Könül Nəsibova: “820-dən artıq fondda 120 mindən çox nümunə xüsusi temperatur rejimində saxlanılır”
Ədəbiyyat, mədəniyyət və incəsənət nümunələrimizin saxlanc yeri olan məkanlardan biri də Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxividir. 1966-cı ildə fəaliyyətə başlayan arxiv ilk vaxtlardan öz məqsəd və məramına layiqincə xidmət edib.
Təbii ki, ölkəmizdə ədəbi-mədəni irslə bağlı bu arxiv işinin təşkilində görkəmli alim, repressiya qurbanı Salman Mümtazın (1884–1941) müstəsna yeri var. Elə buna görə də 1996-cı ildə arxivə bu mərhum mətnşünasın adı verilib.
İsti yay günlərinin birində arxivə yollanıb soyuq (qorunan materiallarla bağlı temperaturun tənzimlənməsi bunu tələb edir) fondlarında gəzişdik. Arxivin direktoru Könül Nəsibova ilə müəssisənin fəaliyyəti barədə söhbət etdik. Həmçinin burada qorunan nadir əlyazmalar, qəzet və jurnal nömrələri ilə də tanış olduq.
– Könül xanım, arxivin missiyası nədən ibarətdir?
– Arxivimiz Milli Arxiv İdarəsinin sisteminə daxildir və ona tabedir. Biz milli arxiv fondu haqqında qanuna uyğun olaraq hakimiyyət orqanlarının, ölkənin mədəni, ədəbi, ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən idarə və təşkilatların, eləcə də görkəmli mədəniyyət və incəsənət, elm xadimlərinin sənədlərini toplayır, onların mühafizə və istifadəsini təşkil edirik.
– Bizim üçün də, oxucularımız üçün də maraqlıdır: siz nələri və necə toplayırsınız?
– Arxivdə orijinal əlyazmaları, foto və tərcümeyi-hal sənədlərini toplayır, siyahısını hazırlayırıq. İlkin olaraq onları ekspertizadan keçirib sistemləşdiririk. Hər hansı ədəbiyyat, elm, mədəniyyət xadiminin şəxsi arxivini bağlama şəklində alırıq. Bu zaman həmin materiallar arxiv qaydalarına uyğun olaraq işlənib qruplaşdırılır. Biz ilk olaraq ekspertizadan keçən materialları toplayırıq. Əlyazmaların, foto və digər materialların ilkin, orijinal, nadir nüsxələrini saxlayırıq. Bu, bəzən sadə müqayisədən bəlli olur, bəzən də uzun-uzadı mütəxəssis araşdırmasına ehtiyac duyulur. Hər şəxs və ya onun materialları arxivimiz üçün maraqlı olmaya bilər.
– Sənədlərin qəbul prosesindən danışaq. Bizdə bu istiqamətdə ümumən maarifləndirmə işi zəifdir.
– İllərdir bu sahədə çalışıb, hər dəfə yeni fondlar qəbul etsək də, hər yeni fond, xüsusən çoxdan arzusunda olub, arxivini ala bilmədiyimiz adları görəndə mən də sizin kimi həyəcanlanıram. Çünki ola bilər o görkəmli şəxs və ya ailə üzvləri onun sənədlərinin gələcək nəsillər, tədqiqatçılar üçün nə dərəcədə önəmli olduğunun fərqində olmasın. Bunu o arxivi qəbul edərkən hiss edirik. Elələri var çox səliqəli şəkildə təqdim olunur, bəziləri da dağınıq, səliqəsiz. Bəzən bir fond üzərində günlərlə işləyib səliqəyə salırıq.
– Arxiv fonduna kimlər və hansı nümunələr düşür? Təqdim olunan və sizin meyarlara uyğun olmayan nümunələrin geri qaytarılması necə olur? Hansısa aidiyyəti muzey və fondlara göndərirsiniz?
– Arxiv fondu haqqında mövcud qanuna əsasən, buraya yalnız hər hansı dövlət orqanı tərəfindən təltif olunan şəxslər, yəni kino, teatr, musiqi, incəsənət, elm, ədəbiyyat sahəsində fəxri adları olan şəxslər düşə bilərlər. Bizim müəyyən olunmuş siyahımız var və yalnız o nümunələri qəbul edirik. Qalan nə varsa – bu foto, video, rəsm əsəri, kitab və bu kimi materiallar da ola bilər ki, onları da müvafiq qurumlara yönəldirik.
Bu barədə arxivi təqdim edən şəxslərə də əvvəlcədən məlumat veririk. Bəzən, sadəcə, bizə təqdim edəcəklərini deyirlər və götürməyəndə də yenidən evlərinə aparırlar.
– Siz daha çox nələri qəbul edirsiniz? Onların əhəmiyyətlilik dərəcəsi hansı meyarla təyin edilir?
