XX əsr təsviri sənət tariximizdə iz qoyan tanınmış sənətkarlardan biri də Xalq rəssamı Vidadi Nərimanbəyovdur. Fırça ustasının parlaq tabloları ölkəmizdə, həmçinin xaricdə bir sıra muzey və qalereyaları bəzəyir. 

Azərbaycan Xalq Cümhuriyyətinin xaricə təhsil almağa göndərdiyi gənclər arasında Qarabağın tanınmış şəxslərindən şuşalı Əmir bəy Nərimanbəyovun oğlu Fərman da var idi. O, Fransanın Tuluza Universitetinin mühəndis-elektrik ixtisasına qəbul olunur. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənir. Təhsilini başa vurduqdan sonra İrma Lya Rude adlı fransız xanımla ailə qurur. 13 iyul 1926-cı ildə onların oğul övladı dünyaya gəlir. Adını Vidadi qoyurlar. 1929-cu ildə ailə Bakıya köçür. 1930-cu ildə ailədə ikinci oğul – gələcəyin daha bir böyük rəssamı Toğrul Nərimanbəyov doğulur.

Avropa təhsilli valideynlərinin zəngin mənəvi aləmi Vidadinin təlim-tərbiyəsinə müsbət təsir edir. O, erkən çağlardan təsviri sənətə maraq göstərir. Bu arzu-xəyalla yaşayarkən vətən göylərində qara buludlar sıxlaşmağa başlayır, 30-cu illərin repressiya yelləri əsir. Fərman Nərimanbəyov da Cümhuriyyət tərəfindən Avropada təhsil almağa göndərilən digər azərbaycanlılar kimi repressiyaya məruz qalır. Həbs olunur və Sibirə sürgün edilir. 1941-ci ildə Fransa vətəndaşlığından hələ çıxmayan İrma Lya Rude də Bakıda həbs olunur. Onu övladlarından ayıraraq Özbəkistanın Səmərqənd şəhərinə sürgün edirlər. O, 1961-ci ilə qədər bu şəhərdə yaşamağa məcbur olur. Bu çətin və məşəqqətli illərdə inamını itirməyən Fərman Nərimanbəyovun ailəsi hər cür çətinliyə qatlaşır.

Vidadi 1943-cü ildə orta məktəbi bitirib Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumuna qəbul olunur. Lakin burada bir il oxuyur. 1941-1945-ci illər müharibəsinin qızğın çağı idi. O da bir çox həmyaşıdları kimi cəbhəyə yollanır.

Müharibədən sonra təhsilini Vera Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Sənaye Məktəbində və Tbilisi Rəssamlıq Akademiyasında davam etdirən V.Nərimanbəyov dövrünün böyük sənətkarlarından dərs alır.

Müharibənin od-alovunu görmüş rəssam yaradıcılığında daim bu mövzuya müraciət edib. Rəssam II Dünya müharibəsinə həsr etdiyi tablolarda sovet əsgərinin döyüşkən və qorxmaz obrazlarını yaratmağa çalışıb. Sözügedən tablolar həm də sərt üslubda işlənməsinə görə seçilir. Obrazların üzlərində, əllərində, hətta geyimlərin qırışlarında dərin bir sərtlik görünür. Rəssam bəlkə də savaşın ağrı-acısını daha qabarıq vermək üçün sərt üsluba müraciət edib. Müəllifin “1941-ci il”, “Bakılıların xatirəsinə”, “Yolda”, “Müharibə yollarında”, “1945-ci ilin baharı”, “Müharibə uşaqları”, “Adsız yüksəkliklərdə”, “Yolasalma”, “Xatirə”, “Bayraq” əsərlərində insanda müharibəyə qarşı dərin nifrət, döyüşə çağırış məqamları daha qabarıqdır. Əsərlərdə qara və qırmızı rənglərin üstünlüyü aydınca sezilir. Bu rəsmlər həm də onu göstərir ki, V.Nərimanbəyov sovet dönəminin bir çox yaradıcı insanları kimi ideologiyanın yalan təbliğatına ürəkdən inanaraq onun yolunda öz istedadını sərf edib.

