Ecazkar “Şəbi-hicran...” nəzmini füsunkar “Füzuli kantatası”na çevirmiş Cahangir Cahangirov
Əsrlər idi ki, o əsrarəngiz nəzmdəki sehranə misralar bu xalqın kütleyi-mütaliə mərtəbəsinə yetə bilmir, eləcə, bir-birini əvəz edən nəsillərin bir qisim söz xiridarı – “arifi-əsrar”ları içərisində cilvələnirdi. Elə ki dahi Üzeyir bəy Bulağından doyunca içmiş bu bəstəkar həmin kəlamlara belə bir bəstə Məcnunluğu etdi, o “hər işi xəlqə rüsva” Aşiqin də “qara bəxti” (əlbəttə, kütləvi anlanış sarıdan) oyandı...
İlk abzasdaca işlətməli olduğum “qarabəxt”lik nüansı mənə bu bəstəkarın uşaqlıq və gənclik çağlarında yaşadığı çətinlikləri xatırlatdı. Bunları onun doğulduğu (1921) Balaxanı kəndində eşitmişdim; atası müharibədən qayıtmayıb, bircə dənə də fotoşəkli olmayan (“Mən surətimi özgə adamlara göstərmərəm, ayıbdır”) anası otuz beş yaşında vəfat edib və Cahangir üç qardaş-bacısını oxudub-dolandırmaq zorunda qalıb.
Bu korifey bəstəkarın bir insan kimi də böyüklüyünün izharı üçün sözümü bacısı (mərhum müğənni Yalçın Rzazadənin həyat yoldaşı) Roza Rzazadənin xatirələrilə davam etdirirəm.
“Cahangir bizə həm ana olub, həm ata. Elə ilk gəncliyindən ailəmizin yükünü çəkib.
Çox həssas, çox ürəyiyumşağıydı Cahangirimiz. Birimizi gözüyaşlı görəndə özünə yer tapa bilmirdi...
Onun musiqiyə yönəlməsi bir gün anamın dükandan alıb onun yastığının altına qoyduğu bir “balalayka”dan başlayıb...
Daha nə danışım... Cahangirin adı gələndə, Cahangirdən söz düşəndə hər şeyi unuduram. Məni o qədər çox istəyirdi ki! Elə bil onun iki bacısından biri yox, madar övladıydım...
Üzeyir bəylə tanışlığı 15 yaşından başlayıbmış. Kimsə Cahangirin musiqi qabiliyyətindən danışıb, Üzeyir bəy də çağırıb yanına, musiqisinə qulaq asıb və yanındakılara deyib, bu böyük uşağa həmişə, hər yerdə diqqətlə yanaşın...
Rəşid Behbudovla “Ana” mahnısının məşqini də yaxşı xatırlayıram. Qapıdan gizlincə baxırdım. Mən Rəşid böyüklüyünü bax hələ o balaca yaşlarımdan kəşf etdim!
Təbiəti çox xoşlayırdı. Dənizə baxmağı sevərdi, baxanda da gözləri yol çəkərdi; bəlkə atamızın yolunu dənizdən gözləyirmiş...
Ən çox “Ana” mahnısını zümzümə edərdi…
Ömrünün sonlarında məni daha çox görmək istəyirdi. Deyirdi, tez-tez gəl, gec-gec get...
Qarabağın taleyindən çox narahat idi. Bir gün də, xəstəliyinin şiddətləndiyi vaxt, Qarabağdan, Şuşadan (hələ işğal olunmamışdı) bir xeyli danışdı, axırda dedi, bilmirəm, Üzeyir bəyin ruhu hüzurunda nə danışacağam...”.
O elə yaşayıb, elə məhsuldar bir ömür sürüb ki, bizlərin deməyə sözü çox...
Öncə...
“Qaçaraq” (“başını qaşımağa vaxt tapmayanlarçün”) və kütləvi xatırlanası nümunələrdən bir neçəsi: “Yenilməz batalyon” filmindəki “Teymurun mahnısı”, “Koroğlu” filmindəki “Xanəndə qızın mahnısı”, “Dəli Kür”dəki “Ana Kür” və s. “Bayatılar” adıyla tanıdığımız nəğməni, “Gül camalın” romansını, “Ənəlhəq” mahnı-romansını, “Eşitməzdim” qəzəl-romansını da yad edək.
“Ənənəvi”, “sıravi” mahnıları isə...
Bu vurğu onun mahnılarındakı məxsusi lad-dad elementlərilə bağlı...
Məsələn, “Ana” mahnısını xəyala alın (və təbii, “əli üzündə” qalın)... Və belə bir nüansın da fərqinə varın; bu mahnı, musiqi müəllifindən əlavə, neçə-neçə sənətkar üstünə də parlaq işıq-şəfəq saçıb! Əlbəttə, ən əvvəl, şeir müəllifi İslam Səfərlinin və o çağlar o mahnını bənzərsiz “solo”layan tarzən Hacı Məmmədovun. Və... bu can nəğməni bütün azərbaycanlı övladlar ağzından avazlayan unudulmaz Rəşid Behbudovun! Bu cəh-cəhlər ustadının o mahnıdakı sonsuz bəh-bəhlərə layiq bir ustalığının – “Dilinin o həzin laylasına qurbanam” misrasındakı işarə əvəzliyinə (o... o... o...) əsrarəngiz bir tembrlə “züy” edib, könüllərimizə nə toy tutduğunun fərqindəsizmi, ey haçansa radio dinləyicisi, televiziya tamaşaçısı olmuş (olası) hörmətli oxucularımız?!.
Bu könüllər bəstəkarının “Alagöz”, “Ay qız”, “Dan ulduzu, bir də mən”, “Aylı gecə” və s. mahnılarının dillər əzbəri, könüllər bəzəyi olması haqda da geniş danışmağa ehtiyac yox...
Amma xüsusi bir vurğu ilə –
Deyək ki...
Bu bəstəkar otuz səkkiz yaşında yazdığı “Füzuli” kantatası ilə o dövr mühafizəkarlarının “çoxsəslilik Azərbaycan musiqisinə yad elementdir” fikrini alt-üst edib. Ötən əsrin ilk onilliyinə (milli mədəniyyət taleyimizə möcüzətək doğulan “Leyli və Məcnun” operasına) qədər dədə-nənələrimizin xor baxdığı bir musiqi janrında ha! “Opera”, “balet”, “süita”, “kapriççio” kimi (yadel-yaddil) terminlərin leksikonumuza oturuşmadığı çağlarda...
Bu nüanslar sözügedən kantatanın gah həzin-həsrəti, gah qalib-qələbəli takt-aktlarından da hiss olunur. Elə zaman-zaman mətbu müsahibələrindən, teleradio çıxışlarından bu da məlum olur ki, müəllifin özü də, bu əsər üzərində işlərkən, daha çox, burada vurğuladığım məqamlara üstünlük verib. Yəni o, bu kimi çoxsəsli əsərlərin milli mədəniyyətimizə qovuşumunadək müxtəlif səbəblərdən (xalqın tərəkəmə-tərkeləmə “atüstü”lüyü, dini mərsiyə-mərasimliyi, “qırx gün-qırx gecə”lik nağıl-dastan, toy-nişan birəntiliyi istisna edilməklə) Aşıq Cünun monokültürçülüyündən sintetik (ümummilli) qavranışa gəlməkdə çətinlik çəkən xalqımız üçün çox gərəkli bir işi davam etdirdiyinin fərqində olub.
Bu şəxsi-subyektiv mülahizələr ardınca, sosial “hamılıq-ümumilik” mahiyyəti daşıyan “XOR” haqda –
“Solo” qeydlər...
“Xor”. Bu musiqi-mədəniyyət termini həm də milli toparlanma məsələsini ehtiva etmirmi?
XORluq – sosial mənada birlik, birəntilik, hərbi anlamda yumruq!...
Təəssüflər ki, bu heynidə (hə, milli əyər-əskiklərdən söz düşəndə, ümummilli ədəb-ərkan nəhəngimiz M.Cəlilin ibarələrindən qaçmaq olmur) ilk olaraq özümüzü yox, gürcüləri xatırladım. O xalqın ev-eşik, qərib-qürbət məclislərində (süpürgəçisindən sərkərdəsinə, əkin-biçinçisindən yüksək çinli məmurunadək) buynuz badəli əl-qollarını çarpazlayıb, öz brend çaxırlarından vura-vura, etno-sosial bərabərlik xoru oxumalarının fərqindəyikmi, cənab “heçim ayrı-köçüm ayrı” məsəlli BİZLƏR?!...
