Zakir Əliyev: «Rusiya Turizm Sənayesi İttifaqına üzvlük hər iki ölkədə turizm biznesinin inkişafına şərait yaradacaq»
   
   Moskvadakı “Krokusekspo” sərgi-kompleksində keçirilən “Payız turizm biznesi həftəsi” çərçivəsində təşkil olunan İşgüzar Turizm üzrə beynəlxalq konfransın işində Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev də iştirak edib.
   
   Z.Əliyevin dediyinə görə, konfransda işgüzar turizmin inkişaf perspektivləri və turizmin coğrafiyasının genişləndirilməsi ilə əlaqədar aktual məsələlər müzakirə edilib. Bakı Turizm İnformasiya Mərkəzinin Rusiya Turizm Sənayesi İttifaqına üzv olduğunu xatırladan Z.Əliyev bunun ölkəmiz üçün əlamətdar hadisə olduğunu bildirib: “Rusiya Turizm Sənayesi İttifaqı İcraiyyə Komitəsinin iclasında bizə təşkilatımızın quruma üzv olması barədə şəhadətnamə təqdim edildi. Qeyd edim ki, bu, Rusiyanın ən iri operatorlarının, müxtəlif turizm assosiasiyalarının və KİV-lərin daxil olduğu böyük təşkilatdır. Azərbaycan bu ittifaqın sayca 12-ci xarici üzvü oldu. Hesab edirəm ki, bu təşkilata üzv olmağımız çox mühüm hadisədir və şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında, ölkələrimizin turizm operatorları arasında əlaqələr yaratmağa və sıx əməkdaşlıq qurmağa kömək edəcək. Bu, həm Rusiyada, həm də Azərbaycanda turizm biznesinin inkişafına şərait yaradacaq».
   BTİM-in rəhbəri onu da bildirib ki, tədbir müddətində ölkəmizlə qarşılıqlı sərfəli əməkdaşlıq qurmaq arzusunda olan aparıcı turizm operatorları Azərbaycana dəvət ediliblər: «Onlar ölkəmizin, o cümlədən Azərbaycan regionlarının malik olduğu çox böyük turizm potensialı ilə tanış olacaqlar».
   Qeyd edək ki, Bakı Turizm İnformasiya Mərkəzi Azərbaycan hökuməti ilə BMT-nin birgə layihəsi əsasında 2006-cı ilin sonlarında yaradılıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tərkibinə daxil olan bu struktur bölməsinin hazırda Azərbaycanın 8 regionunda, o cümlədən Quba, Xaçmaz, Gəncə, Şamaxı, Şəki, Zaqatala, Naxçıvan və Lənkəranda turizm informasiya mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər vasitəsilə regionlarda turizm imkanları araşdırılır, tarixi abidələrimiz, yaşayış kompleksləri, hotellər, turbazalar, müalicəvi istirahət mərkəzləri, ov məkanları və ümumiyyətlə, turizm anlayışına daxil olan yerlər haqqında məlumatlar toplanılır. Sonra bu məlumatlar Bakı Turizm İnformasiya Mərkəzinin saytı (www.turizm.aza) vasitəsilə bütün dünyaya təqdim edilir.
   Zakir Əliyev bildirdi ki, Bakı Turizm İnformasiya mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında daha iki turizm ofisi açmağı planlaşdırır: «Şəhərimizə gələn turistlər bilavasitə həmin ofislərdə bütün zəruri informasiya ilə tanış ola biləcəklər. Bizim mərkəz Azərbaycanın turizm potensialını təbliğ edən müxtəlif çap məhsullarının nəşri ilə məşğul olur. Onu da qeyd edək ki, BTİM Azərbaycanda ilk dəfə olaraq “Milli turizm mükafatı” təsis edib. Bu mükafat qaliblərə sentyabrın 29-da - Dünya Turizm günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən tədbirdə təqdim ediləcək».

    Fəxriyyə Abdullayeva