V.Nərimanbəyov hələ tələbə ikən “Düşmənin sevinci...” tablosu ilə tanınmışdı. O, bu əsərdə açıq səmada, günəşin fonunda qara bulud layları təsvir edib. Tablonun qarşısında isə iki insan obrazı görünür. Onlardan biri yağış, digəri quraqlıq arzulayır. Müəllif bu mənzərəni inandırıcı, gələcəyə inam və ümid həvəsi ilə işləyib. Seyrçilər əsərə yaradıcı əməyin məhsulu kimi yox, həyat həqiqətlərinin rəmzitək baxır. Müəllifin fikri isə çox asanlıqla başa düşülür. Tanınmış rəssamın 1963-cü ildə ərsəyə gətirdiyi “Yolda” adlı monumental, irihəcmli tablosu sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Əsərin süjet və kompozisiya quruluşu çox sadə olsa da, düşündürücüdür...

Araşdırmalarda V.Nərimanbəyovun səmimi, mehriban və qayğıkeş bir insan olduğu vurğulanır. O, zəhmətkeş olmaqla yanaşı, işinə böyük məsuliyyətlə yanaşıb. Daim mövzu axtarışlarında olub. Əsərlərində zəhmət adamlarının müxtəlif anları və ovqatları sənətkarlıqla işlənib. Onun qəhrəmanlarının çöhrələrində sevinc, fərəh və kədər duyulur.

Rəssamın “Xatirələr” əsərində isə gərginlik və həyəcan yaşadan cizgilər aydın sezilir. Ömür-gün yoldaşı müharibəyə gedən qadının intizardan qəddi əyilib. Həyatdan küskün, insanlardan narazı günlər yaşayır. Atasının nə vaxt qayıdacağını soruşan balasına nə cavab verəcəyini bilmir. Ananın gözləri, baxışları həyat yoldaşının getdiyi yollara dikilir. Sənətkar bu duyğuları olduqca inandırıcı cizgilərlə verərək insanlarda müharibəyə nifrət oyada bilib. Əsər 100-dən çox ölkənin sərgi salonlarında uğurla nümayiş olunub.

Rəssam ölkəmizin milli problemlərinə də biganə qalmayıb. Görkəmli təsviri sənət ustasının 20 Yanvara həsr etdiyi “Qatillər” əsəri bir çox ölkələrdə nümayiş etdirilib. Əsər insanlarda amansız sovet rejiminə qarşı nifrət oyadır. Ermənilərin ölkəmizə qarşı apardığı işğalçılıq müharibəsinə, ərazilərimizin işğalına əsərləri ilə münasibət bildirən rəssamın Azərbaycanın müstəqilliyini tərənnüm edən “Vətən bayrağı altında” rəsmi də maraq doğurur. İrihəcmli əsərdə üçrəngli bayrağımızın altında döyüşkən Azərbaycan əsgərləri təsvir olunub.

Görkəmli sənətkarın əsərləri içərisində portret janrında yaratdığı nümunələr ayrıca yer tutur. “İnteryerdə qız”, “Qaçaq Nəbi”, “A.Semyonovun portreti”, “Briqadir S.Məmmədovun portreti”, “Ana portreti”, “Tutqun üz” əsərləri yüksək ustalıqla işlənib. Özəlliklə “Tələbə qız”, “Nəzifənin portreti” əsərləri seyrçini öz qarşılarında daha çox dayanmağa, obrazın ovqat və daxili dünyasını duymağa məcbur edir.

Rəssamın keçmiş SSRİ məkanı ilə yanaşı, Macarıstan, Çexiya, Bolqarıstan, Rumıniya, Finlandiya və digər ölkələrdə də fərdi sərgiləri keçirilib.

Əməyi yüksək qiymətləndirilən fırça ustası 1982-ci ildə “Xalq rəssamı” fəxri adına layiq görülüb, 2001-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

Əsərləri Moskva Dövlət Tretyakov Qalereyasında, MDB və bir sıra Avropa ölkələrinin muzeylərində saxlanılan Xalq rəssamı Vidadi Nərimanbəyov 13 dekabr 2001-ci ildə Bakıda vəfat edib.

Savalan FƏRƏCOV