Dünya şöhrətli SONY leyblı Avropanın tanınmış musiqi kollektivlərindən olan Liepaya Simfonik Orkestrinin (LSO) ifasında Azərbaycan simfonik musiqisinin incilərindən ibarət disk buraxacaq.
Azərbaycan klassik musiqisinə önəmli töhfə olan disk tanınmış dirijor, Xalq artisti Yalçın Adıgözəlovun idarəsi ilə orkestrin ifasında yazılıb. Diskdə Niyazinin “Rast”, Vasif Adıgözəlovun “Segah” simfonik muğamları, V.Adıgözəlovun və T.Elçinin “Qarabağ şikəstəsi” oratoriyası yer alıb. Diskin üz qabığının tərtibatı Azərbaycanın məşhur rəssamı Toğrul Nərimanbəyovun əsəri əsasında hazırlanıb. Diskdəki əsərlərin digər ifaçıları xanəndə Mənsum İbrahimov, tarzən Elçin Həşimov və kamançaçı Elnur Əhmədovdur (“Qarabağ” triosu).
Azərbaycan simfonik xəzinəsi incilərinin dünya səviyyəli səsyazma şirkəti tərəfindən disk şəklində buraxılması mədəniyyətimiz adına əlamətdar hadisədir.