Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki Humanitar fənlər təmayüllü gimnaziyada Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil olunan “Qaliblər” düşərgəsinin hər günü maraqlı proqram və ekskursiyalarla yadda qalır.
Düşərgə “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi, Təhsil, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirlikləri, Sosial Xidmətlər, Bakı Nəqliyyat və Dövlət Turizm agentlikləri və digər qurumların birgə səyi ilə təşkil edilib.
“Qaliblər” düşərgəsinin iştirakçıları iyulun 14-də “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olublar. Qoruqla tanış olan uşaqlar üçün əyləncəli proqram da təşkil edilib.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Yanardağda uşaqlarla görüşdən təəssüratını sosial şəbəkə hesabından paylaşıb: “İnanıram ki, dünənki gün uşaqların yaddaşında həmişə xoş və maraqlı xatirələrlə qalacaq. Vətən müharibəsində şanlı Zəfəri bizə yaşadan şəhidlərimizin övladları bizə əmanətdir. Onların qayğısına qalmaq hamımızın borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.