AMEA-nın Folklor İnstitutu və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 16-da “Aşıq ədəbiyyatının zirvəsi” adlı onlayn tədbir keçirilib. Tədbir Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə gerçəkləşib.

Tədbirin aparıcısı, Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında məlumat verib.

Daha sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Azərbaycan Aşıqlar Birliyinin sədri, folklorşünas, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayat və digər alimlər çıxış edərək böyük sənətkarın Azərbaycan aşıq sənəti tarixində şərəfli yer  tutduğunu bildiriblər. Qeyd olunub ki, Aşıq Ələsgərin şeirlərində ifa etdiyi ümumbəşəri fikirlər həm də bu ulu mirasın zənginləşməsinə mühüm töhfə olub. Çıxışlarda vurğulanıb ki, Dədə Ələsgər yaradıcılığı həm məzmun, həm də forma rəngarəngliyi ilə Azərbaycan və ümumən Türk dünyası ədəbiyyatının inkişafına təkan verib.