Könüllərin ilhama gəldiyi, təbiətin oyandığı, aləmə sevgi, yaşam eşqi pıçıldayan yaz gecəsində bu dünyadan bir şair köçdü. O şair ki, “həyatda ən böyük qazancım dostlarımdır” deyirdi. O şair Ramiq Muxtar idi.

Bir əqidəm, bir amalım,
Bir işıqlı yolum vardır.
O yol böyük Vətən dərdim,
Azadlığın şüarıdı...

- misralarını yazan şairi insanlara sevdirən əsas cəhətlərdən biri də məhz  xalq həyatına dərindən bələd olması, onun arzu və istəklərini öz əsərlərində dolğun, səmimi əks etdirməsi idi.

Bu ilin aprel ayında 79 yaşında dünyaya əlvida deyən tanınmış şair-dramaturq, Prezident təqaüdçüsü Ramiq Muxtar oğlu Nağıyev 1942-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 11 yaşından bədii yaradıcılığa başlayıb, şeirləri dövri mətbuatda mütəmadi dərc olunub. 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan müəllifin sözlərinə 120-dən artıq mahnı bəstələnib. Hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı şeirlərə bəstələnmiş mahnılar müxtəlif müsabiqələrdə səkkiz dəfə birinci mükafata layiq görülüb.

Ulu öndər Heydər Əliyevin tapşırığı ilə Ramiq Muxtar “Dünya azərbaycanlılarının birlik nəğməsi”ni bəstəkar Nəriman Məmmədovla birlikdə yazıblar. 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının I Qurultayının açılışı günü mahnının sözləri notu ilə birlikdə “Respublika” qəzetində çap olunub və qonaqlara paylanılıb.

...Qürbət eldə, qərib yurdda yaşasaq da,
Yerin altda, göyün üstə dolaşsaq da,
Gözlərindən çox uzaqda biz olsaq da,
Ürəyimiz səninlədi bizim hər an,
Ey müstəqil Vətənimiz, Azərbaycan, Azərbaycan!

Ramiq Muxtar eyni zamanda Ağdamın “Qarabağ” futbol komandasının himninin də mətn müəllifidir.

Şairin sözlərinə Xalq artistləri Ramiz Mustafayev, Nəriman Əzimov, Sərdar Fərəcov musiqilər bəstələyiblər. Əllidən çox ifaçı şairin sözlərinə yazılmış mahnıları ifa edib. Dramaturq kimi də fəaliyyət göstərən müəllifin “Əgər sevirsənsə”, “Şəhərli kürəkən”, “Üfüqlər qızaranda”, “Əlvida, köhnə dünya”, “Müdirin aqibəti”, “Doğma səmanın ulduzları” və digər pyesləri Bakıda, habelə İrəvan, Naxçıvan, Qazax, Ağdam teatrlarında tamaşaya qoyulub.

Müəllif gürcü-Azərbaycan xalqlarının dostluğundan bəhs edən “Şəhərli kürəkən” pyesinə görə Gürcüstanın “Şərəf” ordeninə layiq görülüb. Rəsul Rza adına beynəlxalq mükafatın laureatı olan şair Prezidentin fərdi təqaüdçüsü idi.

Mərhum şairi rejissor Tahir Tahiroviçin xatirələri işığında yad etdik. Tahir müəllim Ramiq Muxtarı rejissor, şair, dramaturq, futbol mütəxəssisi və nəhayət, gözəl insan kimi xarakterizə edir: “O, bunlara görə vaxtından tez qocalmışdı. Çünki ömrü boyu adlarını sadaladığım sahələrə ürəkdən yanaşırdı. Ən əsası dostlarının hər anda köməyinə gələrdi. Təsadüfi deyil ki, müəllifin yazdığı son şeirdən də bunu görmək mümkündür:

Sevdim insanları canımdan artıq,
Hər uğur, hər sevinc məni ucaltdı.
Bir mərdi bir namərd dara çəkəndə,
Dərd mənə güc gəldi, məni qocaltdı...”.

Rejissor deyir ki, Ramiq Muxtar M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) təhsil alıb. Sonra Naxçıvanda “Şərq qapısı” qəzetində ədəbi işçi, Şahbuz rayonundakı Uşaq musiqi məktəbinin direktoru, Naxçıvan MSSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, “Araz” futbol klubunun rəhbəri, 1984-1986-cı illərdə Naxçıvan Dövlət Filarmoniyasının direktoru, paytaxtın Nəsimi rayonundakı şahmat məktəbinin müdiri və bir çox vəzifələrdə çalışıb. Son olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun direktoru olmuşdu. O, eyni zamanda dama üzrə SSRİ idman ustası idi.

Həmsöhbətim bildirir ki, nədənsə hamı Ramiq müəllimi özünə yaxın sanardı. El adamı idi. Sadə, səmimi və təvazökar. Heç kimin xətrinə dəyməyən lirik xasiyyəti vardı. O, həyatını da şeirləri kimi gerçək yaşayıb: “Bu gün yəqin ki, şairin ruhu rahatdır. O, Qarabağın azad olunduğunu görüb bu dünyadan köçdü. Şair vaxtilə “Əyəmmədi qamətini qan püskürən yağı düşmən, And yerimiz tək sən oldun, Azərbaycan - Ana Vətən!” - deyə yazmışdı. Səmimiyyət şairinin xatirəsi yaxşılıq etdiyi insanların, oxucu və tamaşaçılarının, eləcə də sədaqətli dostlarının qəlbində əbədi yaşayacaq”.

L.AZƏRİ