“Tələbələrimə həmişə deyirəm ki, sizin səsiniz sizin kapitalınızdır, tamamən xərcləsəniz, müflis olarsınız”

 

Azərbaycan musiqi mədəniyyətində, klassik musiqinin, akademik vokalın təbliğ və populyarlaşmasında, sözsüz ki, onların – təkrarsız Fidan və Xuraman Qasımova bacılarının öz yeri var. İstər yüksək peşəkarlıq və istedada malik opera ifaçısı, istərsə də Azərbaycan xanımının incəliklərini bütünlükdə həyat tərzlərinə çevirən insanlar kimi bu qadınlar mükəmməl nümunə, yetişən ifaçı nəsli üçün əsl məktəbdirlər.

Təkrarsız səs və səhnə imkanlı bacılardan respublikanın Xalq artisti, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli sənətkar, pedaqoq Xuraman Qasımovanın bu il növbəti yubileyidir.

Özünü ruhunun yaşında hiss edən və hələ də gəncliyinin məsumiyyətini qoruyan müğənni ilə budəfəki söhbətimiz ölkə başçısının imzaladığı sərəncamdan – “İstiqlal” ordeni ilə təltif olunmasından (5 iyun) sonraya təsadüf etdi.

Sevinc və duyğu dolu maraqlı söhbətimizdə özündən daha çox sənətdən, pedaqoji fəaliyyətdən, klassik musiqinin bu günündən danışan Xuraman xanım arzularını da bizimlə bölüşdü.

Könlündə azad Şuşanı görmək, o müqəddəs torpaqlarda tamaşaçı ilə görüş keçirmək arzusuna boy verən müğənni düşmən üzərindəki şanlı Qələbəmizdən də ürəkdolusu söz açdı.

– Bu neçə gündə saysız təbriklər almışam. Təbii ki, ölkə başçısı, möhtərəm Prezidentimizin belə böyük mükafata layiq görməsi, sənətsevərlərin, xalqımızın dəyərli nümayəndələrinin şəxsimə ünvanladıqları xoş sözlər məni hədsiz dərəcədə ruhlandırır. Hamınıza sonsuz təşəkkür edirəm, əziz sənətsevərlər. Bizi alqışlayan xalqım bu gün də bizə görə sevinirsə, deməli, həyatı boşuna yaşamamışıq. Bu gözəl münasibət məni, Fidan xanımı çox fərəhləndirir.

 

– İnsan yaşa dolduqca həyata baxışı da dəyişir. Hər yeni ildən bir şey öyrənir və hər zaman yeni arzuların həyəcanı ilə yaşayır, deyilmi?

– Bəli, tamamilə düzdür. Bu, möhtəşəm hissdir. Həyatı sevə-sevə, dolğun yaşamaq lazımdır ki, nə isə öyrənib ona qata biləsən. Hər yeni yaş insan üçün zənginlikdir. Birincisi, mən hər günümə, hər anıma sevinirəm. Allahın bəxş etdiyi ömrü ona – Rəbbimə minnətdarlıqla yaşayıram. Düzdür, yaş artdıqca ömrün getdiyini də anlayırsan. Bu, öz yerində. Eləcə də zaman keçdikcə nələrisə, kimlərisə itirirsən. Bu da həyatın qanunudur. Ümumən hər ildən mən nə isə böyük mənəvi xəzinə qazanır, daha çox sevildiyimi anlayıram. Məhz bu hiss də məni xoşbəxt edir. Baxın, bu ilimdən, bu yubileyimdən də unudulmaz xatirələr danışacağam. Həm dövlətimin rəhbərliyinin, həm də xalqımın diqqətini, hörmətini, sevgisini gördüm. Bizi sevən, dəstək olan xalqımıza minnətdarıq.

 

– Yaşınızın qeyd olunmasını sevmədiyinizi bilirəm və alqışlayıram. Çünki zamana meydan oxumusuz.

– Çox sağ olun. Hiss etdiyim yaşımdayam. Məsələn, mən özümü hələ də 40-45 yaşında hiss edirəm. Əsas odur ki, həyatı, insanları, arzuları, sənəti çox sevirəm. Hər yeni yaşımda da nə isə plan qurur, proqram tərtib edirəm. Düşündüyün fikirlər plan üzrə getməlidir deyə bir qanun yoxdur. Amma bütün hallarda buna cəhd etmək lazımdır. Allahıma şükür edə-edə bu yaşıma gəlmişəm. Tanrının bizi qoruduğunu daima hiss etmişəm.

