Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün canından keçən qəhrəman Vətən oğulları – şəhidlərimiz, hər birimizin baş tacı, göz nurudur. Bu gün dövlət qurumları, ictimai təşkilatlar Vətən müharibəsi şəhidlərinin xatirəsini yaşatmaqla yanaşı, onların yadigarlarını da diqqət və qayğı ilə əhatə etməyə çalışır. Belə nəcib təşəbbüslərdən biri şəhid övladları üçün təşkil olunmuş “Qaliblər” düşərgəsi idi.

13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş və 68 şəhid ailəsindən 76 uşağın iştirak etdiyi düşərgə “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin (DMX) təşkilati dəstəyi ilə təşkil edilmişdi. Layihəyə bir sıra dövlət qurumları, o cümlədən Mədəniyyət Nazirliyi dəstək vermişdi.

Şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini maraqlı və yaddaqalan etmək məramlı düşərgə proqramının günlərindən biri də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə keçdi.

Bu il 90 illik yubileyini qeyd edən teatrın bir qrup əməkdaşı düşərgə iştirakçılarına repertuardakı ən baxımlı və maraqlı səhnə nümunələrindən olan “Qoğal” tamaşası ilə qonaq getmişdi.

Düşərgənin həyətində qurulan səyyar səhnədə kukla teatrı, kuklalar, butaforlar və bu kimi səhnə, teatr elementləri ilə tanış olan uşaqlara sənət ocağının zəngin yaradıcılıq yolu haqqında da məlumat verildi. Onlara kuklaların, rekvizitlərin hazırlanma prosesi, ümumən bir kukla tamaşasının hansı proseslərdən keçərək ərsəyə gəlməsi, səhnəyə çıxması barədə danışıldı. Uşaqların kuklaçılara ünvanladıqları çoxsaylı suallar cavablandırıldı.

Sonra tamaşaçıların alqışları ilə “Qoğal”ın düşərgə macəralarıbaşlandı. Uşaqların böyük maraqla baxdıqları tamaşanın quruluş müəllifi rusiyalı məşhur rejissor Eduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur. Rus xalq nağılı əsasında tamaşa daha əvvəl də teatrda səhnəyə qoyulsa da, dəvətli rejissor bu dəfə “Qoğal”a fərqli yozum verib, onu yeni, musiqi ilə zəngin bir formada, mətnlə yükləmədən təqdim edib.

Fərqli səhnə tərtibatı və oynaq musiqi həlli verilən tamaşa uşaqların marağına səbəb oldu. Sürətlə dəyişən səhnələr, rəngarəng personajlar, gülüş yaradan dialoqlar alqışlarla qarşılandı.

Canlı tamaşa, səhnədən izləyici ilə ünsiyyət üçün darıxan kuklaçılar da ən az uşaqlar qədər həyəcanlı idilər. Sevincləri gözlərindən  oxunan aktyorlar – Elnur Abbasquliyev, Səriyyə Mansurova,  Sona Quliyeva, Elgün Həmidov, Aygül Ağayeva – tamaşaçılarını əyləndirmək, bir neçə dəqiqəlik də olsa, sirli teatr, nağıl dünyasına aparmaq üçün əllərindən gələni etdilər. Nəticə də istədikləri kimi alındı. Ayaq üstə alqışlanıb, məsum uşaq sevgisi ilə əhatə olundular.

HƏMİDƏ