Xəbər verdiyimiz kimi, Qarabağ Dirçəliş Fondu otuz ilə yaxın davam edən erməni işğalı nəticəsində xalqımızın maddi mədəni irsinə, təbii sərvətlərinə dəyən zərərə həsr olunmuş “Karabakh. Center” layihəsini ərsəyə gətirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihə Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədi daşıyır.
İyulun 27-də “Karabakh. Center” layihəsində yer alan fotoşəkillərdən ibarət sərgi açılıb. Mərasimdə Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev qurumun yaradılması, məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, “Karabakh. Center” internet resursunda 10 mindən çox foto və videogörüntü toplanıb. Fotoşəkillər və videolar saytın “Urbisid” bölməsində yerləşdirilib. Bölmədə həmçinin Qarabağdakı memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş fotoşəkilləri ilə tanış olmaq mümkündür.
Portalda tarixçilər, tədqiqatçılar və jurnalistlərin münaqişə və Ermənistanın işğalçılıq fəaliyyəti haqqında Azərbaycan və rus dillərində məqalələri də yerləşdirilib. “Məqsədimiz bu materialları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Buna görə də onun sosial şəbəkələrdə geniş təbliğinə başlamışıq. Bu layihəni təqdim etməklə həmvətənlərimizin səylərini Qarabağın bərpasına səfərbər edəcəyik”, – deyə Rəhman Hacıyev vurğulayıb.
O, internet resursunun yaradılmasının təşəbbüskarı olan Mehriban xanım Əliyevaya göstərdiyi etimada, fəal dəstəyə görə Fondun Müşahidə Şurasının üzvlərinə minnətdarlığını bildirib. Həmçinin işğaldan azad edilmiş ərazilərdə çəkilmiş foto və videoların böyük bazasına çıxışı təmin edən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə (AzTV) təşəkkür edib.
Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondu Müşahidə Şurasının üzvü Fatma Yıldırım, Qarabağ Dirçəliş Fondu Fandreyzinq və kommunikasiya şöbəsinin rəhbəri Aybəniz İsmayılova “Karabakh. Center” portalının və təqdim olunan sərginin əhəmiyyətindən bəhs ediblər. Aybəniz İsmayılova keçmişi unutmamaqla gözəl gələcək qurmaq üçün hər bir azərbaycanlını səfərbər olmağa çağırıb.
Qarabağ Dirçəliş Fondunun PR və kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova bu mühüm vəzifədə Fonda dəstək olmaq, bərpa və quruculuq prosesinin iştirakçısına çevrilmək istəyən şəxslər üçün “İanə et” funksiyasının əlavə olunduğu platformalar haqqında məlumat verib.
Tədbirdə dağıdılmış binaları, yerlə yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film və saytın təqdimat videosu da nümayiş olunub.