O, İrəvan Azərbaycan Dram Teatrı və Naxçıvan səhnəsində çoxsaylı pyeslərə uğurlu səhnə həlli verən rejissor kimi yadda qalıb. Quruluş verdiyi tamaşalarda həssaslıq tələb edən məqamları böyük ustalıqla təqdim etməyi bacarıb. Əməkdar incəsənət xadimi Baxşı Qələndərlinin sənət yoluna nəzər salırıq...
Baxşı (əsl adı: Baxış) Həsən oğlu Qələndərli 20 iyul 1903-cü ildə Xankəndi şəhərində dünyaya göz açıb. İbtidai məktəbi bitirdikdən sonra Bakıya gəlir və burada orta təhsilini başa vurur. Teatra olan həvəsi 1926-cı ildə onu Bakı Teatr Texnikumuna gətirir. Təhsilini 1930-cu ildə müvəffəqiyyətlə bitirir. O, sevdiyi sənət sahəsində ali təhsil almaq istəyirdi. Ona görə də Leninqrad (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda təhsilini davam etdirir. 1934-cü ildə təhsilini bitirib İrəvan şəhərinə gedir. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor işinə götürülür. İlk gündən işinə məsuliyyətlə yanaşan Baxşı Qələndərli burada bir-birindən maraqlı tamaşalar səhnələşdirir, püxtələşir.
1944-cü ildə İrəvanda Vilyam Şekspirin 380 illiyinə həsr edilən VI Ümumittifaq elmi-tədqiqat konfransı və Şekspir tamaşalarının festivalında onun hazırladığı “Otello” tamaşası birinci yerə layiq görülür. Araşdırmalarda göstərilir ki, münsiflər heyətinin üzvü, professor Mixail Morozov pyesin Azərbaycan dilində mətninin üzərində bu sözləri yazıb: “Mən Şekspir festivalında əsl ləzzəti azərbaycanlıların “Otello” tamaşasından aldım”. Naxçıvan teatrının keçmiş aktyoru, Əməkdar artist Yusif Allahverdiyev Baxşı Qələndərlinin bu barədə söhbətini belə xatırlayır: “Baxşı müəllim deyirdi ki, Morozov hamıya bildirmişdi ki, o, Otellonun Dezdemonanı boğması səhnəsinə baxa bilmir. Hətta bunu Şekspir tərəfindən istifadə olunan vəhşilik kimi dəyərləndirirdi. Çünki tamaşaçının gözü qarşısında insanı boğmaq və öldürmək düzgün deyil. Amma Baxşı müəllim çox orijinal bir üsul tapmışdı. O, sonuncu səhnədə, ölüm yerində baş tərəfi taxta ilə qapalı və ayaq hissəsi tamaşaçıya sarı olan bir çarpayı qoymuşdu. Yəni tamaşaçı yatağında uzanan Dezdemonanı görmürdü. Otello onun yatağına yaxınlaşır və Dezdemonanı boğurdu. Otello ayağa qalxandan sonra isə çarpayıdan heysiz bir qadın əli yana düşürdü. Bu mizan ilk dəfə olaraq belə işləndiyi üçün dəhşətli ölüm səhnəsi birbaşa tamaşaçının gözü qarşısında baş vermirdi. Ona görə də bütün münsiflər heyəti tamaşanı ayaq üstə alqışladılar”.
İrəvanda Azərbaycan teatrının nüfuzunun artmasından narahat olan ermənilər ənənəvi məkrli planlarını həyata keçirməyə başlayırlar. Bu, azərbaycanlı əhalinin indiki Ermənistan ərazisindəki əzəli yurd yerlərindən kütləvi deportasiyasına başlanıldığı 1948-ci ilə təsadüf edirdi. Beləliklə, 1949-cu ildə Azərbaycan teatrı da İrəvandan Göyçə mahalının Basarkeçər rayonuna köçürülür. Qısa müddət sonra isə teatrın fəaliyyəti dayandırılır və onun bazasında xalq teatrı təşkil olunur.
Baxşı Qələndərli 1964-cü ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrına rejissor dəvət edilir. Qısa vaxt ərzində kollektivə uyğunlaşır. Burada maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gəlir. “Müsyö Jordan və dərviş Məstəli şah” (M.F.Axundzadə), “Od gəlini” (C.Cabbarlı), “Mehmanxana sahibəsi” (K.Qoldoni), “Cehizsiz qız” (A.Ostrovski), “Dördüncü” (K.Simonov), “Səadət nəğməsi” (Ə.Yusifli), “Qəmli günlər” (N.Əliyev) və s. tamaşalar onun yaradıcı təxəyyülünün səhnə məhsuluna çevrilir. Rejissor mizanları tamaşaçılar tərəfindən maraqla qarşılanır.
Onun şair-dramaturq Kəmalənin “Məhsəti” pyesi əsasında hazırladığı eyniadlı tamaşa Məhsəti Gəncəviyə həsr edilən ilk səhnə əsəri kimi sənət tariximizə yazılır. Görkəmli teatrşünas Cəfər Cəfərov bu tamaşa haqda mətbuatda dərc etdirdiyi resenziyasında yazır: “Təcrübəli rejissor olan Baxşı Qələndərli tarixi hadisələri təsvir etmək üçün xırda detallardan, bərli-bəzəkli geyimlərdən və parlaq əşyalardan imtina edib. Tamaşa yığcam, cəlbedici rejissor dəst-xəttinin sadəliyi ilə diqqəti çəkir. Burda tərki-dünyalıq və nikbinlik kimi iki dünyagörüşün, fəlsəfi baxışın arasında gedən mübarizə xərabat və məscidlə aydın şəkildə təzahür edir”.
Mənbələrdə qeyd olunur ki, rejissorun həmin vaxt Naxçıvan teatrının baş rəssamı olan Məmməd Qasımovla (1925-1987) birgə yaradıcılıq əməkdaşlığı həmişə uğurlu alınıb. Onların arasında yaş fərqi çox olsa da, sənət zövqləri bir-birini tamamlayıb.
Bir müddət Naxçıvan teatrında baş rejissor da işləyən Baxşı Qələndərlinin artistlərə maraqlı yanaşması olub. O, məşq zamanı onlara irad bildirməz, məşqlərdən sonra aktyora yaxınlaşar və astadan öz irad və qeydlərini deyərmiş. Nəticədə aktyor öz nöqsanını səmimi şəkildə başa düşərdi. Teatrşünaslar onun Naxçıvan teatrında rejissor kimi işlədiyi vaxtda bütöv bir aktyor nəslinin yetişməsində rolunu xüsusi qeyd edirlər. Baxşı Qələndərlinin C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında çəkdiyi zəhmət yüksək qiymətləndirilir. 1974-cü ildə ona “Əməkdar incəsənət xadimi” fəxri adı verilir.
İrəvan Azərbaycan teatrında və Naxçıvan səhnəsində silinməz iz qoyan Baxşı Qələndərli 14 sentyabr 1985-ci ildə, 82 yaşında vəfat edib və İrəvan şəhərində dəfn olunub.
Savalan FƏRƏCOV