İyulun 17-də Naxçıvan MR Mədəniyyət Nazirliyi və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə görkəmli ədib Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyinin 40 illiyinə həsr olunmuş tədbir keçirilib.

Muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək mütəfəkkir şairin həmişəyaşar yaradıcılığından, Cavid şəxsiyyətinə və irsinə dövlət qayğısından söhbət açıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1981-ci ildə “Hüseyn Cavidin 100 illiyi haqqında” qəbul olunan qərardan sonra böyük şair və dramaturqun Naxçıvan şəhərində bir zamanlar uşaqlıq və gənclik illərini yaşadığı evdə ev-muzeyi yaradılıb, 1984-cü il iyun ayının 9-da açılışı keçirilib. 2015-ci ildə ev-muzeyin yaxınlığında yerləşən Cavidlər nəslinin uyuduğu məzarüstü məqbərə birlikdə “Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi” adlandırılıb. Hazırda mədəniyyət ocağında 10 minə yaxın eksponat saxlanılır.

Daha sonra muxtar respublika Yazıçılar Birliyinin sədri Asim Əliyev, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, dosent Ramiz Qasımov və Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksinin direktoru Tünzalə Dilanovanın çıxışları dinlənilib.

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı aktyorları Cavidin əsərlərindən nümunələri bədii qiraət ediblər. Sonda tədbir iştirakçıları ev-muzeyin ekspozisiyası ilə tanış olublar.