Redaksiyadan. Yazı redaksiyaya 2020-ci ilin martında təqdim edilmişdi. Lakin elə həmin ayda pandemiya səbəbindən toy mərasimləri təxirə salındığı üçün dərc edilməsi ləngidi. Bir il üç aydan sonra (1 iyul tarixindən) toylar yenidən başlayır. “Vağzalı”nın da çalınma vaxtıdır...

Ölkəmizdə yaradılan rəqslərin bir çoxu özündə qədim və zəngin tariximizi yaşadır. Rəqs sənəti ilə bağlı Azərbaycanda ən qədim yazılı abidə “Kitabi-Dədə Qorqud” dastanı sayılır. Şifahi ədəbiyyatımızın şah əsəri, zirvəsi olan bu dastanda “Qanlı qoca oğlu Qanturalı boyu”nda gəlinlərin rəqs etdiyi qədim bir havanın adı qeyd olunur: “Ozan gəldi, “Yelətmə” çaldı”.

Məşhur qorqudşünas alim, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Samət Əlizadə (1938-2002) həmin boyu sadələşdirilmiş variantında, yəni “yelətmə” sözünün izahını gəlin havası kimi təqdim etmişdir. Deməli, “Yelətmə” o dövrdə gəlin havası olub, indiki “Vağzalı” əvəzində ifa edilib. Onu da bildirək ki, Azərbaycan musiqi mədəniyyətində “Yelətmə” adlı yallı növü də olmuşdur. Bu rəqs kollektiv şəkildə, yallıvarı icra edilirmiş. İnsanlar əl-ələ verib yellənmişlər, rəqsin adının kökündə də “yel” sözü durur. Mütəxəssislər “Yelətmə” sözünün etimoloji baxımdan “Yallı” sözü ilə bir-birinə bağlı olduğunu bildirirlər.

“Dədə Qorqud” dastanlarının əksəriyyəti eradan əvvəl yaranmışdır. Qorqudşünas alimlərin fikrincə, bu dünyaya bir çox Dədə Qorqudlar gəlib-getmişlər. Deməli, dastanda vəsf olunan “Yelətmə” havası və eləcə də qolça qopuz çalğı aləti də eradan əvvəl yaranmışdır. Qolça qopuzun yaranma tarixi arxeoloji qaynaqlara görə, e.ə. VI-V minilliklərə gedib çıxır. Ehtimal olunur ki, həmin dövrlərdə gəlin gətirmə mərasimlərində “Yelətmə” qolça qopuzda ifa olunurmuş.

Bilindiyi kimi, “Vağzalı” rəqsi də “Yelətmə” kimi Azərbaycanda, əsasən, gəlin gətirmə mərasimində ifa edilir. XVI əsrdə Azərbaycanda məskunlaşmış Qaraqoyunlu qəbiləsinə məxsus olan “Qarabağın ağırı” və yaxud “Asta Qarabağı” rəqslərinin musiqi motivləri də “Vağzalı” rəqsində özünü göstərir. Bu baxımdan bəzi mütəxəssislər “Vağzalı”nın həmin rəqslərdən yarandığını düşünürlər. Biz isə bu fikirlərlə razılaşmırıq, çünki gəlin gətirmə mərasimlərinin yaranması oğuzların ibtidai dövrünə gedib çıxır. Bu melodiyada oğuzun ruhu vardır. “Kitabi-Dədə Qorqud” dastanında belə bir musiqinin ifa edildiyinin şahidi oluruq. O başqa məsələdir ki, tarixin müxtəlif mərhələlərində bu rəqs fərqli adlar daşımışdır: “Yelətmə”, “Atlanma”, “Asta Qarabağı”, “Qarabağın ağırı”, nəhayət, “Vağzalı”.

Bəs hansı səbəbdən kökü “Yelətmə” olan rəqslər sonradan “Vağzalı” adını almışdır?

Əslində, rəqsin melodiyasının vağzalla heç bir əlaqəsi yoxdur. Dədə Qorqud dövründən sonra gəlini bəzədilmiş faytonda aparıblar, ona görə də havanın adına “Atlanma” deyiblər.

“Vağzal” sözü dilimizə XIX əsrin sonlarında, daha dəqiqi, 1880-ci ildə Azərbaycanda ilk dəmiryolu (Bakı-Suraxanı-Sabunçu) xətti istifadəyə verildikdən sonra daxil olmuşdur. Əsli ingiliscədən olan “vauxhall” sözü rus dilində “vokzal”, Azərbaycan dilində isə “vağzal” şəklində tələffüz edilmişdir.

