Tanınmış rəssam, qrafika ustası Ələkbər Ələsgər oğlu Rzaquliyev 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, İçərişəhərdə yaşayan və ticarətlə məşğul olan böyük bir ailədə boya-başa çatmış, uşaqlıqdan Şirvanşahlar sarayını, dar küçələri, Qız qalasını, qala divarlarını sevmiş və bu yerlərə ürəkdən bağlanmışdı.

İlk peşə təhsilini 1918-ci ildə daxil olduğu Real məktəbin nəzdindəki bədii studiyada almışdır. Studiyada rəsm sənətinin incəliklərini öyrənir, yağlı boya texnikasını dərindən mənimsəyir, professional təhsilini isə Bakı Rəssamlıq Məktəbində davam etdirir. Gənc rəssamın oxumaq həvəsi sonsuz idi. Bu səbəbdən 1925-ci ildə Moskvaya gedir və Ali Rəssamlıq Emalatxanasına daxil olur. O zaman həmin müəssisənin rektoru görkəmli qrafik-rəssam V.A.Farovski idi. Onun rəhbərliyi altında məktəbdə təcrübəli pedaqoji kollektiv formalaşmışdı. Gənc azərbaycanlı tələbə rəsm üzrə S.V.Gerasimov və M.S.Rodinovun, rəngkarlıq üzrə isə D.P.Şterenberqin sinfində oxuyur.

Hələ tələbə ikən Ələkbər Rzaquliyev özünü rəngkarlıqda sınayır, keçmişin xarakterik mənzərələrini təsvir edən rəsmlər çəkir. Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan “Azərbaycan qadını”, “Pəhləvanlar” əsərlərində rəssamın milli mövzu və ənənəvi süjetlərə, sadə insan obrazına marağı aşkar görünür. Qadın obrazında, eləcə də pəhləvanların döyüş səhnəsində o, məharətlə Şərq mövzusunun spesifik koloritini tətbiq edir və bununla yanaşı yeni ifadə formaları tapır.

Rəssamın erkən dövrdəki əsərlərində ona sonradan şöhrət gətirəcək cəhətlər – təbiilik, tamaşaçını doğma şəhərin atmosferinə qərq etmək bacarığı, milli ənənələrə hörmət, sadə bakılıların obrazına, onların gündəlik həyatına olan səmimi maraq əksini tapıb.

Uzun illər sürgün həyatı yaşayan (1928, 1937, 1949-cu illərdə həbs edilmişdi) Ə.Rzaquliyev böyük çətinliklərdən keçərək repressiya qurbanları arasında sağ qalanlardan biri olur. Sürgündə rəssam Berta adlı alman qızı evlənir. Bu evlilikdən onun Oqtay və Aydın adlı iki oğlu, Sevda adlı bir qızı olur. Stalinin ölümündən sonra minlərlə sürgün olunmuşlar azad edilir. Ələkbər Rzaquliyev də 1956-cı ildə vətənə qayıdır.

Dönüş ona çox ağır gəlsə də, rəssam sənətə olan ölməz məhəbbətini həyatı boyu qoruyub saxlayır, yaradıcılığına sadiq qalır. Sürgündə keçirilən illər onun yaradıcılığına böyük təsir göstərir. Oğlunun dediyinə görə, Şimal sürgünündə keçirdiyi ağır həyat şəraitindən sonra o, rəng duyğusunu belə itirir. Sonralar rəssamın sənət dostu Rasim Babayev onun karandaşla çəkilən əsərlərini görüb ona qrafika alətlərini hədiyyə edir. Bir müddətdən sonra isə o dərk edir ki, onun sənət yolu məhz qrafikadır.

Fırça ustası estamp texnikasını dərindən mənimsəyir və linoleum üzərində qravürə üstünlük verməyə başlayır. Estampların yaradılması çox zəhmət tələb edən və mürəkkəb prosesdir, lakin bununla belə linoqravürlərin hazırlanması texnikasını mükəmməl öyrənmişdi. Gecə-gündüz çalışaraq, ağlasığmaz iş qabiliyyəti nümayiş etdirir, gözəl qravürlər yaradır. 400-dən çox linoqravür müəllifi olan   Ə.Rzaquliyev bu sənətdə özünəməxsus orijinal bir üslub yaratmışdı.

1960-cı illərdə Ə.Rzaquliyev məşhurlaşır. Rəssamın yaradıcılığında yeni mərhələ sosial və mədəni həyatda başlayan tərəqqi dövrünə təsadüf edir. Qravürləri Bakının bədii sərgilərində nümayiş etdirilir. Rəssam ən sevimli mövzusu olan “Köhnə Bakı” seriyasından olan ağ-qara linoqravürlərində böyük ustalıqla şəhərin köhnə həyatından səhnələri əks etdirib. Qrafik təsvirlərin monoxromluğuna rəğmən bu işlər çalarların zənginliyi, kompozisiyaların dolğunluğu, təkrarolunmaz obrazlar, saysız-hesabsız süjetlər, tipajlar ilə tamaşaçını valeh edir. Ustalıqla düşünülmüş ağ-qara ləkələrin ritmi, nazik xətt, ştrix, punktir nöqtələrin və digər qrafik üslubların sayəsində o, mükəmməl nəticələrə nail olur. Lakin bütün spesifik qrafika üsulları sadə insanların həyatını əks etdirən daxili məzmuna tabe olunur. Qrafik əsərlərdə kolorit, fərqli tipajlar – ticarətçi, usta, hamamçı, bərbər, arabaçılar – böyük məharətlə canlandırılır.

