə heyətinin sədri Zaur Darabzadədən “Open Air Cinema” layihəsinin paytaxtda nə zaman reallaşacağını soruşduq. Baş direktor bildirdi ki, bu, tam peşəkar bir kinoteatrdır: “Sadəcə, həmin restoran bizə öz ərazisində imkanlar yaratdığı üçün layihəni həmin ərazidə həyata keçirməyə qərar verdik. Bakıda da belə layihələr nəzərdə tutulub. Xatırlayırsınızsa, biz hələ ötən il bu yöndə bir layihə həyata keçirməyə çalışırdıq. “AvtoCinema” adlı layihənin anonsunu vermişdik. Bakıda məhz bu layihə gerçəkləşdikdən sonra digər layihəni təqdim edəcəyik. “AvtoCinema” layihəsində kinoteatr açıq havada giriş və çıxışı olan böyük avtopark sahəsini xatırladır. İnsanlar şəxsi avtomobillərində əyləşərək böyük ekranda filmləri izləyəcəklər. Çalışdıq ki, “Open Air Cinema” bir pilot layihə kimi regionda sınaqdan keçirilsin və daha sonra maraq və istəkləri nəzərə alaraq bu təcrübəni paytaxta köçürə bilək. Bu layihə pandemiya şəraiti ilə əlaqəli deyil, adi vaxtlarda da davam etdirilə bilər. İnanıram ki, kinosevərlərimiz yeni layihə vasitəsilə filmlər izləmək imkanı qazanacaqlar”.

Qeyd edək ki, “Open Air Cinema”da filmlər və seanslar haqqında məlumatı “CinemaPlus”un sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Lalə AZƏRİ