Yaradıcılıq eşqi daxili təlatüm, narahatlıq, həyata həddən artıq diqqət və sevgidən yaranır. Yalnız belə olan halda insan sənətə bağlana, sənətlə yaşaya, ömrünü bütünlüklə sənətə həsr edə bilər. Xalq artisti, kinorejissor, aktyor Ramiz Əzizbəyli (1948–2021) də taleyinə yazılan 73 illik ömür payının 60 ilini sənətə həsr etdi. Sənətkarı ilk dəfə onsuz qeyd olunacaq doğum günü (20 iyul) ərəfəsində yad edirik...

 

Kinoda keçən ömür

 

Kiçik yaşlarından taleyi sənətə bağlı insanın kino ilə ilk tanışlığı 9 yaşından başlayıb. Azərbaycan Televiziya və Radiosunun uşaq verilişlərində çıxış edən bacarıqlı yeniyetmə, görkəmli kinorejissor Əjdər İbrahimovun quruluş verdiyi “Bir məhəllədən iki nəfər” (1957) filmində debüt rolunu (ayaqyalın uşaq) oynayıb. Peşəkar kollektivlə, tanınmış sənətkarlarla birlikdə çalışması onun hafizəsində silinməz iz buraxır, həyatını sənətə həsr etməsinə səbəb olur. Kinoya böyük sevgi duyan istedad sahibi  tədricən “Azərbaycanfilm”də istehsal olunan ekran əsərlərində kiçikplanlı, epizodik rollarda yaradıcılığını təsdiqləyir, geniş planlı, aparıcı rollara dəvət alır. İstedadı, zəhmətsevərliyi sayəsində çoxsaylı tamaşaçıların sevimlisinə çevrilir, insanpərvərliyinə görə isə həmkarlarının rəğbətini qazanır.

Yaradıcılıq filmoqrafiyasına 100-dən artıq film daxil olan sənətkar kino  fəaliyyətində çəkildiyi, səsləndirdiyi, rejissor kimi quruluş verdiyi və mahnılar ifa etdiyi filmlərə fərdi dəst-xətti ilə baxımlılıq gətirib, uğur qazandırıb. 50-yə yaxın “Mozalan” kinosüjetində xarakterik rollar yaradan aktyor 20-dən artıq filmdə müxtəlif rolları, həmçinin animasiya filmlərində personajları (“Basat və Təpəgöz”də Aruz, “Talada ev”də Siçan) məharətlə səsləndirib. 30 filmdə irili-xırdalı rol oynayıb. Rejissor kimi 4 ekran əsərinə (“Pirverdinin xoruzu” qısametrajlı bədii, “Bəxt üzüyü” komediya, “Yalan” dram-müharibə, “Qovğalı kəndinin gecələri” qısametrajlı bədii televiziya filmləri) quruluş verib. Məlahətli, məxməri səs diapazonuna malik, güclü musiqi duyumu olan aktyor bir neçə filmin (“Cin mikrorayonda”, “Bəxt üzüyü” və s.) mahnılarını obrazlı və baməzə üslubda  səsləndirib.

 

Sənətkar haqqında düşüncələr

 

Tanınmış kino xadimlərinin maraqlı xatirələri Ramiz Əzizbəylinin yaradıcılıq  xüsusiyyətlərini daha geniş şəkildə səciyyələndirir.

Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcov: “Ramizlə 1970-ci ildə kinostudiyaya gələndə tanış olmuşduq və dostlaşmışdıq. Rejissor kimi onu ilk dəfə “Arvadım mənim, uşaqlarım mənim” kinoalmanaxına daxil olan eyniadlı novellada Səfər roluna çəkmişəm. O, təkcə çəkilmirdi, həm də rolla bağlı əlavələrini edirdi. Rola aid replika deyəndə həmin fikrin 3-4 variantını deyirdi. Tərəf-müqabili Kamil Məhərrəmova da öz tövsiyələrini verirdi. Onun özünəməxsus ironik ifası vardı və mən bunu başqa aktyorlarda görmədim. Onunla işləmək çox rahat idi. İşgüzar, işıqlı, pozitiv, aktiv insan idi. Dublyajda da çox çalışırdı. Epizod rollara daha çox dəvət alırdı və çəkilirdi. Hər kəslə mehriban münasibəti vardı. Buna görə də kinostudiyada hamı onu sevirdi. 

