“Yeni Azərbaycan” muğam qrupu türkiyəli rok ifaçı Ahmet Şafakın “Azərbaycan–Türkiyə” mahnısını yeni aranjimanda ifa edib. Gənc musiqiçilər – tarzən Ədalət Behbudov, kamança ifaçısı Pərviz Fərhadov və xanəndə Tuqay İsmayılov budəfəki ifanı Azərbaycan–Türkiyə qardaşlığına həsr ediblər.

Kamança ifaçısı, Azərbaycan Milli Konservatoriyasının müəllimi Pərviz Fərhadov torpaqlarımız düşmən tapdağında olduğu zaman xarici ölkələrdə verdikləri konsertlərdə işğal altında olan bölgələrimizin adı ilə çıxış etdiklərini bildirib: “Şükürlər olsun ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində, qəhrəman oğullarımız sayəsində torpaqlarımız işğaldan azad edildi. Bu münasibətlə biz ilk olaraq iki qardaş ölkənin dostluğuna həsr olunan “Azərbaycan–Türkiyə” mahnısını yeni aranjimanda ərsəyə gətirdik, milli ritmlər də əlavə etdik. Onu da əlavə edim ki, bu əsər ilk dəfə ulu öndər Heydər Əliyevin qarşısında ifa olunub. Bizim üçün çox xoşdur ki, ifamızı Ahmet Şafak öz rəsmi “İnstagram” səhifəsində də paylaşıb və “Qardaşlığımız əbədi olsun!” sözlərini yazıb”.

Qeyd edək ki, “Yeni Azərbaycan” muğam qrupunun üzvləri – xanəndə Tuqay İsmayılov və tarzən Ədalət Behbudov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Bakı Humanitar Kollecində müəllim işləyirlər. Muğam qrupu dəfələrlə respublika və beynəlxalq müsabiqələrdə uğur qazanıb.

LALƏ