“Qızıl palma budağı” uğrunda 24 film yarışır
2020-ci ildə pandemiya səbəbindən keçirilməyən Kann Film Festivalı bu il, ənənəvi vaxtında (may) olmasa da, məhdud iştirakçı sayı və zəruri ehtiyat tədbirləri alınmaqla, nəhayət, işə başlayıb. İyulun 6-da açılan 74-cü Beynəlxalq Kann Film Festivalı 17 iyuladək davam edəcək.
Festival proqramına ümumilikdə 61 film seçilib. Münsiflər heyətinə amerikalı rejissor Spike Lee sədrlik edir.
Festivalın səlahiyyətli nümayəndəsi Tyeri Fremo bildirib ki, “Kann premyeraları” (Cannes Premiers) adlı yeni seksiyanın yaradılması bir ilkdir. Bu seksiya artıq seçilmiş və təsdiqlənmiş kinorejissorlar üçün nəzərdə tutulur.
Festivalda digər yenilik ətraf mühit məsələlərinə həsr edilmiş müvəqqəti xarakterli seksiyadır. Festival hələ aprelin ortalarında ətraf mühitə təsirlərin azaldılmasına yönələn bir sıra tədbirlər, eləcə də akkreditə olunmuş jurnalistlərin töhfələri ilə bağlı məlumat vermişdi.
Kann festivalının əsas müsabiqə proqramına gəlincə, “Qızıl palma budağı” mükafatı uğrunda mübarizədə 24 film iştirak edir. Onlardan 4-nün rejissoru qadındır. Festival Leos Karaksın “Annette” filmi ilə açılıb.
Festivalın ilk günü fəxri “Qızıl palma budağı”nın laureatı da elan edilib. Kann festivalının ən nüfuzlu mükafatına məşhur amerikalı aktrisa Codi Foster layiq görülüb.
Aktrisaya mükafatı ispaniyalı rejissor Pedro Almodovar təqdim edib. Təşkilatçılar bildirib ki, bu, Codi Fosterin Kann festivallarında qazandığı sayca doqquzuncu mükafatdır.
Aktrisa yarıməsrlik karyerasında festivalda müxtəlif mükafatlar qazanıb. “Festival bütün həyatımı dəyişib, mən ona çox borcluyam. Burada aktyorlara bəslənilən hörmət mənim üçün çox əzizdir”, - deyə Codi Foster bildirib.