Rejissor kimi ikinci filmi olan “Bəxt üzüyü” (1991) tamaşaçılar tərəfindən sevgi ilə qarşılandı. Film o dövr üçün ən çox gəlir gətirən kassa filmi oldu. Maraqlıdır ki, hətta rusdilli izləyicilər də bu filmə maraqla baxır və sevir. O, heç bir filmə çəkilməsəydi, təkcə “Bəxt üzüyü” filmini çəksəydi belə, yenə də adı Azərbaycan kino tarixinə klassik rejissor kimi düşəcəkdi. Çünki “Bəxt üzüyü” filmi əsl milli filmdir. Şair, dramaturq Vaqif Səmədoğlunun ssenarisi və Ramiz Əzizbəylinin fərdi yaradıcılıq üslubu klassik milli filmin ərsəyə gəlməsinə səbəb oldu. Ramiz Əzizbəyli insanların qəlbində iz qoyub getdi”.

Əməkdar incəsənət xadimi, kinorejissor Ziyafət Abbasov: “Ramizlə ailəvi dost, sirdaş idik. Çox istedadlı insan idi. Həmişə onun rolları ilə fəxr etmişəm, əksəriyyətini də bəyənmişəm. Xeyirxah xasiyyəti vardı. Xalq onu çox sevirdi”.

Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov: “Ramiz Əzizbəylini uşaqlıqdan tanıyıram. Amma çəkiliş meydançasında ilk görüşümüz “Şir evdən getdi” filmində olub. O, həmişə peşəkar insan kimi hafizəmdə iz salıb. 2010-cu ildə “Əlavə təsir” filmini çəkəndə ona psixoloq rolunu həvalə etdim. Obrazın öhdəsindən bacarıqla gəldi. Filmin daxili baxışında zalda oturmuşdu. Digər həmkarlarımız kimi bizə dəstək olmaq istəyirdi. Onun özünəməxsusluğu onda idi ki, baxış zamanı sükutu daim pozur, elə hey “sağ ol, Elxan, sağ ol, Nadir, sağ ol, Əli” deyərək bizə dəstək olduğunu sübut edirdi. Çox zarafatcıl, həssas, məsuliyyətli və canı-qanı ilə sənətə bağlı insan idi.

Azərbaycan kinosunu və “Azərbaycanfilm” kinostudiyasını mənə doğma edən insanlar sırasındadır. Ümidim vardı ki, xəstəliyinin sonunda yenə də onun gülər üzünü görəcəyəm.  Əfsuslar olsun ki, bu olmadı. Onu həmişə böyük sevgi hissi ilə xatırlayacağam”.

Əməkdar mədəniyyət işçisi, kinorejissor, aktyor Elman Dadaşoğlu: “Ramiz Əzizbəyli ilə “Bəxt üzüyü” filmində birlikdə (ikinci rejissor kimi) işləyəndə onun istedadının bir daha şahidi oldum. Əvvəla, onu deyim ki, filmin sevilməsinin çox səbəbi var. Vaqif Səmədoğlunun pyesi əsasında çəkilən filmin uğurlu olması gözlənilən idi. İki aya yaxın ssenari üzərində iş davam etdi. Ortaya bitkin bir komediya çıxdı. Filmdə peşəkar aktyorların çəkilməsi ilə yanaşı, Ramizin musiqi, rəssam işinə yaradıcı münasibət bəsləməsi də filmin təsir gücünü artırdı. 

Bildiyimiz kimi, pyesdə hadisələr bir məkanda, bağ evində baş verir. Ramizin özünəməxsus üslub və forma zənginliyi, duzlu-məzəli söhbətləri filmi sıxıcı olmaqdan uzaqlaşdırır. O, bütün vasitələrdən istifadə edərək tamaşaçını darıxdırıcılıqdan qutarır. Bu pyes filmdən əvvəl Sumqayıt Dram Teatrında səhnəyə qoyulmuşdu. Baş rolları  (Söylü, Moşu Göyəzənli) da xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov oynayırdı. Ramiz peşəkarlarla çox işləmirdi. Obrazların kimliyi haqqında onları məlumatlandırır,  aktyorlara sərbəstlik verir, istədiyini ala bilməyəndə isə göstərirdi. Aktyor peşəkarlığı bu məqamda ona çox kömək edirdi. Epizodu elə əlvan çalarla göstərirdi ki, səhnəni hazır görürdün. İmprovizəni çox sevirdi. Aktyor bunu edəndə imtina etmirdi, bir şərtlə ki, süjet xəttindən kənara çıxmasın, bayağılığa yol verməsin, rolun daxili qatlarını açmağa köməklik etsin.

