Bəstəkarlar İttifaqında Cahangir Cahangirovun 100 illiyi münasibətilə elmi konfrans
Bu il görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Cahangir Cahangirovun (1921-1992) anadan olmasının 100 illiyi tamam olur. Yubiley ilində sənətkarın xatirəsi müxtəlif tədbirlərlə yad edilir. İyunun 18-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda C.Cahangirovun 100 illiyi münasibətilə elmi konfrans keçirildi.
İttifaqın rəhbəri, Xalq artisti Firəngiz Əlizadə tədbiri giriş sözü ilə açaraq Cahangir Cahangirovun yaradıcılığı haqqında danışdı. Bildirdi ki, bəstəkarın irsi zənginliyi ilə seçilir. Onun xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var: “Xor musiqisi sahəsində maraqlı əsərlərindən “Arazın o tayında” poemasını, 12 hissədən ibarət “Dostluq mahnısı” kompozisiyasını, “Azad” və “Xanəndənin taleyi” operalarının xor nömrələrini, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarını, “Sabir” oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarla xor miniatürlərini göstərmək olar. Adlarını qeyd etdiyimiz əsərlərdən xüsusilə “Füzuli” kantatası Cahangir Cahangirova böyük şöhrət gətirmişdir. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləmini özünəməxsus, təsirli və qəlboxşayan musiqi dili ilə aça bilmişdir. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir”.
Firəngiz Əlizadə onu da qeyd etdi ki, Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. Görkəmli bəstəkar 1949-cu ildən başlayaraq Azərbaycan Radiosunun nəzdində yaradılan xora rəhbərlik edib, 15 ildən artıq bu kollektivlə çalışıb. Yaratdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Hazırda kollektiv Cahangir Cahangirovun adını daşıyır. Bununla yanaşı, bəstəkar Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində də işləyib.
Cahangir Cahangirovun musiqisi üçün nikbinlik, axıcı melodiya səciyyəvidir. Lirik mahnı janrının, eləcə də opera və instrumental musiqinin inkişafında da bəstəkarın əvəzsiz xidməti var.
Daha sonra konfransda elmi məruzələr dinlənildi. Əməkdar mədəniyyət işçisi, dosent Səadət Təhmirazqızı “Azərbaycan xor kollektivlərinin fəaliyyətində Cahangir Cahangirovun rolu” mövzusunda məruzəsində bildirdi ki, bəstəkarın mövzu dairəsi həmişə geniş olub. Bu mövzu və janr müxtəlifliyini birləşdirən cəhət bəstəkarın öz fikri, zövqü və düşüncəsi ilə xalqın mənəvi aləminə, onun musiqi dühasına bağlılığı və əsərlərində milli ruhun güclü tərənnümüdür.
Dosent Leyla Quliyevanın “Cahangir Cahangirovun yaradıcılığında opera janrı”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Məmmədovanın “Cahangir Cahangirovun opera yaradıcılığında inqilabi mövzu”, gənc musiqişünas Aysel Kərimin “Cahangir Cahangirovun xor yaradıcılığı – “Füzuli” kantatası” mövzularında məruzələri dinlənildi.
Savalan FƏRƏCOV