– Biz əlyazmaları, cızma-qaraları, məqalələri, məktubları və s. qəbul edirik. Arxiv qaydalarına uyğun olaraq elmi əhəmiyyət kəsb edib-etmədiyini, gələcəkdə tədqiqat obyekti olub-olmayacağını təyin edib seçirik. Fond içərisində fondlar da yığıla bilir.
– Bir neçə il əvvəl sosial şəbəkələrdə görkəmli şairlərimizdən birinin əlyazma və şəxsi arxivinin tullantı yerlərinə atılması ilə bağlı fotolar yayılmışdı. Bu fakt göstərir ki, bəzən o şəxslərin ailə üzvləri əzizləri dünyadan köçdükdən sonra arxivlərinin taleyinə biganə yanaşırlar. Bu sahədə maarifləndirmə işi aparırsınızmı?
– Bəli, siz deyən və başqa bir neçə fakt eşitmişik. Buna görə təəssüflənmişik. Laqeydlikdən başqa, bizi ağrıdan digər məqam da arxivə təqdim olunacaq materialların evlərdə itib-batması, şəraitsiz otaq və uyğun olmayan dolablarda, zirzəmilərdə, qarajlarda saxlanılıb yararsız hala salınmasıdır. Bu barədə sizə saysız ürək ağrıdan fakt da deyərəm. Təcrübəmdə valideyninin, yaxud hər hansı ailə üzvünün arxivi müəyyən pul müqabilində fonda verə biləcəyini deyənlər də görmüşəm. Təbii ki, biz hər kəsin qərar və fikrinə hörmətlə yanaşırıq. Amma onu da qeyd edim ki, arxiv fondu xalqın milli-mənəvi dəyəridir və orada arxivi olmaq heç də hər kəsə nəsib olmur. Amma bizimlə illərlə əməkdaşlıq edən və arxiv işinin önəmini anlayan insanlar da çoxdur.
– Yaradıcı şəxslərlə, onların ailə üzvləri ilə işbirliyiniz həmişə uğurlu alınırmı? İnsanları əmanət etdikləri materialların etibarlı qorunacağına inandıra bilirsinizmi?
– Xalq yazıçısı və şairlərinin, demək olar ki, əksəriyyətinin fondu bizdədir. Çoxu da hələ sağ ikən təqdim edib. Biz o fondların zənginləşməsi və yeni nümunələrin təqdimatı üçün ailə üzvlərinə zəng edirik, saxlanma və mühafizə şəraitindən o nümunələrə olan ehtiyacadək bəzən bir şəxslə günlərlə, aylarla söhbət aparırıq.
– Necə düşünürsünüz, arxiv mədəniyyət və incəsənətimizi yetərincə əhatə edə bilirmi? Məlumdur ki, fəxri adı olmayan, lakin mədəniyyət sahəsində mühüm xidmətləri olmuş sənət adamları da var. Onların tədqiqat, gələcək üçün vacib hesab olunacaq materialları harada toplanır?
– Sualınızın birinci hissəsi ilə bağlı deyim ki, bəli, demək olar ki, əhatə edir. Vaxtilə bu arxivi yaradanlar və ona maraq göstərənlər yaxşı ənənələr qoyublar və biz də onu davam etdirməyə çalışırıq. Hazırda 120 mindən çox saxlama vahidimiz, 820-dən artıq fondumuz var.
Sualınızın ikinci hissəsi ilə maraqlı məqama toxundunuz. Elə insanlar var ki, onların heç bir fəxri adı yoxdur, amma dövlət üçün, sənət üçün xidmətləri, yaradıcılıq işləri var. Biz bu istisnaları nəzərə alırıq və onları da qəbul edirik. Düzdür, əvvəllər belə bir meyar yox idi. Amma yeni qaydalara uyğun olaraq əhəmiyyət kəsb edən sənədləri qəbul edir və ümumi toplulardan (ədəbiyyat, incəsənət, fotoşəkillər və s.) birinə daxil edirik. Zaman-zaman fondlarda yerdəyişmələr, sıxlaşdırmalar edirik. Çalışırıq ki, mühafizə şəraitimizin imkanları daxilində daha çox nümunə toplayıb və qoruyaq.
– Fonda daxil edilən ilk sənəd hansı təşkilat və ya şəxsin adı ilə bağlıdır?
– Bir nömrəli fond görkəmli alim və yazıçı Mir Cəlal Paşayevindir. Ona müraciət edərkən sənədlərini düşünmədən təqdim edib. Tanış olarkən özünüz də gördünüz ki, o həm özü, həm də arxivində saxladığı digər ədəbiyyat, mədəniyyət, elm xadimlərinin əlyazmalarına, məqalələrinə, fotolarına, məktublarına necə səliqə ilə yanaşıb, qoruyub saxlayıb.
– Arxiv hansı dövrləri əhatə edir və sadə vətəndaşlar ondan necə istifadə edə bilərlər? Saxlama vahidlərinin elektron kataloqu varmı?
