“Azərbaycanın yeni turist marşrutlarını kəşf edək” layihəsinin ilk mərhələsi zəngin təəssüratla yadda qaldı
   
   Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycanın yeni turist marşrutlarını kəşf edək” adlı layihəyə start verdi. 27 sentyabr - Dünya Turizm Gününə həsr olunan layihənin ilk marşrutu sentyabrın 3-5-də mətbuat təmsilçilərinin də iştirakı ilə rəsmən təqdim edildi.
   
   “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərinə əsasən, ekstremal turizm növünün inkişafı və təbliğatı məqsədilə həyata keçirilən layihə çərçivəsində turizm marşrutu Quba rayonundan Şamaxı rayonuna qədər olan dağ və çay yolları idi. Ekstrim turda Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin əməkdaşları, daxili turizmlə məşğul olan turist şirkətlərinin nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri - ümumilikdə 40-dan çox iştirakçı yer almışdı.
   Marşrut Mədəniyyət və Turizm Nazirliyi ilə Bakı Professional Off-Roaderlər Klubunun (club 4x4) birgə təşkilatçılığı, “MBASK” sığorta şirkətinin, “İnter diaqnostika” tibb mərkəzinin, “Nazlı bulaq” istirahət və “Dağlar qoynunda” ailəvi istirahət mərkəzlərinin dəstəyi, “Xəzər fast food” kafesinin və “Red Bull”un sponsorluğu ilə həyata keçirilirdi.
   
   “Azadlıq” meydanından başlanan start
   
   Yürüşdən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov mətbuata açıqlamasında bildirdi ki, son illər Azərbaycanın turizm sahəsində turizm imkanlarının təbliğ edilməsi, daxili turizmin inkişafı və turizm xidməti infrastrukturunun qurulması sahəsində böyük işlər görülüb: “Hazırda bu işlər davam etdirilməkdədir. Turizm sektoru prioritet sahəyə çevrilir. Bu turizm marşrutu da Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinə paket şəklində təqdim ediləcək”.
   Beləliklə, 12 CİP markalı maşından ibarət avtomobil karvanı sentyabrın 3-ü saat 15-də Bakının “Azadlıq” meydanından start götürdü.
   
   Qədim Şabran - tunc dövrünün yaşayış məskəni
   
   Ekstremal turizm marşrutunda ilk dayanacaq qədim Şabran şəhərinin ərazisi oldu. Burada qonaqlara məlumat verildi ki, ərazidə ilk arxeoloji qazıntılar 1935-1939-cu illərdə Şabran çayı ətrafında, birinci Bakı su kəmərinin çəkilişi ilə əlaqədar aparılıb. Arxeoloji tədqiqatlar zamanı orta əsrlərə aid kürələr, hamam yerləri, saxsı qablar və s. tapılıb. Qazıntılar zamanı şəhərin əhalinin ən sıx məskunlaşdığı ərazisi, Şabranın çiçəklənmə dövrü olan IX-XIII əsrə aid mədəni qat aşkarlanıb. İki qala divarı tapılıb. Qala divarları Şahnəzərli kəndi ərazisində aşkar edilib.
   Şabran Azərbaycanda qədim yaşayış məskənlərindən biri olub. Ərazidə insanların məskunlaşmasını sübut edən maddi qalıqlar eramızdan əvvəl II minilliyin sonu - I minilliyin əvvəllərinə aiddir. Şabran çayı ətrafında bu dövrə aid saxsı qab nümunələri aşkarlanıb. Bundan başqa, həmin yerdən kurqanlar və daş heykəllər də tapılıb. Bunlar isə tunc və ilk dəmir dövrünə aid olan abidələrdir. Turizm marşrutunun bu dayanacağında turistlərə Şabran şəhərinin qədim dövrə aid xəritələrdə əksini tapdığı barədə də məlumat veriləcək. Ptolomeyin eramızın II əsrinə aid xəritəsində təsvir olunmuş şəhərlərdən birinin - Telebanın məhz Şabran olduğu ehtimal edilir.
   
