12 bölümdən ibarət bədii serial çəkilir

 

Bu il dövlət başçısının sərəncamı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Əlamətdar ildə dahi şairə həsr olunan müxtəlif layihələr reallaşdırılır.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə istehsala başladığı 12 bölümdən ibarət “Xosrov və Şirin” bədii serialı da belə layihələrdəndir.

Bakının Mərdəkan, Buzovna, Şüvəlan və Maştağa qəsəbələrində lentə alınan serialın çəkiliş prosesinə biz də şahid olmaq istədik. Az getdik, düz getdik, gəlib çıxdıq hadisənin vaqe olduğu Buzovna qəsəbəsindəki çəkiliş məkanına. Bizi  rejissor Elməddin Alıyev qarşıladı.

Çəkiliş meydançasının öz qaydaları var: qaynar, hərəkətli və bir anlıq tam sakitlik. Səs... Kamera... 6... 12... 1... 2... “Motor”... Beləliklə, çəkiliş davam edir.

Prosesi izlədiyimiz zaman rejissorların, operatorların və ümumilikdə bütün heyətin məsuliyyət və səmimi bir ortamda çalışmasının şahidi olduq.

Gəlişimiz filmin nizamişünaslıqla bağlı kadrlarının çəkilişinə təsadüf edib. Bu səhnədə Xalq artisti Tariyel Qasımov (nizamişünas Ümid müəllim) və gənc aktrisa çəkilir.

“Qapı açıldı, sən keçirsən sağ tərəfə, siz keçirsiz içəri, yuxarıdan pilləkənlə düşürsüz...” – rejissor növbəti səhnənin çəkilişindən əvvəl aktyorlara son göstərişləri verir.

Səhnə çəkilir. Xalq artisti Tariyel Qasımov çəkiliş qrupundan razılığını ifadə edir. Deyir ki, rejissorların aktyorlara münasibəti səmimi və xoşdur. Bu da iş prosesinə müsbət təsir edir.

Fasilədən istifadə edib rejissor Xəyyam Abdullazadə ilə qısa söhbət edirik. Rejissor öncə filmin çəkilişinə marağımıza görə təşəkkür edir. Bildirir ki, serialın çəkilişinin 17-ci günüdür:

– Bundan əvvəl biz Mədəniyyət Nazirliyi və İctimai Televiziyanın layihəsi olaraq Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında “Anamın kitabı” serialını da 12 hissədən ibarət lentə aldıq. Bu il “Nizami ili” olduğu üçün tamaşaçılar İctimai Televiziyanın ekranında “Xosrov və Şirin”i görəcəklər. Filmi başlayanda mən əsəri yenidən oxudum və gördüm ki, çağımızla nə dərəcədə səsləşir. Xosrovun və Şirinin xarakterləri bugünlə tam uzlaşır. Şirin milli-mənəvi dəyərlərə sadiq bir xanımdır. Düşünürəm ki, serialı tarixi film kimi lentə almaq düzgün olmazdı. Mövzu özlüyündə müasirdir. Zaman dəyişib, yüzilliklər keçib, amma insan psixologiyasının dərin qatlarında olan davranış və düşüncələr dəyişməyib. Nizami öz dövründə bunları gözəl müşahidə edib və qələmə alıb. Biz filmi, sözsüz ki, motivlər əsasında işləyirik və fərqli yozum və əlavələrimiz var. Ancaq əsas süjet xətti, qəhrəmanlar olduğu kimi saxlanılıb. İnanıram ki, maraqla qarşılanacaq.

 

– Əvvəlki seriallarınızda fərqli yanaşmalarınız tamaşaçılar tərəfindən necə qarşılanmışdı?

