Sərgidə dünyanın 16 ölkəsindən 115-dən çox şirkət bir araya gəlib
Noyabrın 23-də Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı - «BakuTel-2010» işə başlayıb. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
Britaniyanın İTE Group PLC şirkəti və onun Qafqazdakı tərəfdaşı “İteca Caspian LLC” şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən son yeniliklər, avadanlıqlar, Azərbaycanda və dünyada tətbiq olunan xidmətlər nümayiş etdirilir.
“BakuTel-2010” sərgisində Azərbaycan, ABŞ, Çin, İsrail, Litva, Malayziya, Türkiyə və digər ölkələr də daxil olmaqla, ümumilikdə 16 ölkəni təmsil edən 115 şirkət iştirak edir. Bu il sərginin sahəsi 30% artıb, 24 şirkət isə bu il sərgiyə ilk dəfə qoşulub. Noyabrın 26-dək davam edəcək sərgidə ziyarətçilərə telekommunikasiya və şəbəkələr, kabel və simsiz rabitə, peyk texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyası və xidmətlər təqdim ediləcək. Sərgi təşkilatçılarının məlumatlarına görə, burada ziyarətçiləri yeni orijinal stendlərdə sürprizlər və uduşlu oyunlar da gözləyir.
Sərgi ilə paralel noyabrın 24-də Bakıda «İKT və iqlim dəyişiklikləri» mövzusunda konfransın keçirilməsi nəzərdə tutulur. Sərgi iştirakçılarının 40%-ni xarici, 60%-ni isə yerli şirkətlər təşkil edir.
Fəxriyyə Abdullayeva