Türk dünyasının iki dahisinin bənzərsiz irsindən söz açıldı

 

İyulun 15-də Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana və nəşriyyat işi üzrə məsul şəxsləri və mütəxəssisləri, eləcə də Türkiyə Milli Kitabxanası direktorunun daxil olduğu nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Nümayəndə heyəti rəsmi görüş və tədbirlərdən öncə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Sonra Milli Kitabxanaya gələn qonaqlar “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi”, sərgi zalı, kitabxana fondu ilə tanış olublar.

Daha sonra Azərbaycan Mədəniyyət Nazirliyinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Yunus Əmrə: ortaq dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirildi.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq diqqətə çatdırdı ki, 2021-ci il Türk dünyasının bir neçə dahi şair və mütəfəkkirlərinin əlamətdar ildönümləri ilə yadda qalacaq. Bu il dünya poeziyasının günəşi hesab edilən Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Eyni zamanda Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə qardaş Türkiyədə  “Bizim Yunus və türkcənin dünya dili kimi təbliğ edilməsi ili” elan edilib. Direktor Yunus Əmrə və Nizami Gəncəvinin yaradıcılıqlarından söz açdı, hər iki dahinin ortaq türk mədəniyyətinə verdiyi töhfələrdən danışdı.

Kərim Tahirov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana, nəşriyyat işi üzrə mütəxəssisləri və Türkiyə Milli Kitabxanası direktorunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərə gəldiyini də diqqətə çatdırdı.

Dəyirmi masada çıxış edən Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli Nizami Gəncəvi və Yunus Əmrə irsinin türk xalqları mədəniyyət xəzinəsini zənginləşdirdiyini dedi. Bildirdi ki, nazirlik tərəfindən hər iki dahinin yaradıcılığının gələcək nəsillərə çatdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli qeyd etdi ki, yüzilliklər boyu yetişən saysız türk şairləri arasında Yunus Əmrənin adı böyük ehtiramla çəkilir. Nizami Gəncəvi və Yunus Əmrə eyni mədəniyyətin nümayəndələridir. Hər iki şairin çoxsaylı oxşar cəhətləri var. Akademik Nizami və Yunus Əmrə poeziyasından nümunələr səsləndirdi. Dedi ki, Nizami öz əsərlərində türkləri hər zaman mərd, cəsur, insansevər kimi təsvir edib. Vurğulandı ki, Yunus Əmrə türk ədəbi dilinin formalaşmasında mühüm xidmətlər göstərib. Onun ana dilində qələmə aldığı şeirlər hər zaman sevilərək oxunur.

Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Nizami Gəncəvi İli” və “Yunus Əmrə İli” çərçivəsində həyata keçirdikləri layihələr haqqında məlumat verdi.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli çıxış edərək bildirdi ki, Azərbaycanda “Nizami Gəncəvi İli”, Türkiyədə “Yunus Əmrə İli” elan olunması hər iki ölkə başçısının mədəniyyətə, ədəbiyyata verdiyi önəmin göstəricisidir. Fondun Türk dünyasının tanınmış söz-sənət adamlarının təbliğatı ilə bağlı gördüyü işlərdən söz açan A.Kazımbəyli Yunus Əmrə, Aşıq Ələsgər və qazax şairi Mağcan Cumabayevi əhatə edən “Üç ozan” layihəsi haqqında da məlumat verdi.

Dəyirmi masada çıxış edən Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş 15 iyulun  türk xalqı üçün tarixi bir gün olduğunu vurğuladı. Bildirdi ki, 2016-cı ilin 15 iyulunda baş verən Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması türk xalqının demokratiya zəfəri kimi tarixə yazılıb.

Yunus Əmrə irsindən söz açan Ali Odabaş qeyd etdi ki, Yunus Əmrə Türkiyə türkcəsinin qurucusu hesab edilir:

“Bizim üçün Yunus Əmrə qədər Nizami də doğmadır və hər iki şairin Türk dünyasında ortaq təbliğatı böyük önəm daşıyır”.

Çıxışlardan sonra qonaqlar Milli Kitabxananın hər iki şairə həsr etdiyi virtual sərgi ilə tanış oldular. Bildirildi ki, oxucular Milli Kitabxananın saytında yer alan virtual sərgi vasitəsilə hər iki şair haqqında geniş məlumat əldə edə bilərlər.

Türkiyəli nümayəndələrin iştirakı ilə avtomatlaşdırılmış kitabxana informasiya sistemləri, beynəlxalq kitab eyniləşdirmə standartları (İSBN, İSSN və s.) üzrə təcrübə mübadiləsi ilə bağlı işgüzar görüş də keçirildi. Görüş zamanı türkiyəli qonaqlar qardaş ölkənin kitabxanaları, tətbiq olunan avtomatlaşdırma sistemləri, yaradılan yeni formalı kitabxanalar barədə məlumat verdilər.

Qeyd edək ki, Türkiyə nümayəndə heyətinin səfəri iyulun 18-dək davam edəcək. İyulun 16-da Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və İLESAM təşkilatı tərəfindən toplanmış 10 min nüsxə kitab Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” layihəsi – işğaldan azad edilmiş bölgələr üçün kitab toplama aksiyası çərçivəsində Milli Kitabxanaya təqdim ediləcək.

Lalə AZƏRİ