 

– Sənətdə hər kəs üçün müəyyən olunmuş zirvə var və siz artıq oradasınız. Amma yenə də planlardan, arzulardan, yeniliklərdən ürəklə, sevinclə danışırsınız. Çoxdur planlarınız?

– Əlbəttə, var və hamısından öndə səhnə durur. Gənc nəsil, tələbələrim, onların karyerası, sənətdə uğur qazanması məni daha da həvəsləndirir, gördüyüm işə, məsuliyyətli pedaqoji fəaliyyətə fasiləsiz davama sövq edir. Bildiyiniz kimi, ikimiz də Bakı Musiqi Akademiyasında Solo oxuma kafedrasının professoruyuq, xeyli sayda yetirməmiz var. İfaçılıq sənətinə gələn yeni adlarda bizim də payımız az deyil. Sənət var və daim yaşayacaq! Deməli, onu təmsil edənlər də artmalıdır. Əsl istedada malik olanlar yaxşı yetişərək bu yolu davam etdirməlidirlər. Mənim plan dediyim gələcək hədəflərin əsasında da məhz bu durur.

 

– Pedaqoji iş ağır və uzun prosesdir. Siz yorulmadan, illərdir bu işi icra edirsiniz.

– Ağır və gözəl işdir. Ümumən öyrətmək, onun bəhrəsini görmək izaholunmaz dərəcədə gözəl hissdir. Bu işdə də mənim yolgöstərənim əziz bacım Fidan xanım, eləcə də yanımda çiyin-çiyinə çalışan həmkarlarım, kafedrada, akademiyada dəyərli dostlarımdı. Orada çox gözəl mühit, yaradıcı, məhsuldar heyət var. Biz birlikdə ən yaxşı səsləri qoruyaraq və akademik ifa səviyyəsinə çatdıraraq səhnəmizə qazandırmaq istəyirik.

 

– Gənclərdən söz açmağınız yaxşı oldu. Yəqin müqayisəni də ən yaxşı siz apara bilərsiniz. Ümumən akademik musiqiyə maraq varmı? Hərçənd tez populyarlaşmaq və pul qazanmaq əsl sənətə meyilə də ziyansız ötüşməyib.

– Yaxşı məqama gəldik. Mən bu məsələyə bir az da geniş baxmağa çalışacağam. Baxın, son illər gənclər daha çox gəlir, səs, ifaçılıq sənətinə maraqlarını ixtisas kimi seçməklə göstərirlər. Amma hələ ki, bu sənətin nə qədər mürəkkəb və çətin olduğunu dərk etmirlər.

 

– Yəqin sənətin parıltı və şöhrəti ön plana keçir...

– Əvvəlcədən dərinə gedib, onları qorxutmaq istəmirəm. Onların həvəslərini qırmayaq, əksinə, daha da stimullaşdıraq. Amma ilk baxışdan ifaçılığa nə üçün – yəni siz deyən şöhrət, yoxsa istedad və sevgi ilə gəldiklərini bilmək olur. Mən yenə də bütün tələbələrə eyni sevgi və diqqətlə yanaşır, onlara bu sənəti dərinliyinədək öyrətməyə çalışıram. Zaman ötdükcə görünür ki, bu, asan məsələ deyil. Bilik, savad, musiqi duyumu, istedad vacibdir. Hə, bir də mühit, o ifaçının formalaşdığı mühit böyük önəm kəsb edir. Doğrudur, fitri istedadlı insanlar olur və onların ən böyük silahı ilahi vergidir. Amma onunla da təhsillərini, yorulmadan öyrənməklə, çalışmaqla inkişaf etdirməlidirlər.

 

– Sənətin şöhrət vədindən savayı görmədiyimiz, görmək istəmədiyimiz üzü də olur...

– Tələbələrimizə biz həm də bunu təlqin edirik. Səsdən doğru istifadə etməsən, onu qorumasan, asanlıqla itirə bilərsən. Demirəm ki, səsin pozular və ya tamaşaçıya xoş təsir bağışlamaz. Mən onlara təkcə pedaqoq, öyrədici kimi yox, çətinliklərlə müəyyən yol keçmiş ifaçı kimi də məsləhətlər verirəm. Hələ 6 yaşından balet dərsləri alarkən düşünürdüm ki, hansı sənət sahəsi ilə məşğul oluramsa, onu sevməliyəm və ən yaxşılarından olmağa çalışmalıyam. Bilirsiniz, sənət, əsl sənət məhz mübariz və yorulmaz adamları sevir. Özünə güvənən, işini gözəl bilən insan hər zaman güclüdür.

 

– Müsahibələrinizin birində opera ifaçısı olmaq istəmədiyinizi demişdiniz. Hansı peşə sizi daha çox cəlb edirdi?

– 17 yaşında opera müğənnisi olmaq arzusu xəyal da ola bilərdi. Niyə ki, istəməyim? Səsim də var idi. Ona rəğmən mən jurnalist olmaq istəyirdim. Ona görə də jurnalistləri çox sevirəm. Sizin də ağır işiniz var. Siz – KİV-lər olmasaydınız, bizi geniş tamaşaçı auditoriyası yetəri qədər tanımazdı. Mən bu gün tələbələrimizə də həmin sözü deyirəm: indi populyar olmaq daha asandır. İnternet var, müxtəlif kanallar, saysız saytlar, qəzetlər var. Amma bizim vaxtımızda bu imkanlar məhdud idi. Bu gün də iştirak etdiyimiz müsabiqələrdən, festivallardan, unudulmaz konsertlərdən videomaterialların olmamasına təəssüflənirəm.

O vaxt belə imkanlar, xüsusilə səni müşayiət edəcək kameralar, operatorlar yox idi. Elə ölkələrdə çıxış edirdik ki, heç orada sənin gəldiyin respublikanı tanımırdılar. Sadəcə, SSRİ-dən gələn ifaçı kimi qəbul edirdilər. Bayaq çətinliklərdən danışdım, bir neçə hadisə yaddaşımdan gəlib keçdi. Təsəvvür edin, elə ölkələrə gedirik ki, orada SSRİ-ni qəbul etmir, oradan gələn nümayəndələrə də aqressiv münasibət göstərirdilər. Təbii ki, bu rejimə münasibət idi və onun diplomatiyası da məhz sənət üzərindən körpüyə hesablanmışdı. Odur ki, siyasətin yol tapmadığı ölkələrə sənətçilər gedirdi. Əsl sənətin sərhəd tanımadığını da məhz o səfərlərdə görür və sevinirdim. Xatırlayıram, elan olunur və iki azərbaycanlı qız səhnəyə çıxıb italyanca, ispanca, fransızca, ingiliscə mahnılar, romanslar, operalardan parçalar ifa edir. Zal maraqla dinləyir, heyrətlənir, alqışlayır. Onun yaşatdığı qürur izahsızdır. Eləcə də müsabiqələr, biz bacıların cığır açdığı, o çətin yollarla gedib çıxdığı və qalib olduğu müsabiqələr də var. Vətənə iştirak etdiyimiz heç bir müsabiqədən əliboş dönməmişik. İfaçılıq təcrübəsi və bacarıq bizim böyük opera səhnəsinə gəlməyimizə imkanlar açdı.

 

– Xuraman xanım, sizin sənətə gəldiyiniz dönəmdə də akademik ifaçılıq geniş yayılmamışdı və daim təbliğ olunmasına ehtiyac var idi. Həmin vaxtlar bununla bağlı dövlət səviyyəsində müəyyən işlər də görülürdü. Bu təbliğata indi də ehtiyac var, yoxsa klassik, opera ifaçılığı müəyyən zümrəyə hesablanıb?