Ələkbər Rzaquliyev köhnə Bakıya xas olan səhnələri müşahidə etmiş və əbədi olaraq yaddaşında saxlamışdı. Bütün əsrləri vahid kompozisiya və emosional məzmunla birləşdirilir, onlara baxmaqla doymaq olmur. Bunun əsas səbəbi personajların təbiiliyi, onların son dərəcə inandırıcı formada əks olunmasıdır.

Rəssam bir çox stilizasiyadan istifadə edərək, keçən əsrin ənənəvi Azərbaycan portretinə müraciət edir. “Ana portreti”, “Küsdü”, “Qız” əsərlərində personajların obrazı öz təbiiliyi ilə tamaşaçını heyrətləndirir. Bununla belə, görkəmli mədəniyyət xadimlərinin portretləri emosional təqdimatına görə tam fərqlidir. Bu nümunələrdə rəssam dərin psixoloji obrazlar yaratmağa çalışır. Bu keyfiyyətlər M.Ə.Sabir, C.Məmmədquluzadənin portretində özünü göstərir.

Ələkbər Rzaquliyevin həyatı boyu üzərində çalışdığı “Köhnə Bakı” silsiləsini təhlil edərkən onun yaradıcılığının Əzim Əzimzadənin klassik realist sənətinin gözəl ənənələri ilə sıx bağlılığını başa düşürsən və hiss edirsən. Bu möhtəşəm əsərlər rəssamın yaradıcılığındakı varislik, oxşarlıq elementləri həqiqi milli, obrazların realistliyi və təbiiliyi, doğma şəhərə və sadə bakılılara hədsiz sevgidəndir. “Köhnə Bakı” seriyası rəssamın vizit kartına çevrilmişdir.

Bu baxımdan dəyişik təsvir dili ilə yeni bədii üsullarla zənginləşdirilən “Xəzər balıqçıları” seriyası xüsusi maraq doğurur. Hələ 1959-cu ildə rəssam sulu boya ilə balıqçılara həsr olunmuş rəsmlər çəkir, tez-tez Lənkəran və Astaranın balıq vətəgələrinə gedir, balıqçılarla birgə işləyir, onların həyatını öyrənirdi. Çoxsaylı linoqravürlərdə o, balıq vətəgələrindəki iş proseslərini təsvir edir. “Soyuducu”, “Torların qurudulması” və s. işlərin sırasında balıqovlayan, məhsulun emalı və konservləşdirilməsi ilə məşğul olan fəhlələrin fəaliyyətini əks etdirən çoxfiqurlu kompozisiyalar yer alır.

Əsərlərin əksəriyyətində çarpazlaşan ştrixlər, ağ-qara zolaqların növbələnməsi bənzərsiz xətt oyunu yaradır. Həmin üsulla rəssam adi iş günlərinin xüsusi estetikasını çatdırmağa çalışır və eyni zamanda linoqravürün bütün imkanlarını nümayiş etdirir.

1961-1963-cü illərdə Ə.Rzaquliyev digər rəssamlarla bərabər tez-tez tütün və pambıq tarlalarına gedir, zəhmətkeşlərlə tanış olur, çoxsaylı cizgi və etüdlər çəkir. Sadə insanlarla ünsiyyət rəssamı ruhlandıraraq onu bir sıra seriyaların, o cümlədən “Pambıqçılıq”, “Tütünçülük”, “Xalçaçılıq” silsiləsindən olan əsərlərin yaradılmasına sövq edir. Tütün yarpaqlarını ipə düzən, çay tarlalarında çalışan, pambıq məhsulunu təhvil verən, üzüm yığan qadınlar rəssamın əsərlərində dərin məhəbbət və səmimiliklə təsvir edilib, onların gündəlik əməyi isə öz ritminə görə milli Azərbaycan rəqsini xatırladır.

Əsl rəssamın əsərləri zaman keçdikcə öz əhəmiyyət və təsir gücünü itirmir. Yaradıcılığı ilə milli mədəniyyətimizin parlaq səhifələrindən birini yazan Ə.Rzaquliyevin əsərləri məhz bu qəbildəndir.

1963-cü ildə rəssamın Bakıda, 1966-cı ildə isə Moskvada fərdi sərgisi təşkil edilir. 1968-ci ildə ona “Əməkdar incəsənət xadimi” adı verilir. Bir müddətdən sonra isə o, “Şərəf nişanı” ordeni ilə təltif edilir. Onun əsərləri  Almaniya, Fransa, Belçika, Hollandiya və Yaponiyada, keçmiş SSRİ-nin bir çox respublikalarında sərgilənib. Bir çox əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Ermitaj (Sankt-Peterburq), Puşkin adına Dövlət Muzeyi (Moskva) və başqa nüfuzlu muzeylərdə qorunub saxlanılır və nümayiş etdirilir. Ələkbər Rzaquliyev 31 dekabr 1974-cü ildə Bakıda vəfat etmişdir.

Rəna ŞAHİRZAYEVA
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı