“Fulya” filminin çəkilişləri başlanıb

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” filminin çəkilişlərinə başlanıb.

Kinostudiyadan bildirilib ki, bədii-sənədli filmdə 2020-ci ilin Vətən müharibəsinin həqiqətlərini dünyaya çatdıran “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürkün müharibədəki yaşantıları, o cümlədən indiyədək yayımlanmayan kadrlar təqdim ediləcək.

Mədəniyyət Nazirliyinin “Böyük Qayıdış” kino layihələri müsabiqəsinin qaliblərindən biri olan filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, operatoru Cengizhan Durmaz, prodüserləri Fariz Əhmədov və Özcan Dadadır. Çəkilişlər Gəncə, Tərtər və Şuşada aparılacaq.

“Fulya” filmi Qarabağda peşə borcunu yerinə yetirərkən həlak olan hərbi jurnalistlərimizə ithaf olunub.  Filmdə türkiyəli hərbi jurnalistin 44 günlük müharibədə yaşadıqlarını bədiiləşdirdik”.

Bu sözləri ssenari müəllifi və rejissor Tahir Tahiroviç deyib. O bildirib ki, bu ssenarini yazmasında Fulyanın qadın olmasına baxmayaraq qorxmazlığı, cəsarəti və Azərbaycan xalqının rəğbətini, sevgisini qazanması böyük rol oynayıb: “Simvol olaraq Fulyanı götürsək də, bu filmdə Çingiz Mustafayev, Salatın Əsgərovanın timsalında Qarabağ savaşında şəhadətə ucalan jurnalistlərimizin adları qeyd olunacaq”.

“Türkiyədən Azərbaycana ezam olunduq. Müharibənin qaynar nöqtələrində çəkilişlər etdik. Çox dəhşətli hadisələrin şahid olduq. Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdədə, Gəncədə, Tərtərdə günahsız, dinc  insanlar həyatını itirdi. Bizim məqsədimiz erməni terrorunu bütün dünyaya göstərmək idi”, – bu sözləri isə “CNN Türk” kanalının operatoru Halil Kahraman deyib.

Azərbaycan xalqının Qarabağla bağlı ağrı-acısını Ağdamı, Şuşanı, Füzulini, Cəbrayılı gördükdən sonra tam anladığını söyləyən H.Kahraman deyib: “Azərbaycanın 30 illik həsrətinin sonuna – Zəfər gününə sizlərlə birlikdə şahid olmağımıza çox xoşbəxtəm. Sizlərin yurdunuza olan həsrətinizi o torpaqlara ayaq basdığım andan bir daha hiss etdim. İnşallah, bu torpaqlara həsrət bitər insanlar tezliklə yurdlarına qayıdarlar. Allah türk millətinə bir də belə acılar yaşatmasın”.

Qeyd edək ki, “Fulya” filmində “CNN Türk”ün operatoru Halil Kahramanın müharibə dövründə çəkdiyi kadrlardan geniş istifadə olunacaq.