Əbülfəs Qarayev: “İnanıram ki, bu ali məktəbdə Azərbaycanın tərəqqisinə, ölkəmizin turizm sahəsinin inkişafına töhfələr verəcək layiqli kadrlar hazırlanacaq”
      
   Sentyabrın 15-də yeni dərs ilinin başlanması münasibətilə Azərbaycan Turizm İnstitutunda təntənəli mərasim keçirildi. Tədbiri giriş sözü ilə açan ali məktəbin rektoru Cəfər Cəfərov tələbə və müəllim heyətini təbrik edərək bildirdi ki, Turizm İnstitutu Azərbaycandakı ali təhsil ocaqları arasında özünəməxsus yer tutur: «İnstitutumuz bu illər ərzində bir sıra uğurlara imza atıb. Ölkədə ilk dəfə olaraq tələbələrə ikili diplom verilməsi sistemini tətbiq edib».
   
   ATİ-nin abituriyentlər arasında çox populyarlıq qazandığını deyən rektor qeyd etdi ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının həyata keçirdiyi reytinq cədvəllərində bu təhsil ocağı 3-7-ci yerləri tutub: “İnstitut cəmisi dörd il fəaliyyət göstərməsinə baxmayaraq, on illərlə təcrübəsi olan ali məktəblər arasında layiqli yer tutur».
   Rektor qeyd etdi ki, bu il instituta qəbul olan tələbələrdən 16 nəfəri 600-dən çox bal toplayıb. Turizm İnstitutunu seçmiş tələbələrin yarıdan çoxu qəbul imtahanlarında 450-dən çox bal toplayanlardır. Cəfər Cəfərov bildirdi ki, bu nüfuzun əldə olunmasında institutun müəllim və tələbə heyətinin əməyinin, Mədəniyyət və Turizm Nazirliyinin ali məktəbə dəstəyinin xüsusi rolu var. Rektorun dediyinə görə, bu dəstək olmasaydı, uğurların heç birini qazanmaq mümkün olmazdı: «Bu il biz yeni dərs ilinə yenilənmiş binada başlayırıq. Kafedralar və tədris personalı üçün iş şəraiti yaxşılaşdırılıb. Bu şəraiti bizə yaratdığına görə bir daha ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımızı bildiririk”.
   Tədbirdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm İnstitutunun birinci kursuna qəbul olunan tələbələri təbrik edərək onları irəlidə gərgin və maraqlı təhsil illəri gözlədiyini vurğuladı: «Bilik və savad sözün əsil mənasında mübarizə deməkdir. Əminəm ki, instituta yüksək balla daxil olan tələbələr bu mübarizəyə qoşulmağa hazırdırlar. Mən bu yolda sizin hamınıza böyük uğurlar diləyirəm”.
   ATİ-nin məzunlarının Azərbaycanın müxtəlif yerlərində çalışması üçün bu gün real imkanlar açıldığını deyən nazir qeyd etdi ki, hazırda ölkəmizdə turizm sənayesində böyük bir inkişaf var. Nazir bildirdi ki, bu gün Bakıda dünyanın ən məşhur brendlərinə məxsus yeni beşulduzlu hotellər tikilməkdədir. Onların tikilməsi ilə yeni iş yerlərinin sayı iki dəfə artacaq: “Azərbaycan hökuməti Qusarda ən böyük infrastruktur layihəsini həyata keçirir. Bizim Qusarda qış turizm kompleksimiz inşa olunur ki, orada 5000 nəfər adam çalışmalıdır. Bu insanlar peşəkar kadrlar olmalıdırlar. Bu kadrların hazırlanmasında ATİ-nin əvəzolunmaz rolu var”.
   Nazir vurğuladı ki, bu ildən etibarən Turizm İnstitutunun nəzdində kollec və peşə məktəblərinin açılması nəzərdə tutulub.
   Azərbaycanın turizm sənayesinin sovet dövründən sonra çətin illər yaşadığını xatırladan nazir qeyd etdi ki, indi ölkə turizminin inkişaf tempi bütün dünyada, o cümlədən Dünya Turizm Təşkilatı tərəfindən ən qabaqcıl inkişaf sürəti kimi qəbul olunur: «Azərbaycanın dünyada turizm məkanında əldə etdiyi yer artıq bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Turizm İnstitutunun tələbələri xaricdə təcrübə keçmək imkanı əldə ediblər. Təhsildə uğur qazanan tələbələr Türkiyə, İsrail, Yunanıstan, İsveçrə, Portuqaliya və Almaniyada təcrübə keçirlər. Bu il Kanada və ABŞ-a da tələbələrimizi təcrübə keçmək üçün göndərmək fikrimiz var. İnanıram ki, bu ali məktəbdə Azərbaycanın tərəqqisinə, ölkəmizin turizm sahəsinin inkişafına töhfələr verəcək layiqli kadrlar hazırlanacaq”.
   Nazir bu il Turizm İnstitutuna ən yüksək balla qəbul edilmiş tələbələrə tələbə biletini təqdim etdi və onlara təhsildə uğurlar arzuladı.
   Tədbirdən sonra Əbülfəs Qarayev təhsil ocağının kafedralarında, auditoriyalarında, kitabxanasında və institutun binasının yeni inşa edilmiş 5-ci mərtəbəsində oldu. 
   
   Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar