İyunun 29-da Azərbaycan Bəstəkarlar İttifaqının konsert salonunda qurumun “Nizami Gəncəvi İli”ndə elan etdiyi qəzəl-romans janrında müsabiqənin qalibləri mükafatlandırıldı.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək müsabiqənin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu müsabiqənin çox gözəl bir özəlliyi oldu: “Müsabiqədə peşəkar, qocaman bəstəkarlarla bərabər gənc bəstəkarlar da iştirak edirdi. Çox maraqlı və diqqətçəkən əsərlər təqdim edilmişdi. Biz onların ən yaxşılarını mükafata təqdim etdik. Sevindirici haldır ki, regionlarda yaşayan bəstəkarlar da müsabiqəyə qatılmışdı. İnanıram ki, onların əsərləri gələcək müsabiqələrdə layiqli yer tutacaq. Müsabiqələr həm bəstəkarların tanınmasına, həm də onların arasında rəqabət mühitinin yaranmasına təkan verir”.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, münsiflər heyətinin üzvü Zemfira Qafarova bildirdi ki, müsabiqəyə maraqlı əsərlər təqdim edilmişdi: “Onlarla bir-bir tanış olduq və maraqla dinlədik. Seçim çətin olsa da, obyektiv olmağa çalışdıq”.

Çıxışlardan sonra mükafatlar sahiblərinə təqdim edildi.

Birinci dərəcəli mükafat Xalq artisti Dadaş Dadaşova, ikinci dərəcəli mükafat sənətşünaslıq namizədi Lalə Cəfərovaya, üçüncü dərəcəli mükafat Xalq artisti Azər Dadaşova verildi.

Bəstəkarlardan Tahir İbişov, Fərid Fətullayev və Kəmalə Əlizadə fəxri diplomla təltif olundular.

Xalq artisti Dadaş Dadaşov çıxış edərək müsabiqənin təşkilində zəhməti olan hər kəsə təşəkkür etdi. Bildirdi ki, Nizami poeziyasını anlamadan ona musiqi bəstələmək olduqca çətindir.

Savalan FƏRƏCOV