“Zənnimcə, bütün sənətkarların ən böyük arzusu bu məqama yetişməkdir”

 

Dünyanın nəhəng səhnələri onun  möhtəşəm rəqsləri ilə işıqlanır. Səfər etdiyi bütün ölkələrdə xüsusi sevgi və ehtiramla qarşılanır. Həmsöhbətimiz məşhur xoreoqraf, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, xalqımızı uğurları ilə qürurlandıran həmvətənimiz Eldar Əliyevdir.

 

– Eldar bəy, bəlkə ilham mənbəyinizlə bizi tanış edəsiniz?

– Düşünürəm ki, ilham pərisini axtarmağın faydası yoxdur, onu gözləmək isə mənasızdır. Məncə, insan sadəcə özünü xoşbəxt etməyə çalışmalıdır. Axı bu çətin deyil. Məsələn, səhər yuxudan oyanmısan. Canın sağdır, pəncərədən baxıb, parlaq günəşi, mavi səmanı görürsən. Dönüb, doğmalarının təbəssümünü izləyirsən. Xoşbəxt olmaq üçün əsas səbəb bu deyilsə, bəs nədir?!

Hər günümüzə belə başlamalıyıq. Sualınızın cavabı da buradan doğur. Xoş əhval ən gözəl ilham mənbəyidir. Fikrimcə, xoşbəxt insan heç vaxt fantaziya kasadlığından əziyyət çəkə bilməz. Mən də özümü xoşbəxtlər sırasına daxil edirəm.

 

– Bəs rəqsdə ilham anlayışının formulu varmı?

– Rəqs zamanı gələn ilhamın poeziya, musiqi, yaxud incəsənətin digər növlərindəki  ilham anlayışından fərqləndiyini düşünmürəm. Ümumiyyətlə, bu, sənət adamının ən təbii halıdır. Yəni süni obraz deyil. Öz qəlibindəsən, özünsən və bu təbiiliyini seyrçiyə ötürə bilirsən. Bu minvalla da müəllif və izləyici arasındakı mübhəm, eyni zamanda doğma ünsiyyət baş tutur. Tamaşaçı ilə rəqqasın enerjisi qızıl nöqtədə toqquşur. Zənnimcə, bütün sənətkarların ən böyük arzusu  bu məqama yetişməkdir.

 

– Eyni harmoniyaya rəqs truppası ilə yaradıcı ünsiyyətdə nail ola bilirsiniz?

– Bədii rəhbərin truppa ilə münasibəti də özlüyündə incəsənətdir. Hətta deyərdim ki, onun ən çətin və məsuliyyətli məqamıdır. Çünki truppa elə həssas orqanizmdir ki, istənilən yad təsirə reaksiya verir. Ümumiyyətlə, münasibətdə hər şeydən öncə peşəkarlıq üzərində qurulmuş qarşılıqlı hörmətə önəm verirəm. Yalnız bu halda xoreoqraf-rəqqas münasibətləri doğru məcraya yönəlir.

Peşəkar fəaliyyətimə yenicə başlayanda, düşünürdüm ki, hamı məni mütləq çox sevməlidir. Truppa üzvlərindən arzuladığım sevgini görməyəndə isə çox kədərlənirdim. İllər bir-birini əvəzlədikcə, təcrübəm artdıqca anladım ki, rəhbərlə truppa üzvləri arasındakı münasibət peşəkarlıq, güvən üzərində qurulmalıdır. Bu cəhətlər varsa, həm şəxsi münasibətin, həm də peşəkar ünsiyyətin bünövrəsi sarsılmayacaq. Razılaşın ki, peşəkara sayğı duymamaq, ona etibarsız yanaşmaq mümkün deyil.

 

– Tamamilə razıyam. Xoreoqrafiyada texnika toxunulmazlığı anlayışı varmı? Yəni texnika ilə improvizə nə dərəcədə düz mütənasibdir?

– Texnika ilə improvizə arasında müqayisə analizi aparmaq istəməzdim. Səbəbini izah edim.  Xoreoqrafın öyrətdiyi, tapşırdığı texnika cizgiləri obrazın tamaşaçıya təsir gücünün yalnız bir hissəsidir. İmprovizə isə tapşırılmış material deyil, rəqqasın özünü ifadə vasitəsidir. Çünki o, rəqs hərəkətlərinə ilğım qataraq, texniki elementləri dolğunlaşdırır. Lakin hər iki halda texnika obrazı tamamlamalıdır. Çünki sırf texniki bilikləri ilə səhnəyə çıxıb, obrazına hərarət qatmayan ifaçının çıxışı mənasızdır.

 

– Əminəm ki, uğur əldə etməyin formulu da texnika və improvizənin vəhdətinə bənzəyir.  Uğurunuzun sirrini bizimlə bölüşməyinizi istərdim.

– Sirrim yoxdur. Ümumiyyətlə, düşünürəm ki, uğurumuzun təməli sevdiyimiz işlə məşğul olmağımız, bu yolda xidmət etməyimizdir. Dünyanın dörd bir yanında axtarışına çıxdığımız uğurun yeganə sirri budur. Mənimlə çalışan rəqqaslara daim bir tövsiyə verirəm. Məqsədiniz olmadan, irəliləmək mümkün deyil. Təsəvvürünüzdəki həyat yolunuz boyu indi dayandığınız mərhələ və çatmaq istədiyiniz, can atdığınız xəyali nöqtə arasındakı məsafəni hesablamalısınız. Sonra isə uğura gedən yolda mənzil başına çatmaq üçün istiqaməti dəyişmədən, var gücünüzlə çalışmalısınız. Mənim uğurumun tərifi budur.

 

– Necə düşünürsünüz, sənət dəyər görmədən də mövcud ola bilər?

– Məncə, mümkün deyil. Sənətkarın yaratdığı obrazın, əsərin qayəsi tamaşaçı ilə dialoqa köklənib. İzləyicinin verdiyi dəyər olmadan bu dialoq monoloqla əvəzlənir. Beləcə, bütün mənasını da itirir. Amma yenə də deyirəm, bu mənim fikrimdir.

 

– Xoreoqraf müəyyən mənada hökmlü olmalıdırmı?

– Əminliklə razılaşıram. Xoreoqraf tamaşanı təsəvvüründə bütövlükdə canlandıran yeganə insandır. Odur ki, balet məşqləri zamanı dəmir intizama və truppanın xoreoqrafa tam tabe olmasına nail olmaq lazımdır. Lakin solo məşqlər zamanı vəziyyət bir az dəyişir.  Doğrudur, quruluşu xoreoqraf verir. Lakin ifaçı da öz individuallığını qatmalıdır ki, izləyici zövq ala bilsin.

 

– Maraqlı cavablarınız üçün minnətdaram.

– Mən təşəkkür edirəm!

Leyla SARABİ