   Quba rayonu - Cümə məscidi və Soyqırımı məzarlığı
   
   Marşrutun növbəti dayanacağı Quba şəhəridir. Burada “Azərbaycanın yeni turist marşrutlarını kəşf edək” layihəsinin iştirakçılarını Quba Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elxan Məhərrəmov qarşıladı. Rayonda XIX əsrə aid olan Cümə məscidi və Quba soyqırımı məzarlığı ziyarət edildi. Soyqırımı məzarlığında iştirakçılara 7 dildə nəşr olunmuş məlumat kitabçaları paylandı. Gələcəkdə Quba-Şamaxı dağ yolu marşrutundan istifadə edəcək xarici turistlər ermənilərin 1918-ci ildə Qubada törətdikləri qırğınların tarixi ilə yaxından tanış olacaqlar. Qeyd edək ki, hazırda məzarlıqda “Soyqırımı muzeyi” inşa edilir.
   Ekstremal turizm marşrutunda iştirak edən heyət axşam Quba rayonunun “Nazlı bulaq” istirahət mərkəzində yerləşdi. Səhər isə heyəti dağlardan və çaylardan keçən yollar gözləyirdi.
   
   Peşəkar hazırlıq

   
   Sentyabrın 4-ü səhər saat 7-də heyət Şamaxı istiqamətində yola çıxdı. Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun əməkdaşı Cəfər Qarayev hamıdan öncə səhra geyimində idi. CİP-lərin sürücülərinin - “4x4” klubunun üzvlərinin peşəkarlığı irəlidə dağların arasından, çayların içindən keçən aşırımlı, palçıqlı yollarda bilinəcəkdi. Səfər həyəcanını isə yalnız “Red Bull”la söndürmək mümkün idi. Səfərə hazırlıq işləri yüksək səviyyədə idi. Maşınlarda qabaq oturacaqda oturan şturmanlar və marşrutun patrulu iddialı görünürdülər. Bundan əlavə, səfər boyunca bütün maşınların bir-biri ilə rabitə əlaqəsi, ehtiyat qida, bolluca su və digər lazım olan tədarüklər layihənin peşəkar təşkilatçılığından xəbər verirdi.
   
   Təngi dərəsi və Xaltan aşırımı
   
   Dağ yolunda ilk dayanacaq Quba rayonunun Təngialtı kəndi oldu. Təngi dərəsi isə gözəlliyi ilə hamını heyran etdi. Bu məntəqədə yolun qırağında Şamaxı rayonu istiqamətini bildirən nişan-lövhə vuruldu. Lövhə Quba-Şamaxı ekstremal turizm marşrutunun istiqaməti barədə məlumat verirdi. Lövhə qarşısında şəkil çəkdirən heyət dağ yolları ilə Quba rayonunun Xaltan kəndinə qədər hərəkət etdi. Xaltan kəndində ilk ekstremal vəziyyət yarandı. Maşınlardan biri yolun ortasındakı dərəyə sürüşdü. Yedəyə qoşulan maşın kənd sakinlərinin alqışları altında dərədən çıxarıldı. Bu mənzərəni kənd camaatı da maraqla izləyirdi. İrəlidə isə bizi Xaltan aşırımı gözləyirdi. Maşınlar növbə ilə aşırımı keçdilər. Bununla da “4x4” klubunun CİP sürücüləri öz peşəkarlıqlarını nümayiş etdirdilər. Şturmanların göstərişləri də sürücülərin köməyinə çatırdı. Xaltan aşırımından sonra heyət nahar fasiləsinə dayandı. Yolboyu və nahar zamanı heyət “Ekologiyanı qoruyaq” şüarına riayət edirdi.
   
