2006-cı ilin bu günləri, təxmini günorta saatları idi.  Hava çox isti, Bakı bulvarı boş idi. Günəşin göydən od ələdiyi saatda kimin açıq havada nə işi? Bircə biz – iki-üç gənc müxbir dəniz kənarında var-gəl edir, dəvətli olduğumuz tədbirin (premyeranın) başlayacağı saatı gözləyirdik.

Azərbaycan Dövlət Kukla Teatrının dəniz tərəfdən xidməti qapısında da sakitlik idi. Aradan 3-5 dəqiqə keçəndən sonra əsas qapıya tərəf keçdik. Tamaşanın başlamasına az qalmışdı. Mənzərə məni heyran etmişdi: günəşin yandırıcı şüalarında üz-gözü pörtən, bərbəzəkli paltarlarının və istinin təsirindən az qala dabanlarından tər damcılayan uşaqlar ikiəlli sıxdıqları gül dəstələrini valideynlərinə belə vermədən səbirlə qapının açılmasını gözləyirdilər. Hamısı da çox həyəcanlı və sevincək.

Budur, nəzarətçi qapını açdı və teatrın geniş foyesində – düz mərkəzdə dayanan bəyaz və zərli geyimli kişi üzündən səadət tökülən təbəssümlə “Uşaqlar, xoş gəlmisiz” dedi. Sonrakı sözləri uşaqların sevinc çığır-bağırlarında, “Ələkbər əmi” hay-həşirində eşidilməz oldu. “Ələkbər əmi” dizləri üstdə çöküb qollarını sonacan yana açdı. Özü də onlarla uşağı ağuşuna ala biləcəkmiş kimi geniş. Bir anda uşaqların əhatəsində itib-batan aktyoru dəqiqələr sonra qırmızı məxmər səhnə pərdəsinin önündə gördük. Teatr mövsümün sonlarına təsadüf edən növbəti ad gününü yeni tamaşa ilə qeyd edirdi...

Uşaqlar, elə böyüklər üçün də sehrli adam təəssüratı yaradan Əməkdar artist, sevilən aktyor, peşəkar kuklaçı Ələkbər Hüseynov ilə səhnədən son görüşümdən keçən bu 15 il ərzində bir həqiqət heç vaxt dəyişmədi. O, səhnə möcüzəsi idi...

İstedadlı aktyor və rejissor uşaqları təmənnasız sevməyi bacaran böyük ürək sahibi idi. Bütün uşaqları ətirli çiçək olduqlarına inandıran (illərlə “Hər  birimiz bir çiçək” verilişinin aparıcısı olub), onların sonsuz sevgisində ağrı-acılarını unudan bənzərsiz teatr, səhnə adamı yaşasaydı, bu günlərdə 60 illik yubileyini qeyd edəcəkdi. Təbii ki, yenə sevimli balacaların əhatəsində, onların sevgi və gül-çiçək yağışının altında...

Ələkbər Adıgözəl oğlu Hüseynov 1961-ci il iyulun 7-də Bakıda anadan olmuşdu. Uşaqlıqdan teatra, səhnəyə marağı var idi. Elə bu istəklə də yolunu incəsənət sahəsindən saldı. 1978-1982-ci illərdə Azərbaycan  Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil aldı. İkinci kursdan müəllimlərinin  diqqətini cəlb etməyi bacardı. Yüksək enerjisi, tükənməz öyrənmək  istəyi və özünü sərbəst, fərqli ifadə maneraları ilə seçilirdi. Təhsilini başa vurduqdan sonra təyinatla Şəki Dövlət Dram Teatrına göndərildi. O vaxt parlaq dövrünü yaşayan Şəki səhnəsi istedadlı gənc aktyor üçün əsl nümayiş meydanı idi. Eksperimental tamaşalar, fərqli üslub və yozumlarda səhnə axtarışları onun da obraz zənginliyinə şərait yaratdı.

Sonra özünün daxili dünyasına boylandı. Oradakı məsum uşağa qulaq verdi və illər əvvəlki arzusunu gerçəkləşdirmək – kukla tamaşası hazırlamaq amalı ilə Bakıya yollandı. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işə qəbul olundu. Beləcə, 1988-ci ildən başlanan kuklaçılıq yolu ömrünün sonunadək davam etdi. Nə bu sənətə sevgisi tükəndi, nə də əsas səhnəsini dəyişdi. Televiziya tamaşalarında (“Yaşıl eynəkli adam”, “Bala – başa bəla” və s.), filmlərdə (“Köpək”, “Etiraf”, “Təsadüfi görüş” və s.) tanınıb sevilsə də, geniş tamaşaçı kütləsinin rəğbətini qazansa da, teatra – ilk və son məhəbbətim dediyi səhnəyə sevgisi tükənmədi. Hara pərvazlansa da, isti, doğma yuvasını dəyişmədi.

Bu teatrın səhnəsində irili-xırdalı saysız rol oynadı. Şirma arxasından – bəzən əl boyda, bəzən adam boyu kuklanın səsi, nəfəsi kimi uşaqların, teatrın sehrinə aludə olan sənətsevərlərin qəlbinə yol tapdı. Sənətini təmənnasız sevməyin nümayişi üçün səhnədə gah lələk (“Bülbül” tamaşası), gah taxta parçası (“Kral”), gah rəngli iplər (“Möcüzəli tamaşa”), gah quru kəllə (“Keçəlin toyu”)... oldu. Yorulmadı, tükənmədi, bezmədi. Teatrların o ağır zamanlarında, maddi və mənəvi sıxıntılar girdabında əzildiyi məqamlarda da məbədindən qopmadı, yolundan sapmadı. Hamıdan bezəndə, qaçanda tək sığınacağı, yeganə təsəllisi teatrın ya rekvizit otağı, ya emalatxanası, ya da qaranlıq səhnəsi oldu. 