– Arxiv fondu XIX əsrin sonundan bu günümüzə qədər olan dövrü əhatə edir. Hazırda bizdə siyahıların elektronlaşdırılması işi davam edir. Bu yaxınlarda elektron siyahılar sistemə oturdulacaq. Amma sənədlərin elektronlaşdırılması uzun vaxt apara bilər.
– Arxivdən istifadə qaydaları necədir?
– Bizə istər təşkilatlar, istərsə də fərdi şəxslər rəsmi qaydada məktub əsasında müraciət edirlər.
– Bir qədər öncə əməkdaşlarınızın iş prosesi ilə tanış olarkən qovluqların üzərində “Mehdi Hüseyn” yazısını oxudum. Onun fondu indi yığılır?
– Təəssüf ki, bəli, indi yığılır. Çox çətinliklə buna nail olduq. Akademik Teymur Bünyadovun sayəsində bu fond yaranır. Əlimizdə, sadəcə, onda olan arxiv var. Hələ də oğlu özündə olan sənədləri təqdim etmək istəmir, bizimlə əməkdaşlıqdan imtina edir. Bu problem bununla bitmir. Hələ də görkəmli bəstəkarlarımız Qara Qarayevin, Fikrət Əmirovun sənədləri arxivimizdə yoxdur və tədqiqatçılar onlarla bağlı çoxsaylı müraciətlər edirlər. Son olaraq Arif Məlikovu qeyd etməliyəm. Görkəmli bəstəkarımızla hələ sağlığında sənədlərini, not yazılarını arxivə təqdim edəcəyi ilə bağlı razılığa gəlsək də, əfsus ki, dünyasını dəyişdi. Ailə üzvləri isə hələ ki, müsbət cavab vermirlər. Hazırda Xalq şairləri Nəriman Həsənzadə və Zəlimxan Yaqubun sənədlərini toplamaqla məşğuluq.
Bu məqamda “Mədəniyyət” qəzeti vasitəsilə ədəbiyyat, mədəniyyət və elm xadimlərimizə müraciət edərək deyirəm, vaxtında arxivlərini bizə təqdim etsinlər ki, onların irsi uzun illər yaşamış olsun. Bu günlərdə bir mədəniyyət xadiminə arxivini təqdim etməklə bağlı müraciət edərkən “Mənim hələ ölmək fikrim yoxdur” kimi cavab eşitdim. Əzizlərim, hər kəs bilməlidir ki, bura təkcə ölülərin deyil, dirilərin də arxividir.
– Muzeylərlə necə, əlaqələriniz varmı? Yəqin daha çox mənzil-muzeylərlə əməkdaşlıq edirsiniz...
– Bəli, birgə sərgilər təşkil edirik, müraciətlərə daim müsbət cavab veririk. Amma, təəssüf ki, muzeylər, xüsusən mənzil-muzeylər özlərinə aid olmayan materialları da saxlamağa çalışırlar. Bu, doğru deyil. Yeri gəlmişkən, bir narazılığımı da dilə gətirmək istəyirəm. Respublikada arxiv fondu yalnız təyinatı üzrə müvafiq quruma həvalə olunub və orada toplanır. Belə olduğu halda niyə ayrı-ayrı təşkilatlar şəxsi əlyazmaları, şəxsi arxivləri qəbul edirlər? Hərçənd onların əsasnaməsində bu məqam yoxdur. Əlyazmaların, sənədlərin saxlanma yeri buradır. Kino və foto lentləri qorumalı olan təşkilatın yazı, əlyazma arxivini saxlaması mənasızdır.
– Bayaqdan saxlama vahidləri arasında gəzirik, saysız adlar göz önündən keçir. Oxucular üçün maraqlı ola biləcək hansı şəxs və nümunələrin adlarını çəkə bilərsiniz?
– “Molla Nəsrəddin” jurnalının ilk nüsxəsi məhz bizdə saxlanılır. Ümumiyyətlə, xüsusilə əhəmiyyətli materialların saxlanıldığı 11 mühafizə yerimiz var. Ədəbiyyatşünas Əziz Şərifin fondu zənginliyi baxımından xüsusilə seçilir. Bilirsiniz ki, o, Moskvada yaşayıb-yaradıb. Özü sağlığında bütün şəxsi arxivini bura təqdim edib. Zəngin fondlarımızdan biri də Xalq şairi Mirvarid Dilbaziyə aiddir. Onun da bütün əlyazmaları arxivimizdədir. Eləcə də Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Əliağa Vahid, Cəlil Məmmədquluzadənin əlyazmaları tədqiqatçılar üçün maraq doğurur.
Gördüyünüz kimi, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz üçün xidmətləri olan şəxslərin külliyyatı necə yüksək səviyyədə mühafizə olunaraq bizdən sonrakı nəsillərə miras kimi ötürülür. Arzu edirəm ki, mədəniyyət, ədəbiyyat xadimlərimiz bu arxivin həqiqi əhəmiyyətini anlasınlar və zamanında bizimlə əməkdaşlıq etsinlər.
Söhbətləşdi: Həmidə NİZAMİQIZI