“Muradın nağılları” kitabının təqdimatı
İyulun 7-də Bakı Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Muradın nağılları” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat çərçivəsində Xalq rəssamı Arif Hüseynovun kitab üçün çəkdiyi əsərlərdən ibarət sərgi də nümayiş olunub.
Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı bildirib ki, “Muradın nağılları” məktəbəqədər yaşda uşaqlar üçün dəyərli uşaq ədəbiyyatı nümunəsidir. Yazıçı bu kitabı nəticəsi Muradın ilk ad gününə həsr edib. Kitabda Anarın yeni yazıları ilə yanaşı, uzun illər öncə qələmə aldığı hekayələri və uşaqlar üçün yazdığı “Yuxum qaçıb” adlı radiopyesi də yer alıb. “Nəfis tərtibatlı kitaba Xalq rəssamı Arif Hüseynovun çəkdiyi illüstrasiyalar elə ilk baxışdaca uşaqları ovsunlamağa, nağıl dünyasına aparmağa qadirdir”, - deyə G.Anarqızı bildirib.
Bakı şəhəri 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin direktoru Lalə Qəti kitabın məzmunundan söz açıb. Bildirib ki, məktəbəqədər yaşda uşaqlara oxumaq üçün mətnlər seçərkən valideynlər məzmunla yanaşı, səslənməyə, dilin leksik, qrammatik vasitələrinə də diqqət yetirsələr yaxşı olar. Anarın “Əlifba” nağılı bu baxımdan azyaşlı uşaqlar üçün kifayət qədər uğurlu mətndir.
Bildirilib ki, öyrədicilik baxımdan kitabdakı daha bir maraqlı mətn “Sözü tap, yerinə qoy” hekayəsidir. Burada məqsəd uşağı əyləndirərək öyrətməkdir. Məsələ hekayənin qəhrəmanı Muradın anasına “Mənə çay bişir” deməsi ilə başlayır. Anası nəvazişlə ona başa salır ki, çayı bişirməzlər, dəmləyərlər, xörəyi isə bişirərlər. Beləcə, anası Murada Azərbaycan mətbəxinə aid bəzi yeməklərin, ərzaqların əvvəlcə adlarını, sonra isə xüsusiyyətlərini öyrədir.
Xalq rəssamı Arif Hüseynov sərginin təşkil edilməsində məqsədini açıqlayıb. Bildirib ki, çox zaman kitabda nəşr olunan rəsmlər orijinaldan fərqli olur. O, uşaqları rəsmlərin əslinə baxmağa dəvət edib və tövsiyə edib ki, onlar bu kitabı mütləq oxusunlar. Rəssam qeyd edib ki, bu, onun uşaqlar üçün yaratdığı ilk illüstrasiyalardır.
Xalq yazıçısı Anar tədbirə toplaşanlara və Arif Hüseynova təşəkkürünü bildirib.
Təqdimatda Bakı şəhəri 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin nəzdində fəaliyyət göstərən “Çiçəyim” uşaq teatrı üzvlərinin ifasında kitabdan parçalar təqdim olunub.