Çəkiliş meydançasında onu səsini qaldıran, əsəbiləşən görmədim. Filmdə dənizkənarı kafedə dostların söhbəti səhnəsi ssenaridə yox idi. Barmağını stola döyəcləyərək söhbət etmək şakəri olan obrazı ifa edən aktyor həvəskar idi. Ramiz onunla məşq edir, istədiyini ala bilmirdi. Həmin kadr 10 dubldan sonra çəkildi.

Filmdə maraqlı kadrlardan biri də Söylünün Moşunun dənizdə batdığını eşidib qaçmasıdır. Havalanmış kimi qaçan Söylü yolda gedən iki nəfəri itələyir. Biri yıxılır, başına daş düşür, digərinin əlindəki içki şüşəsi sınır. Söylünün qaçışının effektliyini artırmaq üçün Ramiz bu mizanı fikirləşmişdi.

Çox zarafatcıl insan idi, amma zarafatının yerini bilirdi. Özünəməxsus lətifə danışmaq bacarığına görə ssenaridə olmayan zarafatları əlavə olaraq çəkə bilirdi. “Bəxt üzüyü”ndə milis işçisinin (Xalq artisti Arif Quliyev) qonşuları milis bölməsinə aparanda faşist paltarında görünmə səhnəsi də filmə əlavəsi idi. 

Gözəl musiqi duyumu, şirin məlahətli səsi vardı. Çox məşğul olsaydı, bəlkə də məşhur müğənni olardı. Bəstəkarla xüsusi həssaslıqla işləyirdi. Mahnıların yazılışının əksəriyyətində yaxından iştirak edirdi. Onun rəssamlıq qabiliyyəti də vardı. Kompozisiyadan tutmuş kadrlardakı xırda detalların düzülüşünə qədər hər bir tərtibata rəssam gözü ilə baxırdı. Çəkiliş meydançası onun üçün hər şey idi. Yorulmadan çalışırdı. Bəzən fəhlənin görməli olduğu işi də özü görürdü. 

“Bəxt üzüyü” filminin finalına yaxın qonşular arasında olan narazılıqdan sonra küsülü münasibət yaranır, daş hasar tikilir. Çəkilişdən bir gün əvvəl hasar tikilməli idi. Həmin gün də filmin direktorunun (Akif Musayev) səhhətində problem yaranmışdı. Usta və fəhlələri o gətirməli idi. Günortaya qədər gözlədik. Məlum oldu ki, fəhlələr hansısa səbəbdən gəlməyəcək. Çəkilişi başqa günə salmaq qərarı verildi. Ramiz bildirdi ki, hasarı özümüz tikəcəyik. İşıqçı Daşdəmir hörgü işini bacarırdı. Ramiz, mən və Daşdəmir həmin bağ evinə yollandıq. Ramiz sementlə qumdan palçıq hazırladı, mən də daşları daşıdım. Daşdəmir isə divarı hördü. Axşama yaxın hasarı hörüb qurtardıq. Bir qədər sonra filmin direktoru gələndə Ramiz ona zarafatla “yəqin külək sənə bitirdiyimizi çatdırıb” deyə gülümsədi. O, əmin idi ki, bu film uğur qazanacaq. Çünki çəkiliş vaxtı bəzi səhnələrə özümüz də gülürdük. Ramiz adi lətifəni elə gülməli danışırdı ki, ona gülməmək mümkün deyildi. İrili-xırdalı epizodları zərgər dəqiqliyi ilə, komik ruhla, baməzə əhvalla işləyirdi. Buna görə də tamaşaçıların sevdiyi bir film ərsəyə gətirdi. 

Onun şairliyi də vardı. Qəzəllər, sərbəst janrda, heca vəzində şeirlər, hətta həcvlər yazırdı. Kiçik yaşlarından televiziya və radio proqramlarında çıxış etdiyindən, sənətlə məşğul olduğundan film dublyajında xüsusi yeri vardı. Elə vaxt olurdu ki, bir filmdə iki-üç rolu səsləndirirdi. Səsini məharətlə dəyişə bilirdi. Geniş anlamda çox istedadlı, zəhmətkeş bir insan idi.  Təəssüf edirəm ki, rejissor kimi az film çəkdi...”.

Şəhla ƏMİRLİ
kinoşünas