– Mövzudan çox şey asılıdır. Birinci işimiz Cəfər Cabbarlının “Solğun çiçəklər”i oldu. Bu faciə janrında sevgi hekayəsi idi və tamaşaçının onunla bağlı sualları yox idi. Hər şey, demək olar ki, aydın idi. Lakin dərin qatları, sosial mesajları olan və ümumiyyətlə, siyasi-ideoloji problemləri qabardan “Anamın kitabı” serialının “Youtube” səhifəsində çoxsaylı şərhlər qeyd edildi. Hətta tamaşaçılar “Facebook” üzərindən bizə yazıb görüşmək də istədilər. O tamaşaçılar ki, filmdə verdiyimiz mesajları duymuşdular. Onlarla görüşdük və öz fikirlərini bildirdilər. Çünki bu əsərdə türkçülük ruhu var. Çox maraqlı idi ki, biz ötən il sentyabrın 16-da çəkilişləri bitirdik, 27-si Vətən müharibəsi başlandı. Biz haradan bilərdik ki, serialda verdiyimiz mesajlar bir neçə gün sonra reallığa çevriləcək. Deməli, düzgün yolda idik. “Xosrov və Şirin” serialında da yanılmayacağımıza əminəm. Poema böyük həcmli əsərdir və biz onu bir az toparlamışıq. Serialın ssenari müəllifi İlqar Fəhmidir və o, klassik ədəbiyyatı gözəl bilir. Onun təcrübəsi köməyimizə çox çatdı. Hazırda proseslərdə də iştirak edərək öz məsləhətlərini verir.

Tarixi filmləri işləmək rəssam üçün hər zaman daha çətin və məsuliyyətdir. Çəkiliş məkanında serialın rəssamı Vüsal Rəhimi də görürük. O, tanınmış kino rəssamlarımız Mais Ağabəyov və Kamil Nəcəfzadədən dərs alıb. Deyir ki, uzun müddətdir teatr sahəsində fəaliyyət göstərir. Bu film onun kinoda ilk işidir: “Filmdə həm tarixi, həm də müasir dönəm var. Bu səbəbdən də tarixi mərhələni həvəslə işlədim. İsti və soyuq rəngləri hər iki dönəm üçün istifadə edirik. Hazırda çəkiliş müasir dönəmi nümayiş etdirir və isti rənglər (qırmızı, qəhvəyi və s.) bu məkanda çoxluq təşkil edir. Şirinin evində isə biz soyuq rənglərə üstünlük vermişik. Geyim, dekor və rekvizitdə bu incəlikləri qorumağa çalışırıq”.

Serialda Nizaminin 1180-ci ildə qələmə aldığı “Xosrov və Şirin” poemasındakı hadisələrin kompozisiyası və süjeti saxlanılmaqla müasir dövrümüzə proyeksiya olunub. Psixoloji dram strukturunda olan serialın qayəsi həm müasir tamaşaçıları Nizami yaradıcılığı ilə tanış etmək, həm də dahi şairin kəlamlarını bir daha diqqətə çatdırmaq, gələcək nəsillərə ötürməkdir. Eyni zamanda serial göstərəcək ki, dahi Azərbaycan şairinin səkkiz əsr öncə yazdığı bir əsərdə dramaturji qaydalar, süjetin inkişaf xətti kimi prinsiplər necə dəqiqliklə yerinə yetirilib. Buna görə də əsər və əsərdəki qəhrəmanlar, xarakterlər bu günün bir çox ədəbi əsərlərindən daha müasir və daha aktualdır. Məhz bu əsər əsasında serialın çəkilməsinin bir səbəbi də var. Məlumdur ki, üzdəniraq erməni ədəbiyyatçıları bu əsərdəki Şirin obrazını erməni şahzadəsi kimi təqdim edirlər. Bu baxımdan serialın istehsalı ideoloji vasitə kimi də əhəmiyyət daşıyır.

Bədii serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, ssenari müəllifləri İlqar Fəhmi və Xəyyam Abdullazadədir. Quruluşçu operator Elman Əliyev, quruluşçu rəssam Vüsal Rəhim, prodüser Yalçın Verdiyev, baş prodüserlər Balakişi Qasımov və Fariz Əhmədovdur.

Rollarda  Rüstəm Cəbrayılov (Xosrov), Kəmalə Piriyeva (Şirin), Tarıyel Qasımov (Ümid), Kamal Yaşar (Bəhram), Mələk Abbaszadə (Məryəm), Zəka Əhmədli (Qubad), Turanə Hüseynli (Şəkər), Asiman Ağa Rövşən (Şapur), Bəhruz Vaqifoğlu (Fərhad) və Nigar Güləhmədova (Məhinbanu) çəkilir.

Lalə AZƏRİ