– Klassik musiqinin daim təbliğata ehtiyacı var! Ümumən, peşəkar sənət təbliğ olunmalıdır. Ailədə, mühitdə, cəmiyyətdə musiqi, peşəkar, zövqlü, yüksək səviyyəli musiqi daim təbliğ olunmalıdır. Hesab edirəm bilik, musiqi insanın daxili aləmini zənginləşdirir, onun ruhunu saf saxlayır. Zövqlər müzakirə olunmur, amma yaxşı, peşəkar, zəngin musiqi dinləmək, onu seçmək də böyük bacarıqdır. Klassik musiqinin auditoriyası, operalara, simfonik musiqiyə, kamera ifaçılığına, balet əsərlərinə kütlənin münasibəti təkcə bizdə yox, ümumən dünyada böyük problemdir. Yeni formalı estrada, sintez, bir növ hazır musiqilər, yüngül ritmlər asanlıqla ön plana keçib, qulaqlara yol tapdı. Xüsusən yeni nəsil zövqünü bu yüngül, bəsit musiqiyə təslim etdi. Bizdə də o problemlər var. Təsəvvür edin, tələbə olmağa, belə əzəmətli musiqi, sənət tədrisi ocağında təhsil almağa gələn gəncdən hansı əsərdən parça ifa edəcəksən soruşursan və o da sənə cavabında yox, mən əsərdən yox, bəstəkardan yox, filan müğənninin repertuarından bu mahnını oxuyacağam deyir. Üzr istəyirəm, mən heç kimin zövqünə, danışıq mədəniyyətinə, dünyagörüşünə şübhə ilə yanaşmıram. Sadəcə, bir az insaf, ay gənc. Axı sən Bakı Musiqi Akademiyasında təhsil almağa gəlirsən. Elədirsə, sən bəstəkar nədir, əsər nədir, yaxşı bilməlisən. Məhz belə tələbələr, yaxud tələbə olmağa iddialı gənclər nə qədər istedadlı olsalar da, ilkin təəssüratımızı çətin dəyişə bilirlər. Yaşından asılı olmayaraq, hər kəs məşğul olduğu sahəni sevməlidir. Bu həm məktəb, həm də vergidir. Gözəl ifaçılar tək-tək yetişir. Ümummilli liderimiz Heydər Əliyev demişkən “Sənətkarlar çox olarsa, onların qiyməti olmaz”. Belə ifaçılar, doğurdan da, örnək olmalıdırlar.

 

– İndi pedaqoji fəaliyyətlə məşğul olan ifaçıların da sayı çoxdur. Maraqlıdır, hər ifaçıdan yaxşı pedaqoq olar?

– Müəllim, pedaqoq, öyrətmən – bunlar çox dərin mənalı anlamlardır. Bu müqəddəs anlama asanlıqla nail olmaq mümkün deyil. Bizim vaxtımızda istər fəxri ad almaq, istərsə də səhnədə özünü təsdiqləmək elə də asan deyildi. Sağ olsun dövlətimiz, ifaçıları mütəmadi qiymətləndirir. Onlar qısa zamanda tanınırlar. Sonra da keçirlər pedaqoji işə. Əzizlərim, pedaqoji iş, öyrətmək çox çətin, ağır bir işdir. Gərək sən o qədər bilik və təcrübəyə malik olasan ki, səndən nə isə öyrənə bilsinlər. Bilmirəm nəzarətmi, yoxsa komissiyamı, nə isə bir peşəkar, ciddi mexanizm lazımdır. Bunu böyük, çətin yol keçmiş sənət adamları kimi dəfələrlə deyirik. Yaxşı olar ki, gənclər nə qədər imkan var, təcrübəli sənətkarlardan nə isə öyrənsinlər. Bu gün isə proses bir az başqadır və anlaşılan deyil. Dövlət şərait yaradır, ifaçı çox gənc yaşında fəxri adını alır, xaricdə təhsilə göndərilir, festival və konsertlərə yol açılır. Sonda nə olur? Onların ən böyük səhnəsi toy məclisləri olur. Tez-tez Amerikada, ay nə bilim, İngiltərədə konsert verdim, filan festivala qatıldım xəbərlərini eşidirik. Hanı afişan, hanı konsertinin lent yazısı, hanı mükafatın? Yoxdur, çünki yalan danışır və xaricdə çıxış etdiyi toyu, məclisi bizlərə konserti kimi təqdim edir. Olmaz! Əlbəttə, bu hamıya aid deyil, lakin belə hallar olur. Bir vaxtlar toy məclislərində ifa etmək üçün xüsusi “Azkonsert” adlı birlik var idi. Mədəniyyət Nazirliyi nəzdində idi. Həmin çıxışları da bu birlik təmin edirdi. Çünki qurumun solistlər, musiqiçilərdən və s. təşkil olunmuş ştatları var idi. Oraya qəbul olunan musiqiçilər, ifaçılar da peşəkar idilər və böyük repertuarla toy məclislərini idarə edirdilər. Həmin konsert birliyi də ifaçıya qonorar verir və faiz alırdı. Bir çox ifaçılar toy məclislərində populyarlaşdılar. Bu forma toy sahiblərini də, ifaçıları da məmnun edirdi. Məncə, bu təcrübə məntiqli idi. Əvvəla, müxtəlif janrlarda fəaliyyət göstərən, bacarığı olan müğənnilər işlə təmin olunurdular. Bundan başqa, digər musiqi kollektivləri də var idi. Bu kimi kollektivlərdə çalışmaq üçün musiqi savadı çox önəmli idi. İndi də çox önəmlidir. Lakin orada çalışmaq üçün təminatı ali tədris ocağı diplomda qeyd edirdi və ya xüsusi müsabiqə elan olunurdu.

