Noyabrın 22-də İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mario Baldi Azərbaycan Turizm İnstitutunun qonağı olub. 
   
   ATİ-nin rektoru Cəfər Cəfərov qonağa rəhbərlik etdiyi ali məktəb haqda ətraflı məlumat verərək institutun yeni müstəqillik qazanmış ölkələrin Avropa təhsil məkanına cəlb edilməsi istiqamətində həyata keçirilən Erasmus-Mundos Xarici Əməkdaşlıq Pəncərəsi Proqramının qalibi olduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, hazırda bu proqram çərçivəsində Yunanıstan, Bolqarıstan, İtaliya, Portuqaliya, Hollandiya və Cənubi Qafqaz ölkələrinin universitetləri ilə müəllim və tələbə mübadiləsi həyata keçirilir.
   Bundan əlavə, Şimali Kiprin Girne Amerika Universiteti və Doğu Akdeniz Universiteti, Almaniyanın Oldenburq Tətbiqi Elmlər Universiteti ilə əməkdaşlıq memorandumunun imzalandığı haqda da səfirə ətraflı məlumat verib. Bugünlərdə Almaniyanın Yade Universiteti ilə ikili diplom haqqında razılaşmanın əldə edildiyini qonağın diqqətinə çatdıran rektor ali təhsil müəssisələri ilə yanaşı, bir sıra irimiqyaslı qurumlarla da ATİ-nin çoxsaylı əlaqələrinin olduğunu deyib.
   Sonra səfir Mario Baldi tələbələrlə görüşərək onların turizm, təhsil və digər sahələrdə olan suallarını cavablandırıb. Azərbaycanın demək olar ki, bütün regionlarında olduğunu vurğulayan Mario Baldi ölkəmizin geniş turizm potensialının olduğunu bildirib və qeyd edib ki, müasir turizm bazarında hər bir ölkə bir və ya ən çoxu bir neçə keyfiyyəti ilə diqqət cəlb edir ki, bu sahədə də Azərbaycan tarixi-mədəni irsi, kulinariyası ilə öz imkanlarından yararlana bilər.