Berlin şəhərində alman və italyan dillərində “Dünyanın sülh kitabı” adlı ədəbi antologiya işıq üzü görüb.

Beynəlxalq Yazıçılar Gildiyasının və Yaradıcılar Sülh uğrunda Federasiyasının birgə nəşri olan antologiyada ABŞ, Almaniya, İtaliya, İsrail, Rusiya, Ukrayna, Avstraliya kimi ölkələrin yazıçılarının əsərləri yer alıb. Vladimir Bentsler, Kalodyero La Vekkya, Tatyana Kayzer, Oleq Pudov, Vladi Benz, İrina Yavorovskaya kimi tanınmış ədiblərlə yanaşı antologiyada azərbaycanlı yazıçı Varis də təmsil olunub. Redaksiya heyəti onun “Payız natürmortu” əsərini oxuculara təqdim edib.

“Payız natürmortu” insanın maddi və mənəvi azadlıqlarından, canlıların yaşayış vəhdətindən, Xeyirlə Şərin əbədi mübarizəsindən bəhs edir. Əsərdə 30 ilə yaxın işğal altında qalmış Azərbaycan ərazilərində erməni faşizminin vandallıq nümunələri də əksini tapıb.