İyunun 24-dən 28-dək Londonda keçirilmiş Avrasiya Yaradıcılıq Gildiyasının beynəlxalq kinofestivalında (“ECG Film Festival”) Qran-pri mükafatı Qırğızıstan istehsalı olan “Munabiə” filminə verilib.
Dünyanın 17 ölkəsini təmsil edən 60 filmin arasında ən yüksək mükafata layiq görülmüş filmin quruluşçu rejissoru Taalaybek Kulmendeyevdir.
Filmin qəhrəmanı həyat sınaqlarından keçmiş, iztirablar, təhqirlər yaşamış Munabiə adlı gözəl, müstəqil və müdrik qadındır. Cəmiyyətdəki total qəddarlıq şəraitində öz şərəf və ləyaqətini qorumağı bacaran tək-tük insanlardan bəhs edən film yeniyetməlik çağından uzaqlaşmış qırğız Romeo və Cülyettasının sevgi əhvalatıdır. Tanınmış qırğız yazıçısı Kazat Akmatovun “Munabiə” novellası ötən əsrin 70-ci illərində öz ölkəsində “İlin ən yaxşı əsəri” kimi də dəyərləndirilib.
2017-ci ildə ekrana çıxmış “Munabiə” filmində əsas rollarda Meyrim Atantayeva, Sakıbek Karabayev, Ulan Sultanqaziyev və Qulziyət Suranşiyeva çəkiliblər.
GÜLCAHAN