İllərlə bu teatrın səhnəsində həm aktyor, həm də rejissor kimi dövr üçün yeni, fərqli və orijinal səhnə işlərinə imza atdı. Yerli və xarici qastrollarda milli kukla sənətimizi ustalıqla təmsil etdi. Bir neçə festivaldan, teatr yarışından laureat, qalib kimi döndü.

Sənətdə qazandığı nailiyyətlərə görə “Humay” və “Qızıl dərviş” mükafatlarına layıq görüldü. 2000-ci ildə respublikanın “Əməkdar artisti” fəxri adını aldı. Uğurları sırasına nəinki Azərbaycanda, ümumən Şərqdə Polşanın “Təbəssüm” ordeninə layiq görülən ilk sənətçi olmasını da daxil etdi. Uşaqların səsverməsi ilə verilən bu mükafat onun məhz uşaqlara bəslədiyi böyük sevginin əsl rəmzi, əvəzi kimi yəqin ki, ən böyük qazancı idi.

Ələkbər Hüseynov xasiyyətcə çox şən, mehriban, vicdanlı adam idi. Kollektivdə hər kəs onu eyni cür sevirdi. Səbəb isə sadə idi: Ələkbər adamlar arasında fərq qoymurdu, onları Tanrı möcüzəsi kimi qəbul edir və sevirdi. Özünə və başqalarına, daha doğrusu, aktyorlarına qarşı da çox tələbkar idi. Amma bunu öz işinə sevgisi, özünə qarşı amansızlığı ilə göstərirdi. Xüsusən teatra baş rejissor təyin olunmasından (2006) sonra qəribə bir tələskənlik, zamana diktə ilə işləyirdi. Hərçənd səhhəti günü-gündən ağırlaşır, ağrı-acısı artır, çöhrəsindəki həyat əlamətləri azalırdı. Amma o, inadla müqavimət göstərir, tez-tez dəyişən halını səhnə arxasında qoyub, məğrur baxışı, ilıq təbəssümü və məhrəm sevgisi ilə səhnəyə atılır, şaqraq səsi ilə obrazlarına sonsuz həyat bəxş etməyə çalışırdı.

Düşünürəm ki, onun aktyor taleyinə rəng qatan ən çox iki tamaşa olub. Onlardan biri “Keçəlin toyu” tamaşası idi və məhz bu tamaşadakı roluna görə o Türkiyədə keçirilən teatr festivalından laureat kimi qayıtmışdı. “Bülbül” isə ən uğurlu işlərindən, onu teatr mütəxəssislərinin, fərqli tamaşaçı qruplarının qarşısında qürurlandıran nümunələrdən idi. İki böyük kuklaçının – rejissor Namiq Ağayev və aktyor Ələkbər Hüseynovun zəngin yaradıcılıq zəkasının məhsulu idi “Bülbül”.

Mütəxəssislər  çox zaman monotamaşanı rejissordan çox aktyorun tamaşası hesab edirlər. Məncə, haqlıdırlar. Çünki əzəmətli, vahiməli səhnədə tək-tənha qalan aktyor ona dikilən gözlərə obrazını özü anladığı kimi anladıb, sevdirərsə, orada oyundan, aktyor yaşantısından danışmaq olar. Bu tandem – rejissorun aktyor oyununda zühuru “Bülbül”ü yaddaqalan, sevimli etdi. Tamaşa səhnədən-səhnəyə, ölkədən-ölkəyə gəzdi.  Spesifik üslubda hazırlanan tamaşa Türkmənistan, İran və Hollandiyadan mükafatla qayıtdı. Teatr tariximizdə kuklaçıların o dövr üçün yaddaqalan uğuru kimi qeyd olundu. O “Bülbül” Tehran Universitetinin İncəsənət fakültəsinin  aktyorluq bölməsində hələ də  tədrisdədir.

Aktyorun özünü, daha doğrusu, həmkarlarının ömrünü kuklaya, kukla teatrı personajına – klouna çevirib bütün dramatizmi ilə tamaşaçıya təqdim etdiyi bir “Kral”ı da var. Bu tamaşa onun son oyunu, son işi idi. Həyatda, səhnədə hər zaman tamaşaçı qəlbini fəth edən, onun hisslərinə hakim olan kral o özü idi.

Ömrün sonuna yaxınlaşdığını bilə-bilə durmadan möcüzəyə inanan və hər yeni gün səhnə üçün planlar quran dünya boyda aktyor ürəyi 2007-ci ilin 2 avqustunda – 46 yaşında dayandı. Obrazı yaddaşlardan, yazıb-pozduğu planları isə göz yaşına çevrilib yanaqlardan ürəklərə axdı. Beləcə, təkcə uşaqlar yox, böyüklər, hətta özündən yaşlılar da Ələkbər əmisiz qaldı. Amma onun nağılı heç vaxt bitmədi...

Həmidə NİZAMİQIZI