İndi çox halda gənclər diplomu toy məclislərində, restoranlarda oxumaq üçün alırlar. Axı, mən səni restoran üçün yox, böyük salonlarda konsertlər, festivallar, müsabiqələr, opera səhnələrində əsas partiyaların ifaçısı kimi hazırlayıram. Arada adamın əməyinə heyfi gəlir. Xüsusən pandemiya vaxtı tədris prosesində. Təsəvvür edin, səs sənətindən onlayn dərs keçirsən. Sən burada boğularaq, yüksək səslə dərs aparırsan, tələbə orada. Nə onun necə oxuduğunu bilmirsən, nə də hansı xırdalıqlara vardığını ayırd etmirsən. Bu son birillik tədris lap bizi yordu. Mikrofona alışqanlıq da gəncləri məhv edir. Səslərini itirirlər. Tələbələrimə həmişə deyirəm ki, sizin səsiniz sizin kapitalınızdır və onu qədərində xərcləməlisiz. Tamamən xərcləsəniz, müflis olarsınız. O ki qaldı pedaqoq, müəllim olmaq – bu da mürəkkəb məsələdir. Bacarıq, peşəkarlıq, bilik, dərin təcrübə lazımdır ki, əslində, bu da vergidir. Bəzən yaxşı ifaçının da pedaqoji fəaliyyəti zəif olur.

 

– Çalışdım ki, sizinlə yubiley söhbəti edim. Amma alınmadı. Təəssübünüz və peşə sevginiz yenə ön plana keçdi.

– Əksi mümkün deyil. Çünki mənim adım da, hədiyyəm də, yubiley söhbətim də məhz sevdiyim işim, sənətimdir. Artıq elə yaş və statusdayam ki, bu və digər problemləri oxucu, tamaşaçı mənim də dilimdən eşitməlidir. Çox sağ olsunlar bizim musiqisevərlər. Onsuz da Fidan və Xuraman Qasımova bacılarını çoxdan qəbul ediblər, dəyərləndiriblər. Mən də öz vətəndaş, sənətkar mövqeyimi belə bildirməli idim. Gördüyümü, görmək istədiyimi bölüşməliydim. Suallarınızı bütün səmimiyyətimlə cavablandırmaq istədim. Düşünürəm ki, oxucular bunu hiss edəcəklər.

 

– Nostalgiya ilə yaşayırsınız?

– Bəli, mən onunla yaşayıram. Onu deyim ki, mən yaşlandıqca daxilən sanki böyüməmişəm. Uşaq kimi saf, hər şeyə inanan, kövrək və həssas Xuramanam. Yəqin bu da gendən, ailədən gəlir. Mən keçmişin xatirələri ilə yaşayır, valideynlərimi, uşaqlığımı, o dövrün sənət mühitini xatırlayır və sevinirəm ki, nə yaxşı ki bu belə olub. Bizim də həyatımız, maraqlı olsa da, yalnız gül-çiçəkdən ibarət olmayıb. Ağır, kədərli günlərimiz də olub və bunlardan da mərdliklə, qürurla çıxmağa çalışmışıq. Ələlxüsus da bacımla, ailəmizlə birliyimiz, həmrəyliyimiz heç zaman sarsılmayıb.

 

– Opera səhnəmizdə, kinomuzda maraqlı, yaddaqalan çıxışlarınız olub. Hansı qəhrəmanınız sizə daha yaxındır? Yaxud hansı əsərdə, mahnıda ruhunuz rahatlıq tapır?

– Mənim bütün qəhrəmanlarım mübariz və zərifdir. Onların hər birini də sevə-sevə yaratmışam. Ümumən irili-xırdalı bütün rollarım mənim üçün çox dəyərlidir, doğmadır. Çünki hərəsinin bir taleyi, bir tarixçəsi, bir səhnə ömrü var. Musiqilər də həmçinin. Daha çox xalq mahnılarımız, xüsusən də “Küçələrə su səpmişəm” ruhumu dilləndirir. Sözlərdəki gözəlliyə baxın: “Küçələrə su səpmişəm, yar gələndə toz olmasın”... Dərin sevgi və sayğı ilə.

Həmidə NİZAMİQIZI