Bakı komandası Ukraynanın yumor şousunda
Ukraynanın “Ліга Сміху” (“Gülüş Liqası”) televiziya yumor şousunda Bakı şəhərini təmsil edən “Как по маслу” (“Yağ kimi”) komandası da iştirak edir.
Layihənin 8-ci mövsümündə ilk turda qeydiyyata alınan 109 komandadan 25-i ikinci tura keçib. Onların arasında Bakı komandası da var. Bu, 2018-ci ildən bəri Azərbaycanı beynəlxalq yumor arenasında təmsil edən yeganə kollektivdir.
“Komandamız gücləndi, yenidən formalaşdı və yeni mövsümə yeni ümidlərlə gedir. Komandamızın tərkibinə təcrübəli müəllif və “Planet Parni iz Baku” teatrının aktyoru Ələkbər Əliyev, həmçinin gənc istedadlı bloger Mark Kim daxil oldular. Komandanın “sütun”larından olan Səməndər Rzayev, Valeh Dayanov və Emil Dalivalov da yenilənmiş kollektivdədir. İnanıram ki, müvafiq dəstəklə komandanın ölkəmizi yüksək səviyyədə təmsil etmək şansı var. Hazırda növbəti mərhələdə ikinci turda uğurla keçmək vacibdir”, - deyə komandanın kapitanı Cavid Şahbazbəyov bildirib.