   Arxada qalan həyəcanlı yollar
   
   Nahar fasiləsi və istirahətindən sonra, saat 14.30-da heyət yenidən yoluna davam etdi. Digər və daha bir ciddi ekstremal vəziyyət yarandı. Qoşquya qoşulan avtomobil dağı çıxarkən arxa təkərlərindən birinin oxu qırıldı və çarx yerindən çıxdı. Patrulun və şturmanların cəldliyi sayəsində avtomobil yerindəcə saxlanıldı. Təkərlərin altı daşlarla bərkidildi. Ehtiyat hissəsinin gəlməsini gözləmək lazım olduğu üçün patrul və sürücü maşının yanında qaldılar, digər heyət isə yola düşdü. Xarab olmuş CİP-in sərnişinləri digər maşınlara yerləşdirildi. İrəlidə isə heyəti çay içindən keçən mürəkkəb yol gözləyirdi. Bu yolları da CİP-lər palçığı eşə-eşə, sürüşə-sürüşə həyəcanla başa vurdular. Artıq Şamaxı rayonunun kəndləri görünürdü. Çətin yollar isə arxada qaldı.
   
   Çuxuryurdda növbəti nişan-lövhə
   
   Şamaxı rayonunun Qızmeydan və Çuxuryurd kəndlərinin torpaqlı yolları CİP maşınlarının təkərləri altında toz dumanı yaradırdı. Kənd sakinləri bu yürüşə maraqla tamaşa edirdilər. Maşın karvanı Şamaxıdan Pirquluya gedən asfalt yolda dayandı. Burada da Quba istiqamətini göstərən nişan-lövhə vuruldu.
   Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafı sektorunun müdiri M.Qəhrəmanov aşırımlı yolun uğurla başa çatdırılmasının sevincini mətbuat işçiləri ilə bölüşdü. O bildirdi ki, artıq “Azərbaycanın yeni turist marşrutlarını kəşf edək” adlı layihəsində ilk marşrut - Quba-Şamaxı ekstremal turizm marşrutu - rəsmən kəşf olundu: “Rəsmi təsdiqdən sonra biz bu ekstremal turizm marşrutunu turizm şirkətlərinə təqdim edəcəyik. Layihə çərçivəsində işlərimizi davam etdirəcəyik. Yeni turizm marşrutları üzərində çalışacağıq”.
   Heyət həmin gecəni Şamaxının “Dağlar qoynunda” istirahət mərkəzində keçirdi.
   
   Uğurlu finiş
   
   Sentyabrın 5-i heyət səhər yeməyindən sonra saat 10-da Şamaxıdan Bakıya doğru istiqamət götürdü. Qobustan rayonunda isə növbəti məntəqə ölkə əhəmiyyətli memarlıq abidəsi olan “Diri Baba” türbəsi oldu. Layihə iştirakçıları dövlət tərəfindən qorunan XV əsrə aid abidəni ziyarət etdilər. “Diri Baba" türbəsi Qobustan rayonunda, köhnə Bakı-Şirvan karvan-ticarət yolu üzərindəki böyük bir qayalıqda, oyulub-çapılmış boşluğun (mağaranın) içərisində tikilib. Pir və eyni adlı türbə öz adını orada dəfn olunmuş şəxs ilə əlaqədar olaraq, xalq arasında yayılmış rəvayətdən götürüb.
   “Diri Baba” türbəsi istər qayalarda yerləşməsi, istərsə də ümumi quruluşu və memarlıq ünsürləri cəhətdən Şirvan-Abşeron abidələri içərisində xüsusi yer tutur. Hazırda burada dəfn olunmuş şəxsin qəbirindən heç bir əlamət qalmayıb. Lakin ikinci mərtəbədəki salonda, dağın arasında ovulmuş bir yer var ki, bunun sərdabə olduğu güman edilir”. “Diri Baba” türbəsi haqqında bu məlumatları alan heyət Qobustan rayonundan Bakıya üz tutdu. Saat 13-də heyət “Azadlıq” meydanına çatdı. Bu isə Quba-Şamaxı ekstremal turizm marşrutunun finişi sayılırdı. Sonda heyət xatirə şəkli çəkdirdi.
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar