“Qızıl palma budağı” Fransada qalıb

 

Ötən il pandemiya səbəbindən təxirə salınan 74-cü Beynəlxalq Kann Film Festivalı təşkilatçılar tərəfindən alınan bir sıra ehtiyat tədbirlər fonunda, nəhayət, gerçəkləşdi.

Avropa və dünya kinosunun nüfuzlu müsabiqəsinin baş mükafatı – “Qızıl palma budağı” Fransada qalıb. Mükafatı fransız rejissor Julia Dukornonun “Titan” filmi qazanıb. Xanım Dukorno festivalın tarixində “Qızıl palma budağı”na layiq görülən ikinci qadın rejissordur. 

Finlandiyalı rejissor Yuxo Kuosmanenin “6 nömrəli kupe” və iranlı rejissor Əsgər Fərhadinin “Qəhrəman” filmləri Qran-pri mükafatına (“Gümüş palma budağı”) layiq görülüb.

Y.Kuosmane filmi rusiyalı kinematoqrafçılarla birgə ərsəyə gətirib. Filmin rusiyalı prodüseri Sergey Selyanov, baş kişi rol ifaçısı Yura Borisovdur.

Leos Karaks “Annett” filminə görə ən yaxşı rejissor seçilib. Festivalın ulduz aktyorlar filmi sayılan “Annett”də tanınmış simalar Adam Drayver və Marion Kotiyyar rol alıb.  Yaponiyalı Rusuke Xamaquti və Takamasa Oe məşhur həmvətənləri Haruka Murakaminin hekayəsi əsasında ekranlaşdırılan “Mənim maşınımın sükanı arxasına keç” filminə görə ən yaxşı ssenarist seçiliblər. 

Fərdi mükafatlar kateqoriyasında amerikalı aktyor Kaleb Lendri Cons (“Nitram”) və Norveç əsilli aktrisa Renat Reinsve (“Dünyada ən pis adam”) təltif olunublar. Festivalın debüt müsabiqəsində xorvatiyalı rejissor Antonet Kusiyanoviç (“Murina”) mükafatlandırılıb. Münsiflər heyətinin mükafatına isə tailandlı rejissor Apitçatponu Virasetakulu (“Yaddaş”) və israilli Nadav Lapid (“Ahedin dizi”) layiq görülüblər.

Festivalın “Xüsusi baxış” müəllif filmləri kateqoriyasında rusiyalı rejissor Kira Kovalenko “Yumruqları açarkən” filminə görə mükafata sahib olub. Ekran əsəri Nalçik şəhərindən olan 31 yaşlı rejissorun karyerasında ikinci tammetrajlı filmidir.

Qeyd edək ki, iyulun 7-dən 16-dək davam edən 74-cü Kann Film Festivalının münsiflər heyətinə amerikalı aktyor Spike Li sədrlik edib.

LALƏ