Şöhrəti dünyaya yayılan Azərbaycan xalçalarının məşhur muzeylərin eksponatları sırasına daxil olduğu, şəxsi kolleksiyalarda yer aldığı və məşhur rəssamların əsərlərində təsvir olunduğu artıq bizə məlumdur. Bununla yanaşı, XX əsrin 2-ci yarısından etibarən bir sıra əcnəbi filmlərdə Gəncə, Qazax, Quba, Şirvan, Qarabağ, Təbriz xalçalarını görmək mümkündür. Azərbaycan xalçaları rənglərinin al-əlvanlığı, ornamentlərinin bolluğu, simvolik mənası ilə Avropa ölkələrində, həmçinin digər ölkələrdə məşhurlaşmış, insanların sevimli məişət əşyasına çevrilmişdir. Bunun nəticəsidir ki, biz əcnəbi filmlərdə xalçalarımıza tez-tez rast gəlirik.
Bu filmlərdən ilk olaraq “The dead zone” (“Ölü zona”, ABŞ, 1983) filmini qeyd etmək olar. Yazıçı Stiven Kinqin eyniadlı əsəri əsasında ekranlaşdırılmış filmin rejissoru David Kronenberqdir. Filmdə biz dəfələrlə Azərbaycan xalçalarının təsvirini görürük. Onlardan biri “Çıraqlı” xalçasıdır. Xalça adını Gəncə şəhərindən 35 km cənubda yerləşən Çıraqlı kəndinin adından almışdır. “Çıraqlı” xalçası təkcə Gəncə deyil, Şirvan xalçaçılıq məktəbində də toxunurdu.
Filmdə təsvir olunmuş xalçanın göy yerlikli ara sahəsində bu xalçalara xas olan şaquli formada bir-birinin ardınca düzülmüş düzbucaqlı formalı medalyonlar təsvir olunub. Xalçanın şəkəri rəngli ana haşiyəsində isə “Beşik” adlanan element təsvir edilib. Bu element altıbucaqlı və yaxud da romb formada olur, aşağı və yuxarı tərəfdən qoç buynuzuna bənzər motivlə birləşir. Ortaq türk damğası hesab olunan bu elementə xalçalarımızda tez-tez rast gəlinir. Onlardan əsasən xalçaların haşiyə zolaqlarında istifadə olunur.
Növbəti film rejissor Kventin Tarantinonun “İnglourious Basterds” (“Şərəfsiz əclaflar”, ABŞ, 2009) filmidir. Məşhur filmin elə ilk səhnələrində Qubanın “Zeyvə” xalçasını görürük. “Zeyvə” xalçaları qədim və zəngin tarixə malikdir. Xalçanın adı Qubadan 30 km cənub-şərq istiqamətində yerləşən kəndin adından götürülüb. Bu kompozisiya, həmçinin Qazax, Gəncə, Şirvan xalçaçılıq məntəqələrində də toxunub.
Filmdə gördüyümüz kiçikölçülü “Zeyvə” xalçasının ara sahəsində bir-birinin ardınca yerləşdirilmiş ulduz formalı göllər təsvir olunub. Qırmızı yerlikli ara sahədə boş qalan hissələr doldurucu elementlərlə tərtib olunub. Ana haşiyədə isə “Məşəl” haşiyə bəzəyindən istifadə edilib.
Digər bir ekran əsəri rejissor Robert Zemeckisin “What lies beneath” (“Yalan nəyi gizlədər”, ABŞ, 2000) filmidir. Filmdə Qubanın “Bilici” xalçasını görürük. Xalçanın sürməyi rəngli ara sahəsində kətəbələr və kiçik göllər təsvir olunub. Ana haşiyədə isə, “Çıraqlı” xalçasında olduğu kimi, “Beşik” adlanan simvolik ornament var.
Çoxseriyalı filmlərdə də Azərbaycan xalçalarına rast gəlmək mümkündür. Buna misal olaraq “Freud” (Avstriya-Almaniya, 2020) teleserialını göstərmək olar. Psixoanalizin banisi Ziqmund Freydin həyatından bəhs edən serialda Təbriz xalçaları təsvir olunub. Təsadüfi deyil ki, Z.Freydin Ev-Muzeyində də Təbriz xalçalarına rast gəlinir. Freyd xəstələri qəbul etdiyi otağı hər zaman xalçalarla döşəyərdi. Bu xalçalar içərisində Təbriz xalçaları üstünlük təşkil edirdi. Freydə görə, bu xalçalar xəstələrə rahatlıq, ruh yüksəkliyi gətirirdi.
Azərbaycan xalça ornamentlərinə də rast gəlinən ekran əsərlərinə misal olaraq “Angel Heart” (“Mələk qəlbli”, ABŞ, 1987; “Qoşabuynuz” elementi), “Good will hunting” (“Can dostum”, ABŞ, 1997; “Qarmaqlı” elementi) filmlərini də göstərmək olar. Belə filmlərin sayı çoxdur. Bu filmlər Azərbaycan xalçalarının şöhrətindən xəbər verir. Əminliklə deyə bilərik ki, Azərbaycan xalçaları və xalçalardakı simvolik ornamentlər dünyanın bir çox ölkələrinin incəsənətinə təsir edib və bu təsir hələ də davam edir.
Laçın ASLANOV