Fransada məşhur fotoqraf Rza Diqqətinin silsilə sərgiləri
Fransanın müxtəlif şəhərlərində Azərbaycan əsilli məşhur fotoqraf Rza Diqqətinin (Reza Deqati) silsilə sərgiləri təşkil olunub.
Şatovilən şəhərində tanınmış incəsənət kuratoru Pyer Boncovanninin təşkilatçılığı ilə keçirilən “Dünyanın mənşəyi” adlı sərgi çərçivəsində Rza Diqqətinin Azərbaycanda çəkdiyi fotolar nümayiş olunur. Sərginin ən iri zalı onun böyük formatda fotolarına ayrılıb.
Qobustan qayaüstü rəsmlərini əks etdirən fotolar ziyarətçilərdə böyük maraq doğurub və bu fotolar vasitəsilə və sərginin adına uyğun olaraq, ölkəmizin qədim yaşayış məskənlərindən olduğu diqqətə çatdırılıb.
“Sülh fotojurnalisti” kimi təqdim edilən Rza Diqqətinin münaqişə olan müxtəlif ölkələrdən, xüsusilə də Qarabağ müharibəsindən, Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən viran qoyulmuş şəhərlərindən çəkdiyi fotolar emosiyalarla qarşılanıb.
Bu fotolar arxa planda – çəkildiyi məqam, yer və onun əks etdirdiyi səhnəni, bəzən faciəvi bir hadisəni xatırladır. Fotoların arxasında gizli qalan faciəvi tarixçələr yazılı şəkildə hər bir fotonun aşağısında təqdim olunur. Seçilmiş xüsusi ifadələrlə yazılan mətn də ziyarətçilər tərəfindən xüsusi maraqla oxunur.
Nümayiş olunan 100-ə qədər fotonun hər biri qardaşlığa, sülhə, barışığa və mehriban birgə yaşayışa çağırışı ifadə edir. Rza Diqqəti fotoların dili ilə yaşadığı səhnələri ifadə edir, bu gün bəşəriyyət üçün zərurətləri insanlara çatdırır, müharibələrin törətdiyi acıları fotolardakı insanların üz ifadələri ilə göstərir.
“Bu sərgi Fransada ən möhtəşəm sərgilərdəndir. İldə bir dəfə təşkil olunur və iki ay davam edir. Burada dünyanın 22 ölkəsindən tanınmış incəsənət nümayəndəsinin əsərləri sərgilənir. İlk dəfədir ki, bu sərgidə fotolar nümayiş olunur. Bir neçə ildir Pyer Boncovanni məni bu sərgiyə dəvət edir. Builki sərgiyə dəvəti qəbul etdim. Bu sərgi çərçivəsində fotolarım əsasında iki sərgi düzəldilib”, – deyə məşhur fotoqraf-jurnalist AZƏRTAC-a müsahibəsində bildirib.
Böyük zalda “Rezanın müasir Odisseyası” (l’Odyssee contemporaine de Reza) adlı sərgi nümayiş olunur. Burada fotoqrafın geniş formatda Azərbaycanla bağlı 6 fotosu yer alıb.
Hər birinə xüsusi mətn tərtib edilmiş Qarabağla bağlı fotolar digər zalda “Sükutun ümmanı” (Epaisseur du silence) adı altında nümayiş edilir. Şuşadan, Ağdamdan, digər azad olunmuş ərazilərimizdə erməni işğalı dövründə viranə qoyulmuş şəhərlərdən olan fotoları sərginin kuratoru Pyer Boncovanni özü seçib və onların tarixçəsi ilə bağlı yazılı mətnlər hazırlayıb.
“Qarabağla bağlı reallıqları belə sərgilər vasitəsilə dünyaya çatdıracağam. Ötən il oktyabr ayından beynəlxalq səviyyədə planlaşdırılmış layihələrimi ləğv etdim və Qarabağa getdim. Fransanın bir neçə şəhərində təşkil edilmiş builki sərgiləri ləğv etmədim” deyən fotoqraf bildirib ki, Fransada olacağı 12 gün ərzində ümumilikdə 4 sərgisi və 3 konfransı nəzərdə tutulub.
“Bu tədbirlər zamanı məndən harada olduğumu, son aylar görünmədiyimi soruşurlar. Onda Qarabağdan danışır, orada olduğumu deyir və fotolarımı göstərirəm”, – deyə R.Diqqəti əlavə edib.
Fotoqraf vurğulayıb ki, Qarabağın şəhər və kəndlərində törədilən vandalizm aktlarını, yaşayış məntəqələrinin viranə qoyulduğunu göstərməyə təzə başlayıb. Yenidən Azərbaycana qayıdacağını və bu ilin sonunadək orada olacağını deyən fotoqraf Qarabağı qarış-qarış gəzəcəyini, hər addımı fotolarında əbədiləşdirəcəyini diqqətə çatdırıb: “Azərbaycanda işlərimi qurtarandan sonra Qarabağa həsr edilmiş böyük fotokitab, xüsusi sərgi və konfrans təşkil edəcəyəm. Qarabağ həqiqətlərini əks etdirən fotolarımı, onlardan hazırladığım kitabı dünyanın böyük şəhərlərində də sərgiləyəcəyəm”.
Pontuaz şəhərində “Baxış Festivalı” (Festival du regard) çərçivəsində məşhur fotoqrafın sərgisi və onun iştirakı ilə konfrans təşkil olunub. Konfransda Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, Pontuaz şəhərinin rəhbərliyi, sakinləri iştirak ediblər.
Fotoqraf Qarabağda çəkdiyi fotoları təqdim edərək, hər fotonun tarixçəsi haqqında məlumat verib. Bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı Fransadan Ermənistana 80 jurnalist, Azərbaycana isə yalnız 2 jurnalist göndərilib. Belə bir ədalətsizlik qarşısında ölkəmizə gələrək, baş verən hadisələri fotonun yaddaşına köçürməyə qərar verib.
Birinci Qarabağ müharibəsi və Xocalı soyqırımı haqqında məlumat verən R.Diqqəti çəkdiyi şəkilləri göstərib. Soyqırımı qurbanı olmuş ərinin və oğlunun cəsədini eyni vaxtda görən qadının haray çəkdiyi anı, eləcə də cılız, üzündə övlad itkisinin əzabları ifadə olunan, əlində itkin düşən oğlunun şəklini tutaraq xəbər gözləyən yaşlı atanın şəkilləri fotoqrafın məşhur fotoları arasında diqqəti xüsusilə cəlb edib.
Fotoqraf İkinci Qarabağ müharibəsində erməni silahlı qüvvələrinin mülki əhalini qadağan olunmuş bombalarla hədəfə almasından, yaşlılarla bərabər, məsum körpələri qanına qəltan etməsindən söz açıb. Erməni mərmisinin qurbanı olmuş 7 yaşlı qızcığazın şəklini təqdim edərkən, onun atasının sözlərini xatırladaraq özü də qəhərlənib, konfrans iştirakçılarını da qəhərləndirib.
Təqdim olunan fotolardan birində Azərbaycandakı tolerantlıq və multikulturalizm mühiti, udi kilsəsi icmasının azərbaycanlılara iftar süfrəsi açması əks olunub. Bu foto da konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfrans zalının qarşısında “Günahsızların kütləvi qırğını” (Le massacre des innocents) adlı fotoalbomun satışı təşkil olunub.
Fotoqrafın seçmə şəkillərindən ibarət sərgi insanların sıx olduğu dəmiryol vağzalının həyətində təşkil edilib.