Ancaq həm də alqışlar ki, cəmiyyətimizin məişət mədəniyyəti odasına gecikən bu cəm-canlıq, birlik-birəntilik iksiri, Yaxın Şərqdə ilk olaraq bizim sənət mədəniyyətimizə yol tapdı; əsasını ötən əsrin əvvəllərində öz “Leyli və Məcnun” baniliyi (və dahiliyi!) ilə Üzeyir bəy Hacıbəyli qoydu, Cahangir Cahangirov isə öz “Füzuli” kantatası şedevrilə davam etdirdi.
XORluq xüsusundan bunu da deyək ki, dahi Eşq kanı-söz Sərdarı Məhəmməd Füzuli, sözün bu məqamında bəy bəstəkar Cahangir Cahangirov və xanım-xatın nəğməkar Şövkət Ələkbərova birəntiliyindən yaranmış “Füzuli” kantatası xəlqi bir ruh toplumu...
Bu sənət toplumunun “səri-kuyinə” varaq... Kimin də avaz gücü nəyə yetir, bu ilahi misraları zümzümələsin:
Şəbi-hicran yanar canım,
Tökər qan çeşmi-giryanım...
Davamını nəzm ilə yazmaq əzmim tükəndi...
Nədən ki, “Oyadar xəlqi əfğanım” nişanlı üçüncü misradan sonrakı xitab-sual alovu adamın əhədini kəsir!
...Ay beş yüz ildi o əfğandan oyanıq xəlq, eşidirsən? Hiss edirsənmi, duyursanmı, görürsənmi – Füzuli kəlamlı, Cahangir rübablı, Şövkət sədalı o “Qara bəxtim oyanmazmı” xitabını?!...
Sonralar üslub, tərz-təranə yolu neçə-neçə gənc bəstəkar tərəfindən davam etdirilən C.Cahangirov bu kantatadan on il öncə solist, xor və simfonik orkestr üçün yazdığı “Arazın o tayında” adlı vokal-simfonik poemasını bitirəndə hələ iyirmi səkkiz yaşı tamam deyildi. Amma bu əsər ondan xeyli yaşlı SSRİ-nin mərkəzi Moskvada “qocaman düşüncələr poeması” kimi qarşılanmışdı (Ümumittifaq Radiosunun “qızıl fond”una daxil edilib, müəllif SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb).
Çoxları gözləyirmiş ki, həmin uğurundan sonra bu gənc nəfəsdərməz bir templə yazıb-yaradacaq. Amma yox, Cahangir növbəti mükəmməl-fenomenal xor nümunəsi olan “Füzuli” kantatasına qədər bu janrda onlarca miniatür, neçə-neçə qor mahnılar yaza-yaza gəlib çıxıb – dünyəvi musiqi mədəniyyəti karvanına qoşulan “Füzuli” zirvəsinə.
Poeziyamızın möcüzəvi Füzuli kəlamlarından ilhamlanaraq yazdığı bu triumfal əsərilə bəstəkar Cahangir Cahangirov sözün məcazi, müstəqim və “coğrafi” anlamında ayaq izi dəyməmiş bir zirvəyə yüksəlib (mənə qalsa, “musiqi Füzuliliyi”nə yetib).
Korifey sənətkar bu əsərdən on dörd il sonra yazdığı “Nəsimi”, bir qədər sonrakı “Aşıq Alı” kantataları, 1962-ci ildə tamamladığı “Sabir”, 1984-də bitirdiyi “Hüseyn Cavid” oratoriyaları ilə həmin sənət nəhənglərimizi yeni və daha lətif bir vasitəylə - musiqi diliylə geniş oxucu-dinləyici auditoriyasına təqdim etdi. “Azad” (1957) və “Xanəndənin taleyi” (1978) operaları ilə “Üzeyir bəy Hacıbəyli davamçısı” statusuna nail oldu.
“Şəbi-hicran”...
Dörd yüz ildən çox idi ki, bu əsrarəngiz misralar bu xalqın kütlə səddini aşa bilmir, yalnız bir-birini əvəz edən nəsillərin bir dəstə söz xiridarına, “arifi-əsrar”larına çatırdı. Nədən ki, o vaxt aşiqlər Aşiqi Füzuli bu möcüzə kəlamları təkcə-tənhaca (uzaqbaşı Məcnunla “müştərək”) bəyan etmişdi. Elə ki 38 yaşlı Cahangir bunu mümkün “səhnə xalqı”nın ifasına təqdim etdi, - hamıya çatdı...
Bu məqamda, 1992-nin martında dünyasını dəyişmiş, Fəxri xiyabanda dəfn edilmiş bu sənətkarımızı birlikdə xatırlayıb, xorla deyək: Allah rəhmət eləsin...
Tahir ABBASLI