Avqustun 3-də Rusiya Böyük Teatrının səhnəsində Başqırdıstan Dövlət Opera və Balet Teatrının yeni tamaşası oynanılacaq. Başqırdıstan Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, Jül Massnenin “Don Kixot” operası tanınmış opera müğənnisi, Rusiyanın Əməkdar artisti Askar Abdrazakovun quruluşunda nümayiş olunacaq. Bu, son il yarım ərzində başqırd opera sənətçilərinin Böyük Teatrın tarixi səhnəsində ikinci çıxışı olacaq.

Xatırladaq ki, ötən ilin martında Başqırdıstan Dövlət Opera və Balet Teatrı Moskva qastrolu zamanı “Atilla” tamaşasını Böyük Teatrda oynamışdı.

Qeyd etmək lazımdır ki, “Don Kixot” operası Rusiyada cəmi iki teatrın repertuarındadır. Son zamanlaradək bas səslə oxuyan Don Kixotu yalnız Mariinski Teatrında görmək olardı, indisə onun başqırd “oxşar”ı meydana çıxıb.

Maraqlıdır ki, bəstəkar Massne operanın əsas – Don Kixot  partiyasını sənətdə ilk addımlarını məhz Ufada atmış dünya şöhrətli vokalçı Fyodor Şalyapin üçün yazıb.

Operanın doğma səhnədə premyerası bu ilin may ayında baş tutub və həm klassik musiqi həvəskarları, həm də tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb.

GÜLCAHAN