Kinorejissor, rəssam Çingiz Rəsulzadə 49 yaşında vəfat edib.

Çingiz Rəsulzadə 20 fevral 1972-ci ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsilini davam etdirib.

Çingiz Rəsulzadə Rusiya istehsalı olan “Həyat haqqında mimlər” (2002) qısametrajlı bədii filminin və “Jestlər...Barışıq” (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, “Yuva” (2012)  qısametrajlı bədii filminin quruluşçu rəssamıdır.

2009-cu ildə Bakıda quruluş verdiyi “Kuklalar” filmi (“Sınaqfilm” prodüser mərkəzi) bir neçə beynəlxalq festivalda, o cümlədən nüfuzlu Karlovı Varı Beynəlxalq Film Festivalının “East of the West” bölməsində  nümayiş olunub.

İstedadlı kinorejissor Çingiz Rəsulzadənin xatirəsi onu tanıyanların, həmkarlarının, kino ictimaiyyətinin qəlbində yaşayacaq.

Mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin.