Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokol Qazaxıstan Respublikası tərəfindən təsdiqlənib.
Fonddan bildirilib ki, “Üzv dövlətlərin Fondun büdcəsinə məcburi ödənişlərinin həcminə dair Protokol”un təsdiqlənməsi ilə bağlı sənədi Qazaxıstan Respublikasının Baş naziri Askar Mamin imzalayıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin tənzimlənməsi ilə bağlı protokol 28 noyabr 2020-ci ildə İstanbulda imzalanıb. Protokola əsasən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsi təşkilata üzv olan ölkələrin ödənişləri əsasında formalaşdırılacaq.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. Fondun maliyyələşdirilməsi ilə bağlı protokol bundan öncə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təsdiqlənib.