BMT-nin İnkişaf Proqramının layihəsi çərçivəsində keçirilən sorğu maraqlı nəticələr ortaya qoyub
   
   «Turizm» sözünün mənasını hərtərəfli araşdırdıqda aydın olur ki, bu söz çoxmənalı olsa da fransız sözü olub, ilk, sadə anlayışı istirahət, gəzinti və əyləncə deməkdir. Maraqlıdır, turizm sahəsinin inkişafda olduğu Azərbaycanda vətəndaşlar bu sözün mənasını necə izah edirlər?
   
   BMT-nin İnkişaf Proqramı «Turizm xidmətlərindən istifadə ilə bağlı tədqiqat» layihəsi çərçivəsində vətəndaşlar arasında sorğu keçirib. Rəyi soruşulanlar «Sizin üçün turizm nə deməkdir» sualına birmənalı cavab verməyiblər. Respondentlərin 63,6 faizi hesab edir ki, turizm «işə ara verərək, yorğunluğu aradan qaldırmaq üçün istirahət etməkdir».
   Digər tərəfdən, 37,6 faiz respondent turizm sözünün onlarda «müxtəlif məqsədlərlə edilən gəzinti» kimi assosiasiya olunduğunu deyib. 25,3 faiz isə iddia edir ki, turizm «başqa yerləri görmək, tanımaqdır».
   Sorğunun nəticələrindən o da aydın olur ki, turizm sözünü «xarici ölkələrə getməkdir» (18,9 faiz), «zamanı yaxşı, gözəl və xoş keçirmək üçün bir əyləncə vasitəsidir» (17 faiz), «abidələri, şəhərləri, tarixi məkanları, təbiət gözəlliklərini və sənət nümunələrini görməkdir» (11 faiz), «başqa mədəniyyətləri (adətləri, yaşayış tərzini) görmək və tanımaqdır» (10,8 faiz) kimi izah edənlər də var.
   İnsanlar müxtəlif olduğu kimi, zövqlər də fərqlidir. Elə bu baxımdan da bəzi respondentlər həm də turizmi bir biznes məfhumu kimi izah etməyə çalışıblar. Maraqlıdır ki, sorğuda iştirak edənlərin 4,8 faizinə görə, turizm «alış-veriş etmək məqsədilə edilən bir gəzintidir».
   Təhlillər göstərir ki, bu tip respondentlər turizmə dünya iqtisadiyyatının yüksək gəlirli və intensiv inkişaf edən sahələrindən biri kimi baxır. Başqa bir respondent qrupu isə turizmin inkişaf edən regionlarda mədəniyyətlərarası inteqrasiyanın güclənməsinə əlverişli şərait yaratdığını düşünür və bu fikri «turizm insanlar arasında mədəni əlaqələrin qurulmasıdır» cavabı ilə təsdiqləyir (4,1 faiz). Çox az qrup da turizmi «müalicəvi məqsədlə istirahət» kimi xarakterizə edir (0,5) faiz. 
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar