Alim Qasımovun ansamblı Moskvada Çexov festivalında çıxış edib

 

Xəbər verdiyimiz kimi, Moskvada keçirilən A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalında ilk dəfə Azərbaycan muğamı səslənib. Festivalın təşkilatçıları tamaşaçılarını Azərbaycan muğam sənəti ilə tanış etmək üçün Xalq artisti Alim Qasımovu ansamblı ilə birgə qastrol səfərinə dəvət etmişdi.

Alim Qasımovun ansamblı 3-4 iyul tarixlərində Moskva Musiqi Evinin səhnəsində “Dünya məhəbbət üzərində qurulub” adlı musiqili-poetik kompozisiyanı təqdim edib.

Konsertdə dünyaca məşhur sənətçi və qızı – Əməkdar artist Fərqanə Qasımova birlikdə ifa etdikləri muğamlarla tamaşaçıların könlünü oxşayıblar.

“Muğam XVII əsrin ortodoksal poetik mətnləri üzərində yazılmış, ilahi sevgini tərif edən Azərbaycanın ənənəvi ecazkar musiqisidir”, – deyə festivalın saytında bildirilir. Məlumatda qeyd olunur ki, muğam 2008-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu gün dünyada ən məşhur muğam ifaçısı Alim Qasımov hesab olunur. Onun ifa tərzi unikaldır, o, muğamın çoxəsrlik, həmçinin caz və müasir kompozisiya kimi müxtəlif janrların mürəkkəb və yenilikçi qaydalarına söykənən, dərin biliklərə malik bir ifaçıdır.

1992-ci ildə əsası qoyulan A.P.Çexov adına Beynəlxalq Teatr Festivalı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və Moskva Şəhər Mədəniyyət Departamentinin təşkilatçılığı ilə keçirilir. İki ildən bir keçirilən festivalın proqramı bir neçə ay davam edir və bu müddətdə teatr tamaşaları ilə yanaşı müxtəlif ölkələrdən fərqli incəsənət nümunələri də nümayiş olunur. 15 may tarixindən 20 noyabradək davam edəcək budəfəki proqramda yapon xoreoqrafiya sənəti, ispan flamenko rəqs sənəti kimi nümunələr də var.

Alim Qasımovun ansamblına xanəndə (vokal) ifaçılar olaraq sənətkarın özü və qızı, instrumental ifaçılar Rauf İslamov (kamança), Zəki Vəliyev (tar), Rafael Əsgərov (balaban) və Cavidan Nəbiyev (nağara) daxildir.