Görünür, Bakıda ilk vağzal açılandan sonra kimsə övladına toy etdikdə gəlini Sabunçuya və yaxud Suraxanıya faytonla deyil, qatarla aparmaq qərarına gəlir. Yəqin ki, gəlinin evi də vağzala yaxın olubmuş. Bəyin atası gəlinin yaşadığı həyətə musiqiçilərlə daxil olur. El adətinə uyğun olaraq zurnaçılar dəstəsi öncə “Atlanma” havasını ifa edirlər. Sonra qohum-əqrəba qol qaldırıb müxtəlif oyun havalarını rəqs edirlər. Bəyin atası musiqiçilərə deyir: “Həzərat, artıq vaxtdır, bir “Vağzalı” çalın, yola düşək, qatara gecikməyək”. Musiqiçilər də, təbii ki, gəlin havası “Atlanma” olduğundan bu rəqsi ifa edirlər. Həmin gündən “Atlanma”ya “Vağzalı” deyilir və bu söz dəbə düşür.

Tanınmış musiqişünas Firudin Şuşinski bildirir ki, 1914-cü ildə məşhur qarmonçalan Kərbəlayı Lətif “Ekstrafon” cəmiyyəti tərəfindən Kiyev şəhərinə dəvət edilmiş, burada bir sıra muğam və rəqslərlə yanaşı, “Vağzalı” oyun havasını da ifa edib vala yazdırmışdır.

“Vağzalı” rəqsinin adına Əlihüseyn Dağlının 1924-cü ildə qələmə aldığı “Ozan Qaravəli” adlı əsərində də rast gəlirik. 1936-cı ildə isə Səid Rüstəmov “Vağzalı” rəqsini notlaşdırmışdır. Bu rəqs “Segah” məqamında, moderato tempində və 6/8 ölçüsündə bəstələnmişdir. “Vağzalı”nın melodiyası dinləyicidə sevinc və həsrət hisslərinin vəhdətini təşkil edir. Övladını yola salan ailə ayrılıq, hicran hissləri keçirirsə, oğlan evinin nümayəndələri isə tam fərqli ovqatda (sevinc, şad, xürrəm, vüsal və s.) olur.

Tanınmış müğənni, Əməkdar artist Təranə Vəlizadə “Vağzalı” rəqsi ilə bağlı söyləyir: “Мən belə düşünürəm ki, keçmişdə zurna, müasir dövrdə isə klarnetçalanların sənətkarlıq səviyyəsini müəyyənləşdirmək, onlara qiymət vermək və çalğısını yoxlamaq üçün ifalarında təkcə “Vağzalı”nı dinləmək kifayətdir. “Vağzalı” elə bir musiqidir ki, orada ifaçı bütün hiss və ovqatlarını – sevinc, kədər, can yanğısı, intizar, həyəcan, hicran, ayrılıq və s. büruzə verə bilir. Hər musiqiçinin öz ürəyi nə qədər yük çəkə bilirsə, eləcə də çalır. Mən ifaçılardan çox gözəl “Vağzalı”lar eşitmişəm. Onların hər biri bu rəqsi özünəməxsus, öz dəst-xətti ilə ifa edib”.

“Vağzalı” oyun havası 1937-ci ildə Şəki musiqiçilərinin – qoşanağara çalan Əhmədağa Məhərrəmovun dəstəsinin ifasında lentə alınmışdır. Böyük bəstəkar Üzeyir Hacıbəyli uzaqgörənlik edərək öz tələbələrinə tövsiyə edirdi ki, bəzi qədim rəqslərdən əsərlərində istifadə etsinlər ki, onlar unudulmasın, həm də başqa xalqlar gələcəkdə bu rəqslərə yiyə dura bilməsinlər. Yəni həmin not nümunələri əsasında illər ötdükdən sonra deyə bilək ki, hələ XX əsrin birinci yarısında bəstəkarlarımız müvafiq rəqsləri notlaşdırıb və əsərlərində istifadə etmişlər. Onu da qeyd edək ki, Azərbaycanın bir sıra rəqs melodiyalarını mənimsəyən erməni musiqiçiləri “Vağzalı”dan da yan keçməyiblər. Bəstəkar Aram Xaçaturyan (1903-1978) “Qayane” baletinin “Qılınclarla rəqs” hissəsində “Vağzalı”nın melodiyasından fraqment şəklində istifadə etmişdir. Yeri gəlmişkən, adıçəkilən baletdə Azərbaycan xalq rəqsləri “Şələqoy” (“Şalaxo”) və “Uzundərə”dən də istifadə olunmuşdur.

Beləliklə, araşdırmalardan bəlli olur ki, “Kitabi-Dədə Qorqud” dastanında qeyd edilən “Yelətmə” rəqsi “Vağzalı”nın ilkin növü, prototipidir.

Abbasqulu NƏCƏFZADƏ
sənətşünaslıq elmləri doktoru, professor